Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərilib

Əsgər Nəsimi Rasim oğlu Musayev – Foto: Ailə arxivindən

Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə və Sünik vilayətinin Şəki kəndində yerli sakinə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Rəhim oğlu Musayevin cinayət işi məhkəməyə göndərilib.

İş Gorus Ümumi Yurisdiksiya Məhkəməsinə təqdim olunub və hakim Hraç Dajuntsun icraatına verilib.

Ermənistanın Məhkəmə İnformasiya Sistemi Datalex-də Musayevə qarşı irəli sürülən ittihamların təfərrüatları da dərc edilib.

İttiham aktına əsasən, Nəsimi Musayev 28 yanvar 2026-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətə başlayıb.

Sənəddə bildirilir ki, sentyabrın 26-da saat 20:00-dan 22:00-dək Musayev Azərbaycanın Laçın rayonunda yerləşən döyüş mövqeyində növbətçi olub. Həmin vaxt o, Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin inzibati ərazisindən Ermənistanın dövlət sərhədini keçərək ölkə ərazisinə daxil olub.

İttihama görə, Musayev sərhədi keçərkən üzərindəki avtomatı, döyüş sursatlarını və süngü-bıçağı gömrük yoxlamasından keçirmədən Ermənistana gətirib. O, sonradan həmin silah və sursatları müvafiq icazə olmadan saxlayıb və daşıyıb.

İttiham aktında qeyd olunur ki, Musayev Ermənistan ərazisinə daxil olduqdan sonra Sünik vilayətinin Sisyan icmasının Şəki kəndinə gedib. Sentyabrın 30-dan oktyabrın 1-dək olan müddətdə 6-cı küçədə yerləşən 20 saylı evə qanunsuz daxil olub.

İttihamın məzmununa görə, o, evdən 12 min dram dəyərində Xiaomi markalı mobil telefon, 5 min dram dəyərində ağıllı saat və bir şalvar, qonaq otağından 9 min dram və bank kartı, evin giriş qapısının yaxınlığından isə müxtəlif modellərdə ayaqqabı götürüb. Nəticədə ev sahibi Ani Avetisyana ümumilikdə 26 min dram maddi ziyan dəyib.

Sənəddə bildirilir ki, oktyabrın 1-də saat 14:00 radələrində evdə yaşayan iki azyaşlı – Rozi və Kajik Avetisyan evə qayıdıblar. Musayevin onları üzərindəki AKM avtomatı ilə hədələyərək qonaq otağındakı divanda oturmağa və mobil telefonlarını təhvil verməyə məcbur etdiyi iddia olunur.

İttihama əsasən, o, azyaşlılara qonaq otağında müəyyən etdiyi yerdə qalmağı əmr edib və onların evi tərk etməsinə, sərbəst hərəkət etməsinə mane olub.

Daha sonra qızı Rozi ilə telefon danışığı zamanı evdə silahlı şəxsin olduğunu öyrənən Ani Avetisyan evə gəlib.

Ermənistan tərəfinin iddiasına görə, Musayev qadına ağır xəsarət yetirmək niyyəti ilə avtomatdan evin içərisində altı dəfə atəş açıb. Atəşlərdən biri Ani Avetisyanın sol bud nahiyəsinə dəyib. İttiham aktında digər atəşlərin evdə olan azyaşlıların həyatı və sağlamlığı üçün də təhlükə yaratdığı bildirilir.

Sənədə görə, Musayev daha sonra qadını çarpayının üzərinə ataraq bədəninin müxtəlif nahiyələrinə dəfələrlə zərbə endirib. Nəticədə qadının sol əlində barmaqların zədələnməsi, eləcə də sol budunda ağır güllə yarası daxil olmaqla bir sıra xəsarətlər qeydə alınıb. Güllə yarası bud sümüyünün sınığı, əzələlərin və sinir-damar dəstəsinin zədələnməsi, geniş qanaxma ilə müşayiət olunub.

İttiham aktında qeyd edilir ki, hadisədən sonra Musayev qaçaraq Şəki kəndində 6-cı küçədə yerləşən 26 saylı evin yaxınlığındakı mal-qara tövləsinin ərazisində gizlənib. O, həmin gün saat 16:15-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.

Azərbaycan tərəfinin açıqlaması

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev barəsində oktyabrın 2-də iki aylıq həbs qətimkan tədbiri seçilib.

Ermənistan Baş Prokurorluğu onun barəsində dövlət sərhədini qanunsuz keçmə, silah və hərbi təyinatlı əşyaların qanunsuz dövriyyəsi, mənzil toxunulmazlığının pozulması və sağlamlığa ağır zərər vurulması ilə bağlı maddələr üzrə cinayət təqibinə başlanıldığını açıqlayıb.

Azərbaycan Baş Prokurorluğu isə daha əvvəl Musayevin Laçın istiqamətində hərbi xidmət keçdiyini, sentyabrın 26-da xidmət yerində olmadığı müəyyən edildikdən sonra axtarışa verildiyini bildirib.

Qurum hərbçinin hərbi hissəni özbaşına tərk etməsinə dair “əsaslı şübhələr” müəyyən edildiyini açıqlayıb.

Azərbaycan Baş Prokurorluğunun açıqlamasında Ermənistan tərəfinin Şəki kəndindəki silahlı insidentlə bağlı irəli sürdüyü iddialara münasibət bildirilməyib.

Ana səhifə ▸ Siyasət ▸ Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərilib