Azər Qasımlının adından şəxsi “Facebook” səhifəsində bəyanat yayılıb
Siyasi Menecment İnstitutunun rəhbəri, həbsdə olan siyasətçi Azər Qasımlı siyasi sifarişlə həbs olunduğunu deyib.
Azər Qasımlının adından şəxsi “Facebook” səhifəsində yayılan bəyanatda deyilir ki, ona qarşı irəli sürülən ittihamnamədə bir dənə də olsun sübut yoxdur.
“Mənə qarşı irəli sürülən ittihamnamədə bir dənə də olsun sübut yoxdur. Məhkəmədə də vəkilimin “heç olmasa, bir dənə ilkin sübut göstərə bilərsinizmi?”, – sualına müstəntiq sükutla cavab verdi. Bu, nəinki təqsirsizlik prezumpsiyasının pozulması, ümumilikdə qanunun, hüququn tapdanmasıdır. Mənimsə, kifayət qədər sübutum var. Bu ittihamın mənim təbiətimə nə qədər zidd olduğunu məni tanıyan hər kəs bilir. Mən hətta övladlarımı belə təhdidlə yox, təşviqlə tərbiyə etmişəm”, – Azər Qasımlı qeyd edib.
O deyib ki, onun həbsinin yeganə səbəbi həqiqətləri deməsidir:
“Mənim dediyim həqiqət budur: Azərbaycanın milli maraqları hüquqi dövlətin, azad iqtisadi mühitin və demokratiyanın gətirəcəyi tərəqqiyə söykənir. Mən nə qərbyönümlüyəm, nə şimalyönümlü, nə də cənubyönümlü. Mən Azərbaycanyönümlüyəm. Lakin bununla yanaşı ölkəmizin təhlükəsizliyini riskə atmadan Qərblə dərin əməkdaşlığın, Avropa Birliyinə və müasir dünyaya inteqrasiyanın tərəfdarıyam. Bunun da milli maraqlarımıza uyğun olduğunu düşünürəm. Bütün bunları nəzərə alaraq həbsimi söz azadlığına qəsd kimi dəyərləndirirəm”.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham edilir.
Dekabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.