İyulun 18-də Meydan TV-nin həbsdə olan əməkdaşı Aytac Tapdığın doğum günüdür. Bu münasibətlə Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş və əməkdaşları Xəyalə Ağayeva və Aysel Umudova ad gününü qeyd edən Aytac Tapdığa təbrik məktubu yazıblar:
Xəyalədən Aytaca
Saxlanıldığımız günün gecəsi müvəqqəti saxlanma yerinə gətirildikdə bir-birimizdən xəbərsizdik. Adlar sadalanmırdı, amma ortalıqda “hamı tutulub” ifadəsi gəzirdi.
Qeydiyyat aparılan otaqda gözlədilərkən birdən içəri Aytacı gətirdilər. Qucaqlaşdıq. Dərhal polis qışqırıqları yüksəldi. Olmazdı. Bir-birimizə qadağan edilmişdik. Bundan sonra nəinki qucaqlaşa, qarşılaşa da bilməzdik. Otaqdan çıxarılarkən gödəkcəmin cibinə peçenye dürtüşdürdü. Bu haray-həşirdə həm özünə yeməyə nəsə tapmağına, həm də adamları doyuzdurmaq qayəsini oyaq saxlamağına güldüm.

Növbəti iki gündə dəhlizdən tez-tez Aytacın “Meydançılara eşq olsun” şüarı eşidildi. Məhkəmədən sonra sonuncu dəfə bir maşına yan-yana mindirilməklə dördümüz ( Aynur müəllimə, Aysel, Aytac və mən) Kürdəxanıya gətirildik. Bu çıxdığımız yüzlərlə səfərdən biriydi.
Repartyorsansa, ömrün biri digərinə bənzəməyən, hərarətli günlər burulğanına çevirilir. Bu burulğanda səni sovrulmağa qoymayan bir ehtiyac varsa, o da Aytac kimi yol yoldaşıdır.
Qətiyyəti, inamı, cəsarəti, çalışma əzmiylə o lövbər salmış gəmidir. Qaşqabaqlı görkəminin arxasındakı qayğıkeşliyi, ən çətin vaxtlarda günəşi doğuran gülüşü və bəzən dözülməz saflığı ilə yaşam qaynağıdır. Mənim xəzinəmdir.
Deyəsən, tanışlığımızdan bəri ilk dəfə bir ad günündə gecə ilə tort almaq, qapının zəngini basanacan blokda gizlənqaç oynamamaqla birlikdəyik. Düzdür, saat 12-ni vuranda onu bağrımıza basa bilməyəcəyik, amma səsimiz «sançast»ın divarlarını titrədəcək.
Hamı üçün ən yaxşısını arzulayan bir kəsin layiq olmadığı halda öz arzu gününü dörd divar arasında keçirməsi həm ağır, həm də qürurludur. Peşəsini Aytac qədər sevən, şövqlə çalışan jurnalistin yeri bu zülmətə döndərilmiş ölkədə həbsxanadan başqa məkan olmazdı.
Mənim dünya gözəli rəfiqəm. Öz dediyin kimi “Sən olan yer səhnədir”! Doğum günün mübarək. Neçə belə döyüşlərə!
Xəyalə Ağayeva
Kürdəxanı
Ayseldən Aytaca
Bir dəfə çəkiliş zamanı mühafizə bizə yaxınlaşıb, hədələyici və kobud tərzdə çəkilişi dayandırmasaq polis çağıracağını dedi. Aytac da çox kəskin səslə “çağırın-çağırın”! – deyə cavab verdi. Çağırdılar 🙂 və budur bölməyə gedirik. Hadisə illər əvvəl olsa da o gün başa düşdüm ki, bu yaman qızla hələ çox PPX maşınında şütüyəcəyik.

