Azərbaycanda siqaret qiymətləri bahalaşıb

Siqaret bahalaşması – Foto: ChatGPT

Azərbaycanda siqaretlərin qiymətində növbəti artım müşahidə olunur. Paytaxtdakı satış nöqtələrinin bildirdiyinə görə, bahalaşma əsasən yanvarın 4-dən etibarən hiss olunmağa başlayıb və müxtəlif markalar üzrə 8–10 faiz civarındadır. Satıcılar deyirlər ki, qiymətlərdəki dəyişiklik pərakəndə satışdan əvvəl topdansatış bazarında baş verib.

Mağazalardan əldə edilən məlumatlara əsasən, daha ucuz seqmentdə olan bir sıra markaların da qiyməti qalxıb. Belə ki, əvvəllər 2 manat 60 qəpiyə satılan “Magna”, eləcə də 3 manat civarında olan “Pall Mall”, “Want” və “LD” markalarının hər qutusu üzrə qiymət 30 qəpik artırılıb. Orta qiymət kateqoriyasında olan “Winston”un qutusu isə 60 qəpik bahalaşıb. Daha bahalı siqaretlər arasında “Kent” və “Sobranie” markalarında da 40 qəpik artım qeydə alınıb.

Qiymət artımı fonunda rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməyiblər. Bununla belə, bahalaşmanın əsas səbəbi kimi bu ildən tütün məmulatları üzrə aksiz vergilərinin artırılması göstərilir. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, aksiz dərəcəsi hər min ədəd siqaret üçün 16 manatdan 25,5 manata qaldırılıb və bu, istehsalçı və idxalçı xərclərinə birbaşa təsir göstərir.

Qiymət artımı ilə yanaşı, hökumət tütünlə bağlı nəzarət mexanizmlərini də sərtləşdirməyi planlaşdırır. Milli Məclisdə müzakirə olunan “Tütün və tütün məmulatları haqqında” qanuna dəyişiklik layihəsində elektron siqaretlərin istifadəsinin qadağan edilməsi də nəzərdə tutulur.

Ana səhifəSosialAzərbaycanda siqaret qiymətləri bahalaşıb