Azərbaycanda saytların məhkəmə qərarı olmadan bloklanması ilə bağlı qaydalar genişləndirilir. Bunun üçün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklər qəbul edilib.
İyulun 10-da parlamentdə qəbul olunan dəyişikliklərə əsasən, dövlət qurumları artıq daha çox hallarda internet resurslarına məhkəmə qərarını gözləmədən müvəqqəti giriş məhdudiyyəti tətbiq edə biləcək.
Əvvəllər məhkəməsiz bloklama yalnız “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda” tətbiq edilə bilərdi.
İndi isə təhqir, böhtan, şəxsi həyata müdaxilə, narkotik vasitələrin təbliği, pornoqrafik materiallar, qumar oyunlarına təşviq və intiharın təbliği ilə bağlı məlumatların yayıldığı iddia edilən internet resursları məhkəmə qərarı olmadan da müvəqqəti bağlana bilər.
Bundan əlavə, uşaqlar üçün yaş məhdudiyyəti göstərilməyən filmlər və oyunlar, eləcə də ictimai təhlükəsizlik üçün təhlükə yarada biləcək yalan məlumatlar da bloklama üçün əsas hesab ediləcək.
Qanun illər ərzində necə sərtləşdirilib?
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun 1998-ci ildə qəbul edilib. Həmin dövrdə internet resurslarına girişin məhdudlaşdırılması yalnız məhkəmə qərarı əsasında mümkün idi.
2017-ci ildə qanuna 13-3-cü maddə əlavə edilib. Yeni müddəaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhlükə” yarandığı hesab edilən təxirəsalınmaz hallarda internet resurslarını məhkəmə qərarı olmadan müvəqqəti bloklaya bilərdi. Qaydalara görə, bloklama tətbiq edildikdən sonra nazirlik beş gün ərzində məhkəməyə müraciət etməli idi.
Bu dəyişiklikdən qısa müddət sonra Meydan TV (meydan.tv), AzadlıqRadiosu (azadliq.org), “Azadlıq” qəzeti (azadliq.info), ölkə xaricindən yayımlanan “Turan TV” (turan.tv) və “Azərbaycan saatı” televiziya proqramının (azerbaycansaati.org) saytlarına giriş məhdudlaşdırıldı. Həmin resurslar dövlətin maraq və təhlükəsizliyinə zidd materiallar yaymaqda ittiham edilsə də, müdafiə tərəfi bu ittihamları əsassız hesab edərək məhkəmədə rədd etdi.
Növbəti dəyişikliklər 2020–2021-ci illəri əhatə etdi. Pandemiya və İkinci Qarabağ müharibəsi dövründə internet resurslarının bloklanması üçün nəzərdə tutulan əsaslara “ictimai əhəmiyyət kəsb edən yalan məlumatların yayılması” da əlavə olundu.
Beləliklə, əvvəlcə yalnız təxirəsalınmaz hallar üçün nəzərdə tutulan məhkəməsiz bloklama imkanı sonrakı dəyişikliklərlə daha geniş hallarda tətbiq olunmağa başladı.
Bəs yeni dəyişiklik nə kimi problemlər yaradacaq?
Hüquqşünas Ruslan Əliyev Meydan TV-yə deyir ki, yeni dəyişikliklər dövlət qurumlarına internet resurslarını bloklamaq üçün daha geniş imkanlar verir və bu səlahiyyətlərdən sui-istifadə riski yaradır. Onun sözlərinə görə, bu narahatlıq əvvəlki bloklama təcrübəsinə əsaslanır:

“Mən bunu sadəcə ehtimal kimi demirəm. Bu narahatlığım dövlət qurumlarının əvvəlki fəaliyyətinə və sayt bloklama təcrübəsinə əsaslanır. Keçmişdə bu mexanizmdən siyasi rəqiblərə qarşı istifadə edildiyi hallar olub. Yeni dəyişikliklərlə səlahiyyətlərin genişlənməsi isə bu riskləri daha da artırır”.
Bloklamadan sonra hüquqi mübarizə: “Sonra sən olursan piyada, o olur atlı”
Hüquqşünasın fikrincə, yeni qaydalar internet resurslarının sahiblərini çətin vəziyyətə sala bilər. Onlar əvvəlcə bloklama qərarı ilə üzləşəcək, daha sonra isə bu qərara etiraz etmək və hüquqlarını müdafiə etmək üçün hüquqi prosedurlara müraciət etməli olacaqlar.
