“Azərbaycanda ərzaq inflyasiyası qlobal bazarla müqayisədə 3 dəfə yüksəkdir”

Bazar. Foto: Aleksandar Todorovic/shutterstock

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında ümumi inflyasiyanın səviyyəsi 5,6 faiz təşkil edib. Həmin dövrdə ərzaq inflyasiyası isə 6,7 faiz olub.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən qida məhsullarından əsasən qarabaşaq yarmasının, ət və ət məhsullarının, pendirin, süfrə marqarininin, qarğıdalı yağının, limonun, bananın, almanın, kivinin, ağ kələmin, çuğundurun və kartofun qiymətlərində bahalaşma baş verib. Yumurta, portağal, şabalıd, gül kələmi, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq və soğanın qiymətləri isə ucuzlaşıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə bildirir ki, ərzaq inflyasiyası ilə bağlı göstərilən 6,7 faizlik rəqəm real deyil. Ekspertin fikrincə, apardıqları müşahidələr əsasında ərzaq inflyasiyasının səviyyəsinin ikirəqəmli olduğu müşahidə edilib:

“Ölkədə qiymətlər digər ölkələrlə müqayisədə onsuz da yüksəkdir. Dünyada ərzaq məhsullarının qiymətində orta hesabla 1,8-1,9 faiz bahalaşma göstərilir. Amma Azərbaycanda ərzaq məhsullarında qiymət artımı çox yüksəkdir. Hətta statistikada göstərilən rəqəmdən belə görünür ki, qlobal bazarla müqayisədə Azərbaycanda qiymətlər 3 dəfədən çox artıb. Bu da kifayət qədər yüksək inflyasiya hesab oluna bilər. Azərbaycanda alıcılıq qabiliyyətinin də azaldığını nəzərə almaq lazımdır. Ölkədə işsizlərin sayı çoxdur. Bu baxımdan Azərbaycanda ərzağın qiymətində artımın kifayət qədər yüksək olduğunu demək olar”.

V. Məhərrəmov qeyd edir ki, keçən illə müqayisədə meyvə və tərəvəzlərin qiymətində daha çox artım baş verib:

“Ötən ilin müvafiq dövründə mövsümi meyvələrin qiyməti indikindən ən azı 30-40 faiz ucuz idi. Pomidor və xiyarın qiymətinin may ayı üçün kifayət qədər yüksək olduğunu görürük. Keçən ilin eyni dövründə qiymətlər orta hesabla 2-2,50 manat olduğu halda, indi 3-4 manat arasında dəyişir. Lobyanın qiyməti keçən il bu vaxt 2,50-3 manat idi, bu il isə 4 manatdır. Çiyələk hazırda 4-5 manatdır. Ötən il isə onu 2,50-3 manata alırdıq”.

Ekspert deyir ki, Azərbaycan daxili istehsal hesabına özünü meyvə ilə yalnız 35 faiz təmin etmək gücündədir.

Onun sözlərinə görə, hökumət inflyasiyanı aşağı göstərməkdə maraqlıdır:

“Əgər real bahalaşmanı göstərsələr, əməkhaqları və pensiyalar artırılmalıdır. Ona görə də real inflyasiyanı göstərmirlər. Tapşırıq verilir ki, artım birrəqəmli göstərilməlidir. 6,7 faizlik ərzaq inflyasiyasının özü də kifayət qədər yüksəkdir. İlin sonuna doğru bu rəqəmi bir qədər də azaldacaqlar. Əgər ciddi bahalaşma baş verməsə, göstəricini süni şəkildə aşağı göstərəcəklər. Məsələn, bir neçə il öncə dizel yanacağının qiyməti artırılanda inflyasiyanın səviyyəsi 20 faizdən yüksək oldu. Hətta o vaxt da inflyasiya göstəricisini aşağı salaraq 19 faiz göstərmişdilər. Belə bahalaşmalar ərzağın qiymətinə də təsir edir. Ərzağın qiyməti isə digər məhsulların qiymətinə təsir göstərir. Ticarət və bazar monopoliyadadır. Fermerlər şikayət edirlər ki, onlardan 1,50-2 manata alınan çiyələk 4-5 manata, bəzi yerlərdə isə hətta 6 manata satılır”.

Ana səhifəİqtisadiyyat“Azərbaycanda ərzaq inflyasiyası qlobal bazarla müqayisədə 3 dəfə yüksəkdir”