Azərbaycan “Birinci kanal”dakı verilişlə bağlı Rusiyaya nota verdi

Rusiya-Azərbaycan. Foto: GoodIdeas/shutterstock

Rauf Mirqədirov: “Rusiya-Ukrayna savaşında hazırda gərginlik artdığından Azərbaycana qarşı təhdidlər də çoxalır”

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib. Səbəb 2022-ci ilin 20-21 oktyabr tarixlərində Rusiyanın “Birinci Kanal”ında yayımlanan “Böyük oyun” verilişində Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi göstərilib.

Azərbaycanın Rusiyadakı səfriliyinin saytında dərc olunan notada vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.

Səfirlik nazirliyin diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiyanın Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu rəsmi mövqeyə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir.

Azərbaycanın Rusiyadakı səfirliyi. Foto: Trend.az

Sənəddə qeyd olunub ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola biləcək və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür.

“Tok-şounun aparıcısı və bu “tamaşa”nın birbaşa iştirakçılarından biri “Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonovdur. Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir, eləcə də ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir”,-deyə səfirlik qeyd edib.

Səfirlik 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarını xatırladaraq bildirib ki, münasibətlərə xələl gətirən hər hansı hərəkətlərdən və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdən çəkinməyə çağırış əks olunmaqla, separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi Rusiyadan bu ölkənin KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

Oktyabrın 23-də Azərbaycan Televiziyasının “Həftə” proqramında Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı reportajında şimal ölkəni işğalçı adlandırması sosial şəbəkələrdə sensasiya və gözlənilməz hadisə kimi qarşılanıb.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Sadaladıqlarımızı Rusiya-Azərbaycan müstəvisində Meydan TV-yə şərh edən politoloq Rauf Mirqədirov Moskvanın Bakıya təsir imkanlarının hazırda kifayət qədər məhdud olduğu qənaətindədir:

“Bu da Azərbaycan hökumətinə manevr etmək imkanları verir. Ən azı ona görə ki, Rusiya-Türkiyə münasibətləri Kreml üçün kifayət qədər ciddi əhəmiyyət kəsb edir. İndi heç kimin Rusiya ilə birbaşa danışmaq arzusunda olmadığını nəzərə alsaq, bu vəziyyətdə Rusiyanın Türkiyə ərazisindən istifadə etdiyini kənara qoymaq olmaz. Yəni Rusiya Türkiyə ilə münasibətlərini saxlamaq naminə birbaşa Azərbaycana təzyiq göstərmək imkanına malik deyil. Bu, Ukrayna məsələsi deyil ki, Türkiyə öz bitərəfliyini qorumaqla müəyyən qədər xal qazansın, həm də Rusiya prezidenti üçün bir qədər pozitiv imic yaratmağa çalışsın. Belə bir şəraitdə Azərbaycan Rusiyaya qarşı müəyyən demarşlar etmək imkanına malikdir”.

Ancaq Rauf Mirqədirov mövcud vəziyyətin kökünün bir qədər fərqli olduğunu düşünür. Onun fikrincə, Rusiya müttəfiqlərindən Ukrayna məsələsində aydın mövqe nümayiş etdirməyi tələb edir:

“Rəsmi Bakı üçün belə mövqeyin nümayişi Azərbaycanın maraqlarına heç bir şəkildə cavab vermir. Rusiya-Ukrayna savaşında hazırda gərginlik artdığından Azərbaycana qarşı təhdidlər də çoxalır. Çünki Rusiya Xəzərdəki donanması vasitəsilə Ukraynanı atəş altında saxlayır”.

Ana səhifəSiyasətAzərbaycan “Birinci kanal”dakı verilişlə bağlı Rusiyaya nota verdi