Onlar inzibati qaydada 10 gün həbs ediliblər
Avqustun 28-də üç erməni futbolçusunun – Alen Sarkisyan, Levon Qriqoryan və Vaqe Ovsepyanın “Laçın” sərhəd keçid məntəqəsində saxlanıldığı bildirilir.
Bu barədə məlumatı Azərbaycan ərazisindəki tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (erməni tərəf Artsax adlandırır) Ombudsmanı Qeqam Stepanyan “Facebook” səhifəsində yazıb.
Qeqam Stepanyan sosial şəbəkədəki paylaşımında bildirir ki, bu gün Rusiya sülhməramlılarının müşayiəti ilə 170 nəfər mülki vətəndaş Qarabağdan Ermənistana keçirilib.
Onun sözlərinə görə, hər üç şəxs sərhəd-keçid məntəqəsindən keçməyiblər.
Onlarla əlaqə yaratmaq mümkün olmayıb.
“Əslində, istər Beynəlxalq Qızıl Xaç Komitəsinin, istərsə də Rusiya sülhməramlılarının beynəlxalq hüquqi və siyasi təminatları, Artsax xalqının hüquqlarını qorumaq, o cümlədən onların azad və təhlükəsiz hərəkətini təmin etmək üçün kifayət deyil. Təminat olmadan mülki şəxslərin daşınması dayandırılmalıdır”, – Qeqam Stepanyan qeyd edib.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumatı təsdiqləyib.
Bildirilib ki, erməni futbolçularının Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi açılıb.
İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Bildirilir ki, aparılan cinayət işi üzrə Ermənistan vətəndaşları – 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib:
“Lakin olduqları yer istintaqa məlum olmadığına görə barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
“Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb”, – deyə prokurorluq bildirib.
Prokurorluq qeyd edib ki, müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildiriblər:
“Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib”.
“Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi)- maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub”, – rəsmi açıqlamada vurğulanır.
Prokurorluq qeyd edib ki, inzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq.