AZAL

Mənbə: Foto: arxiv

Başlıq: AZAL

"AZAL ziyanla işləyirsə, bu, ciddi korrupsiya sxemlərindən xəbər verir”

Audit rəyi AZAl-ın ili ziyanla başa vurduğunu göstərir

“Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Aviasiya Şirkəti 2017-ci ildə təsərrüfat fəaliyyətindən 41 mln. 568 min manat zərərə düşüb. Bu barədə aviasiya şirkətinin maliyyə hesabatında deyilir, hesabata audit rəyini 2020-ci ilin yanvarın 17-də “Deloitte And Touche” şirkəti verib.

Maliyyə hesabatına görə, bu, 2016-cı ilə nisbətən 83,7 faiz azdır.

Bununla belə, qurumun yığılmış zərəri 3 faiz də artaraq, 1 milyard 433 milyon 579 min manata çatıb.

2017-ci ildə AZAL-ın əməliyyat gəlirləri 879 milyon 904 min manat (2016-cı illə müqayisədə 27,9 faiz çox), əməliyyat xərcləri 883 milyon 184 min manat (25,05 faiz çox), maliyyə xərcləri 91 milyon 636 min manat (33,2 faiz çox), valyuta məzənnələrinin dəyişməsindən gəlirləri isə 53 milyon 348 min manat (2016-cı ildə zərər olub) təşkil edib.

2018-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 2 milyard 129 milyon 27 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 faiz azdır. Bunun 1 milyard 864 milyon 432 min manatı əmlak və avadanlıqlardır. Bu isə illik müqayisədə 1,4 faiz çoxdur.

Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,4 faiz artaraq, 2 milyard 634 milyon 27 min manata, balans kapitalının çatışmazlığı isə 2,7 dəfə artaraq 505 milyon manata çatıb.

ReAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyi ki, dövlət şirkətləri, dövlətin nəzarətində olan şirkətlər, o cümlədən AZAL və onun kimi bir sıra şirkətlərin böyük əksəriyyəti ziyanla işləyir.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Meydan TV

“Bu ziyanla işləməyin əsas səbəbi dövlətindirsə, heç kimindir prinsipidir. Satınalmalar şəffaf deyil, korrupsiya mexanizmləri var və xərcləri həddindən arıq şişirdilər”.

Natiq Cəfərli deyir ki, AZAL inhisarçı şirkət olmasına baxmayaraq, həm də dövlət büdcəsindən yardımlar alır. Dövlətin hesabına təyyarəlır alır:

“Dövlətə olan vergi borcları tez-tez silinir. Bütün bu güzəştlərə baxmayaraq, AZAL hələ də ziyanla işləyirsə, deməli, onun idarəetməsində, menecementində ciddi problemlər var. Bu, həm də ciddi korrupsiya sxemlərinin olmasından xəbər verir. Eyni zamanda, satınalmalar, xərclər şişirdilir. Nəticədə də AZAL kimi inhisarçı bir şirkətin ziyanla işlədiyi üzə çıxır. Əslində dövlət biznesdə ən pis menecerdir. Bu, bir daha da AZAL-ın timsalında özünü tam olaraq doğruldur”.

AZAL 1992-ci ildə yaradılıb. Ölkənin milli aviadaşıyıcısıdır. Səhmləri 100 faiz dövlətə məxsus aviaşirkətin nizamnamə kapitalı 823 milyon 974 min manatdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/adx11n

Ən çox baxılan