“Əvvəllər heç olmasa məhkəmədə formal da olsa bir müzakirədən, bir əsaslandırmadan və rəsmi dövlətin, xalqın adından çıxarılan qərardan söhbət gedirdi. İndi isə hər hansı bir məmur texniki olaraq bir neçə saniyənin içində böyük bir kontenti bu bəhanə ilə bağlaya biləcək. Xalqın bir sözü var: Sonra sən olursan piyada, o olur atlı. Sayt bloklanandan sonra sən düşməlisən onun ardınca və blokun açılması üçün hüquqi mexanizmləri işə salmalısan”.
Tənqidi media ilə qanunsuz kontent arasındakı sərhəd necə müəyyən ediləcək?
Ruslan Əliyev hesab edir ki, əsas problem tənqidi və alternativ məlumat yayan resurslarla qanunsuz məzmunların eyni bloklama mexanizmi çərçivəsində qiymətləndirilməsidir:
“Bu dəyişikliklərin yaratdığı əsas narahatlıq odur ki, genişləndirilən bloklama imkanları təkcə qanunsuz məzmunla mübarizə üçün deyil, hakimiyyəti tənqid edən resursları məhdudlaşdırmaq üçün də istifadə edəcək və biz bunu daha əvvəllər də görmüşük. Bununla əslində hakimiyyət tənqidi medianın hədəfə çevirir”.
Blogerlər üçün yeni məhdudiyyətlər: “Xaricdəki tənqidi səsləri susdurmaq istəyirlər”
Bloger Mehman Hüseynov Meydan TV-yə deyir ki, yeni dəyişikliklər xaricdə olan tənqidi blogerlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır. O, 2026-cı ilin əvvəlində İlham Əliyevin gəlini Alyona Əliyeva ilə bağlı silsilə videolar yayımlamışdı. Blogerin sözlərinə görə, həmin videolardan sonra xaricdə fəaliyyət göstərən blogerlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təklif və müzakirələr gündəmə gəlib.

“Mən tam əminliklə deyə bilərəm ki, bu qanunu sırf Alyona Əliyevanın məsələsinə görə qəbul ediblər ki, xaricdə olan blogerlərin fəaliyyətini məhdudlaşdırsınlar və bizə maneə yaratsınlar”, – Mehman Hüseynov deyir.
“Qadağalar olsa da, insanlar mütləq alternativ yol tapacaqlar”
Mehman Hüseynov hesab edir ki, internet üzərindən nəzarəti artırmaq cəhdləri uzunmüddətli nəticə verməyəcək və istifadəçilər alternativ yollar tapacaqlar:
“İyirmi birinci əsrdə hər hansı bir sözü, hər hansı bir açıq fikri məhdudlaşdırmaq artıq mümkünsüzdür. Misal üçün, Rusiyada internet nə qədər məhdudlaşdırılsa da, alternativ yollar yaranır. Əgər orada interneti tam qapada bilməyiblərsə, Azərbaycanda da bu cür qadağaların tam nəticə verəcəyinə inanmıram”.
Bloger əlavə edib ki, yeni məhdudiyyətlərə baxmayaraq fəaliyyətini davam etdirəcək:
“Sosial şəbəkələrdə indiyə qədər necə aktiv idimsə, bundan sonra da hər hansı maneələrə və qadağalara baxmayaraq, eyni şəkildə fəaliyyətimi davam etdirəcəyəm”.
Hakimiyyət sosial şəbəkələr üzərində də nəzarəti gücləndirir
Son illərdə Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti ilə bağlı da tənzimləmə mexanizmləri genişlənib. Bugünlərdə qəbul edilən yeni qaydalara əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında 16 yaşı tamam olmayan şəxslərin hesab yaratmasına icazə verilməyəcək. Platformalar istifadəçilərin yaşını yoxlamalı, Azərbaycandakı istifadəçilərə xidmət göstərən bəzi platformalar isə ölkədə qeydiyyatdan keçməli və ya nümayəndəlik yaratmalıdır. Həmçinin platformaların dövlət qurumlarının sorğularına cavab verməsi ilə bağlı tələblər müəyyən edilir.