Səninlə sayını unutduğumuz, əslində, yetərincə stressli, yorucu, amma bizim üçün həmişə əyləncə mövzusu olan xeyli belə xatirəmiz var.
Uzun dostluq illərimizə birgə hazırlaşdığımız 8 mart aksiyalarını, polis bölmələri qarşısında bir-birimizi gözləməyimizi və nəhayət siyasi məhbus olmağı da sığışdırdıq.
Nə yaşamağımızdan asılı olmayaraq həmişə səninlə çiyin-çiyin olmaqdan güc alıram. Sən yaxşı ki, doğuldun. Yaxşı ki, yollarımız kəsişdi və çox sağol ki, məni özünə dost seçdin. Qulağın qarmoşkada olsun. Bir azdan balaca səsgücləndiricimdən sənin şərəfinə Flora Kərimovanın “Mənim yaşıdım qızlar” mahnısı səslənəcək. Tezliklə, səni bağrıma basmaq diləyi ilə…
Doğum günün mübarək. Səni sevirəm.
Aysel Umudova
Kürdəxanı
Aytacın doğum gününə
Bəzi insanlar var, təkcə həyatını zənginləşdirmirlər, həm də səni pis əməllərdən uzaq durmağa vadar edirlər. Aytac kimi… O qədər humanist və ədalətlidir ki, yanında sən də başqa cür olmaq istəmirsən.
Jurnalistikaya gəldiyi vaxtdan təzyiqlər, təhdidlər yaxasını buraxmır. Hələ çox balacaydı, yeni çəkməyə, reportaj hazırlamağa başlamışdı. Bir də eşitdik ki, polislər marketdən çıxanda onu “ağırlayıblar”. O vaxta qədər, hətta bu xəbəri eşidəndə belə o, mənim üçün tanıdığım, sevdiyim gənc jurnalistlərdən biri idi. Ancaq “Bandotdel”in binasından çıxıb hər şeyə rəğmən üstümə qaçması gözümdə hər şeyi dəyişdi. Anladım ki, belə gənclər olandan sonra istənilən təhlükə adama qorxulu görünməz.

O vaxtdan illər keçir, ancaq nə yolumuz dəyişir, nə yoldaşlığımız. İndi də birlikdə həbsxananın barmaqlıqları arasındayıq. Adımızı “podelnik” qoyub bir-birimizdən uzaq tutmağa çalışırlar. Ancaq səsi, mücadiləsi onun burada da insanlığından vaz keçmədiyini göstərir. Təsəvvür edin, Mirşahin “Real TV”də Aytacın fotosunu paylaşıb həqarətlər yağdırdığı, iftiralar söylədiyi vaxtlarda Aytac onun xəstə qardaşını xəstəxanaya aparsınlar deyə “Sançast”ı ayağa qaldırmışdı. Həmin gün sabaha qədər yatmayıb, təcili yardımın gəlməsini gözləmişdi.
Yaxud biz otaq yoldaşımızın adi kaprizinə dözmədiyimiz halda o, ən çətin şəraitdə daha çox qadınla qalmaq məcburiyyətində idi və buna heç etiraz etmirdi. Əksinə o qadınların ehtiyacları, həkimlə, vəkillə təmin olunmaları üçün çalışırdı.
Di gəl bu adamın yanında insanlığını əsirgə… Bəzən nədənsə gileylənəndə elə baxır, dönüb özünü danlayırsan…
Adətdi, ad günlərində xoş sözlər deyirlər. Ancaq Aytac elə birisidir ki, ona hər gün xoş söz demək istəyirsən. Çünki insanlığı ilə səni buna vadar edir.
Ona bu sözləri çox tez-tez ürəyimdə deyirəm. Bu dəfə də qoy belə oxusun. Hər baxanda ürəyimi titrədən gözəl qızım, bilirəm onsuz da heç nə ilə səni dəyişə bilməyəcəklər. Yenə də həyatında heç nəyi özündən önə qoyma. Sən bu dünyada hər şeyin ən gözəlinə layiqsən. Doğum günün mübarək.
Aynur Elgünəş
Kürdəxanı