”Azərbaycan 10 ildə geriləyən ölkələr sırasındadır”

Freedom House” hesabatını açıqladı

Source:
Bakı
Bakı


Freedom House” hesabatını açıqladı

“Dünyada Azadlıq – 2017” adlı hesabatını açıqlayan “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı 2016-cı ildə demokratik ölkələrdə populistlərin və millətçilərin xeyli irəlilədiyini, avtoritar rejimlərin isə “abırsızcasına aqressivləşdiyi”ni vurğulayır.

Azadlıq Radiosunun məlumatına görə, təşkilat 195 ölkədə siyasi hüquqlar və vətəndaş azadlığını qiymətləndirib. Onların 87-si azad, 59-u qismən azad, 49-u azad olmayan ölkə hesab olunub.

Azərbaycan bu dəfə də azad olmayanların, həm də son 10 ildə geriləyən ölkələrin sırasındadır.

Bundan başqa, “Freedom House” ötən ilin sentyabrında keçirilən referendumu “ciddi nəzarətlə keçirilən referendum” adlandırıb:

“Demokratiyanın zəif olduğu bəzi başqa ölkələrdəki kimi, Azərbaycanda da prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər etməklə öz hakimiyyətini gücləndirdiyi, referendumun ciddi nəzarət altında keçirildiyi və seçicilərin 90%-nin dəyişikliklərə səs verdiyi deyilir”.

“Azərbaycan azadlığın inkişafı baxımından durumun ən pis olduğu Suriyadan 20 pillə irəlidə, Kuba, Çin və İrandan öndədir. Qafqaz qonşuları da Azərbaycandan irəlidədir. Gürcüstan da, Ermənistan da “qismən azad” ölkə kimi dəyərləndirilib. Türkiyədə də ciddi geriləmə müşahidə olunub və Türkiyə, həmçinin Rusiya və İran da azad olmayan ölkələr siyahısındadır”,-deyə hesabatda qeyd olunub.

Sənədin “Hakimiyyətdəkilər gələcəyə hazırlaşırlar” bölməsində isə Avrasiya ölkələrinin iki qismə ayrıldığı bildirilir. Ukrayna, Gürcüstan və Moldovanın demokratik irəliləyişə nail olmağa çalışdıqları, şərqdə isə bəzi liderlərin iqtisadi və siyasi sabitsizliyə hazır olmaqdan ötrü hakimiyyətlərini gücləndirdiyi vurğulanır:

“Neftin ucuzlaşmasından narahat olan Azərbaycan liderləri də gələcək hakimiyyətlərinin möhkəmliyini bərpa etmək məqsədilə referendum keçirib”.

Azərbaycan rəsmiləri hesabat barədə münasibət bildirməyiblər.

Prezident İlham Əliyev ötən ilin noyabrında “Freedom House”u qərəzdə, “ermənipərəst mövqe” sərgiləməkdə suçlamışdı.

Ana səhifəXəbərlər”Azərbaycan 10 ildə geriləyən ölkələr sırasındadır”