Azər Qasımlının işi məhkəmə baxışına verilib

Azər Qasımlı. İllüstrasiya: Meydan TV

Baxış iclası iyulun 16-na təyin edilib

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlının işi üzrə növbəti hazırlıq iclası keçirilib.

İclasda Azər Qasımlının vəkili Aqil Layıc iştirak edib. O, cinayət işinə xitam verilməsi və ya Azər Qasımlının ev dustaqlığına keçirilməsi, Qasımlının şüşə kameradan çıxarılaraq məhkəmə zalında oturması ilə bağlı vəsatətlər verib. 

Bundan başqa, vəkil maliyyə işi üzrə Mingəçevir Rayon Məhkəməsindən və Şəki Kommersiya Məhkəməsindən sənədlər və video görüntülərin məhkəməyə təqdim edilməsini, bəzi sənədlərin sübutlar siyahısından çıxarılmasını və əlavə şahidlərin cəlb edilməsini istəyib. 

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkilin verdiyi bütün vəsatətlər rədd edilib, cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Baxış iclası iyulun 16-na təyin edilib.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Ana səhifəSiyasətAzər Qasımlının işi məhkəmə baxışına verilib