Azərbaycan Fransadan 12 təyyarə sifariş edib

Foto: AZAL

İqtisadçı: “Hesablamalar göstərir ki, 12 təyyarəyə görə 1.3-1.5 milyard dollar ödəniləcək”

Azərbaycan Hava Yolları (AZAL) QSC A320neo və A321neo daxil olmaqla 12 təyyarə almaq üçün “Airbus” şirkətinə sifariş verib.

Müqavilə Bakıda keçirilən mərasimdə imzalanıb.

“Airbus”un bu barədəki açıqlamasında deyilir ki, son nəsil A320neo ailəsi təyyarələri ən müasir və yanacaq sərfəli təyyarələri idarə etmək, əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq, eyni zamanda bütün donanmada sərnişinlərə əla rahatlıq təqdim etmək üçün şirkətin donanmasının yenilənməsi strategiyasının bir hissəsidir.

İqtisadçı Qubad İbadoğlu bildirir ki, “Airbus”un A320neo təyyarələrinin qiyməti 110 milyon dollar, A321neo təyyarələrinin qiyməti isə 130 milyon dollardan çoxdur.

Hesablamalar göstərir ki, AZAL 12 təyyarəyə görə 1,3-1,5 milyard dollar ödəyəcək:

“Təyyarələrin alınması lizinq əməliyyatları üzrə dövlət zəmanəti ilə aparılacaq. Bu o deməkdir ki, yenə də AZAL-a görə Azərbaycan hökuməti üzərinə əlavə borc öhdəliyi götürəcək. Bütün bunlara baxmayaraq AZAL-ın nə xidmətinin qiymətində ucuzlaşma, nə də keyfiyyətində yaxşılaşma gözlənilir”.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

İqtisadçının sözlərinə görə, “Airbus” şirkəti Fransa, Alman və İspaniya dövlətinə və digər səhmdarlara məxsusdur. Odur ki, Fransa ilə iqtisadi əməkdaşlığın inkişafı yalnız bu sahədə müşahidə olunmur:

“Bu ilin 2 ayında Fransa idxalda Azərbaycanın Rusiya, Türkiyə və Çindən sonra 7.65 faizlə əsas ticarət mütəffiqi olub. 2 ay ərzində Azərbaycan Fransadan 202 milyon 886 min dollardan çox məhsul idxal edib. Onu da bilin ki, hakim ailənin içməli suyundan tutmuş qidalarınadək – hamısı Fransadan gətirilir. Odur ki, Fransa haqqında hər deyilənə fikir verməyin, onlar hamısı daxili auditoriya üçündür”.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti daha öncə açıqlamasında bildirmişdi ki, onların təyyarə parkı müxtəlif növlərdən ibarət 29 hava gəmisindən ibarətdir.

Təyyarələrin orta yaşı 11-dir. Bu da istər təyyarələrin saxlanılması, istərsə onlara xidmət göstərən işçi heyətinin hazırlanması baxımından xərcləri çoxaldır.

Artıq xərclərdən qurtulmaq üçün şirkət 2030-cu ilədək təyyarə parkında yalnız iki növ hava gəmisinin saxlanmasını nəzərdə tutur. Dargövdəli hava gəmilərindən yalnız “Airbus A320 Neo”, gengövdəlilərdənsə “Boeing 787 Dreamliner” tipli hava gəmiləri istifadə olunacaq.

Samir Rzayev. Foto: “Azərtac.az”

2022-ci ildə alınmış “Airbus A320 Neo” tipli üç hava gəmisi üçün ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.

Yeni sifariş edilən təyyarələrin mühərrik seçiminə gəlincə, AZAL bunu sonrakı mərhələdə elan edəcək.

Şirkətin birinci vitse-prezidenti Samir Rzayev bildirib ki, onlar təyyarə parkının modernləşdirilməsi proqramı üzrə “Airbus” ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməkdən məmnundurlar:

“İkitərəfli tərəfdaşlığı gücləndirmək niyyətindəyik. İmzalanan müqavilə sərnişinlərimizi ən müasir və komfortlu təyyarələrlə təmin edəcək”.

Ana səhifəİqtisadiyyatAzərbaycan Fransadan 12 təyyarə sifariş edib