AZAL Fransadan sonra ABŞ-dan 8 təyyarə sifariş edib

Foto: AZAL

“Bu gedişlə Bakıdan Bakıya təyyarə ilə getməli olacağıq”

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 8 ədəd “Boeing 787 Dreamliner” tipli hava gəmisi sifariş verdiyini açıqlayıb.

AZAL 2030-cu ilədək aviaşirkətin parkında yalnız 2 növ hava gəmisinin saxlanmasının nəzərdə tutulduğunu bildirib.

Aprelin 6-da AZAL-ın Fransadan 12 ədəd “Airbus A320 Neo” təyyarəsi sifariş verdiyi açıqlanmışdı.

Şirkət bildirir ki, 2030-cu ilədək təyyarə parkları dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, geniş gövdəli hava gəmiləri üzrə isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaq.

“AZAL-ın borclarını qaytarmaq üçün əlimiz daim cibimizdə olmalıdır”

İqtisadçı Qubad İbadoğlu deyir ki, AZAL aprelin 6-da “Airbus” şirkətinə 1,3-1,5 milyard dollarlıq 12 ədəd  “A320neo” və “A321neo” laynerləri sifariş verəndən cəmi 22 gün sonra daha 8 ədəd “Boeing 787-8 Dreamliner” təyyarəsinin alınmasına dair saziş imzalayıb:

“Boinglə imzalanmış sazişin dəyəri 2 milyard dollara qədərdir (8 x 248,3 milyon dollar). Beləliklə də, şirkət bir ay içində dövlət zəmanətilə 3,5 milyard dollara qədər borca girib. AZAL-ın biletlərinin qiymətinin baha olmasının və quru sərhədlərin bağlı qalmasının səbəbini burada axtarın. Bu gedişlə Bakıdan Bakıya da təyyarə  ilə getməli olacağıq”.

Qubad İbadoğlu
Foto: Meydan.TV

İqtisadçının sözlərinə görə, dövlət zəmanəti ilə alınan borcların  ödənilməsi 10-15 il müddətində baş verəcək:

“Bir sözlə, bu borcları da gənc və gələcək nəsillərin öhdəsinə qalacaq. Odur ki, AZAL-ın borclarını qaytarmaq üçün əlimiz daim cibimizdə olmalıdır”.

“Bu müqavilələrin Fransaya və ABŞ-a “mədəni rüşvət” verməkdən başqa bir önəmi olmayacaq…”

Başqa bir iqtisadçı Natiq Cəfərli də AZAL-ın son ayda xərcləmələrinə diqqət çəkir.

Əvvəlcə Fransanın “Airbus” şirkətindən hər biri 110 mln. 600 min ilə 129 mln. 500 min dollar arası olan 12 ədəd “A320neo” və “A321neo” sifariş edib, indi də ABŞ-ın “Boeing” korporasiyasından hər birinin qiyməti 248 mln. 300 min dollar olan  8 ədəd “787-8 Dreamliner” təyyarəsi alıb.

İqtisadçı bildirib ki, iki müqavilənin qiyməti, təqribən, 3,5 mlrd. dollardır və çox böyük rəqəmdir.

Onun sözlərinə görə, əgər “AZAL” ölkənin coğrafi mövqeyindən yaralanaraq məmləkəti “uçuş meydanı”na çevirmək istəyirsə, bu müqavilələrin anlamı var:

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Yox elə öz inhisarçı mövqeyini saxlamağı, sözün hər mənasında havadan pul qazanmağı, qeyri-şəffaf, xərclərin şişirdilməsi ilə qaz vurub qazan doldurmağı, yerüstü xidmətləri də öz əlində cəmləyib, digər şirkətlərə qiymət oxumaqla ölkədən didərgin salacağını düşünürsə, mənası yoxdur. Vəziyyət dəyişməyəcək, olduğu kimi qalacaqsa, bu müqavilələrin Fransaya və ABŞ-a “mədəni rüşvət” verməkdən başqa bir önəmi olmayacaq…”.

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti daha öncə açıqlamasında bildirmişdi ki, onların təyyarə parkı müxtəlif növlərdən ibarət 29 hava gəmisindən ibarətdir.

Təyyarələrin orta yaşı 11-dir. Bu da istər təyyarələrin saxlanılması, istərsə onlara xidmət göstərən işçi heyətinin hazırlanması baxımından xərcləri artırır.

Artıq xərclərdən qurtulmaq üçün şirkət 2030-cu ilədək təyyarə parkında yalnız iki növ hava gəmisinin saxlanmasını nəzərdə tutur.

Dargövdəli hava gəmilərindən yalnız “Airbus A320 Neo”, gengövdəlilərdənsə “Boeing 787 Dreamliner” tipli hava gəmiləri istifadə olunacaq.

AZAL qitmətlərinin bahalığı və bölgədəki inhisarçı mövqeyi həm sadə insanlar, həm də ekspertlər tərəfindən tez-tez dilə gətirilir.

Hesab edilir ki, dövlətə məxsus hava yolu şirkətinin bazarda hegemon mövqeyə sahib olması qiymət bahalığının əsas səbəbidir.

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev yerli mediaya açıqlamasında bildirib ki, 2022-ci ildə Azərbaycanın hava limanlarında 36 min reys yerinə yetirilib, bunun 18 minini AZAL gerçəkləşdirib.

Deməli, hər iki reysdən birini AZAL icra edib.

Qurum rəsmisinin bildirdiyinə görə, ötən il 36 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Belə çıxır ki, gerçəkləşdirilən reyslərin tən yarısı AZAL-ın, yerdə qalan yarısı isə 36 fərqli şirkətin payına düşüb.

Ana səhifəİqtisadiyyatAZAL Fransadan sonra ABŞ-dan 8 təyyarə sifariş edib