Aysel Ümüdova məhkəmədə: “Sözümü kəssəniz, stulun üstünə çıxıb danışacam”

İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan 12 jurnalistin məhkəməsi davam edir.

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesi jurnalistlətin ittihama, hakimin davranışına etirazları ilə yadda qalıb.

Prosesin əvvəlində jurnalistlərdən Nurlan Qəhrəmanlı (Libre) xatırladıb ki, 28 gündür aclıq aksiyası keçirir. Vəziyyətinin ağır olmasına baxmayaraq, saxlandığı Bakı İstintaq Təcridxanasından (Kürdəxanıdan) məhkəməyə əlləri qandallı vəziyyətdə gətirilib:

Nurlan Libre. Foto: Meydan TV

“Məndən iki dəfə analiz götürülüb, nəticələrini hələ də verməyiblər”.

Hakim Aytən Əliyeva bildirib ki, Nurlan Librenin digər təqsirləndirilən şəxslər kimi qandalsız gətirilməsi üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyinə və konvoy taboruna müraciət olunacaq.

Nurlan Libre həmçinin özünü pis hiss etdiyini söyləyib. Onun kəskin çəki itirdiyi, rənginin ağardığı aydın görünürdü. Jurnalist müayinə olunmaq üçün məhkəmə zalından çıxarılıb. Bir müddət sonra geri qaytarılan Nurlan Libre bildirib ki, təzyiqini ölçüblər, ona “korvalol” dərmanı veriblər.

“Məni Əliyev tutub, Əliyev də buraxacaq”, – deyə Nurlan Libre bildirib.


O, əlavə edib ki, aclığı davam etdirmək niyyətindədir.

Jurnalistlərdən Ramin  Cəbrayılzadə (Deko) onun və həmkarlarının haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarlar çıxarmış hakim, bir müddət əvvəl isə vəzifəsindən azad edilərək, hazırda vəkilliklə məşğul olan Sülhanə Hacıyeva ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, bu şəxs onların haqqında siyasi sifarişlə həbs qərarı verib. Bu səbəbdən də indi ona dövlət hesabına vəkillik etməsini istəyir:

Ramin Deko. Foto: Meydan TV

“İstəyirəm, mənim vəkilim olsun. Necə ki o bizi siyasi sifatişlə həbs eləyirdi, onun özünü də siyasi sifarişlə belə elədilər”.

Daha sonra prokuror ittiham aktının elanını davam etdirib. Bu zaman təqsirləndirilən jurnalistlər buna etiraz ediblər. Onlar billdirib ki, eyni yalanları dəfələrlə oxumaq vaxt itkisidir.

Lakin məhkəmə etirazları nəzərə almaqıb. Jurnalistlər də narazılıqlarını saxlandıqları kabinənin şüşəsini döyməklə bildiriblər.

Hakimlər etirazlara əvvəl əhəmiyyət verməyib, prokuror ittihamı oxumaqda davam edib. Lakin sonra onların fikri nəzərə alnaraq, ittihamın elanı yekunlaşıb.

Hakim 12 nəfərdən bir-bir özlərini təqsirli bilib-bilmədiklərini soruşub.

“Meydan TV”nin baş redaktoru Aynur Qənbərova (Elgünəş) bildirib ki, özünü qətiyyən təqsirli bilmir:

Aynur Elgünəş
İllüstrasiya: Meydan TV

“Bu iş mənim üzərimdə qurulub. Halbuki, mənim əvəzimə burada Azərbaycanı talayan, korrupsiya ilə məşğul olanlar oturmalı idi. Mənim işim onların əməllərini araşdırmaq olub, buna görə buradayam”.

“Arqument az” saytının baş redaktoru, Şəmşad Ağayev (Ağa) özünü təqsirli bilmədiyini söyləyib və bu fikrini əsaslandırmaq istəyib. Lakin hakim onun sözünü kəsib. Bununla əlaqədar onların arasında mübahisə yaranıb:

“Bunun qanuni əsaslandırması var. Mən əsaslandırmalıyam ki, özümü niyə təqsirli bilmirəm”.


Şəmşad Ağanın israrından sonra ona fikrini əsaslandırmağa imkan verilib. O bildirib ki, ittiham aktı başdan-ayağa yalanlarla  doludur:

Şəmşad Ağa. İllüstrasiya: Meydan TV

“Dəfələrlə yazıblar ki, “Meydan TV” Azərbaycanda dövlət qeydiyyatından keçməyib. Xarici ölkədə qeydiyyatdan keçən media orqanı Azərbaycanda niyə qeydiyyatdan keçməli idi?
Mənim prokurora sualllarım var. Hansı əsasla Ülviyyə Quliyevanın ittihamında göstərilib ki, mən 2025-ci il yanvarın 30-da həbs olunmuşam? Halbuki, mən həmin vaxt azadlıqda olmuşam, nə təqsirləndirilən, nə də şahid idim. 25 gün sonra həbs edilmişəm.
Mənim haqqımda həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilmişdi. Şikayəti təmin etməyən apellyasiya məhkəməsinin hakimi Cavid Hüseyn qərarın əsaslandırma hissəsində yazıb ki, “AbzasMedia” jurnalistləri ofislərindən tapılan 40 min avro pulun ora atıldığını bildiriblər”. Mən “AbzasMedia işi” üzrə təqsirləndirilən şəxsəm, yoxsa “Meydan TV işi”?

Başqa bir şey deyim. İttihamda bir nömrə var, guya mənə aiddir. “Bakcell” nömrəsidir. Halbuki, birinci dəfədir görürəm. Maraqlısı budur ki, bu nömrə 1899-cu ildə qeydiyyatdan keçib. O vaxt heç Azərbaycan Respublikası yox idi. Bilirsiniz ki, Azərbaycan Respublikası 1918-ci ildə yaranıb. Zalda tarixçi də oturub, ondan soruşa bilərsiniz. Mən doğulmamışdan 80 il əvvəl bir nömrə alınıb, adıma qeydiyyatdan keçirilib, bu necə olur? Prokuror buna da cavab versin.

Bu ittiham aktı çox çətin dildə yazılıb. Bir cümləsi 20 səhifədir. Hətta Avropa Məhkəməsinin bununla bağlı Azərbaycana qarşı qərarları var. Dilçilik İnstitutundan nümayəndələr dəvət edin, rəy versinlər ki, belə bir sənəd nə dərəcədə dil qaydalarına uyğundur? İlham Əliyev bir neçə gün əvvəl çıxışında dedi ki, Azərbaycan dilini xarici təsirlərdən qorumaq lazımdır. Mən də deyirəm ki, Azərbaycan dilini yerli təsirlərdən – sizin təsirinizdən qorumaq lazımdır”.

Şəmşad Ağa çıxışında Dövlət Gömrük Komitəsinin sədri və hava limanında xidmət edən gömrük-keçid məntəqəsinin əməkdaşlarının məhkəmədə cavab verməsini də tələb edib:

“İttihamda yazmısınız ki, Ramin Deko aeroportdan gəlib, yolda saxlanılıb, üstündən 35 min avro pul tapılıb. Üstündə bu pul vardısa, necə olub ki, sərhəd-buraxılış məntəqəsinin əməkdaşları, gömrükçülər onu rahat keçirməyə imkan veriblər? Onlar niyə məsuliyyətə cəlb olunmayıb? Gəlib cavab versinlər”.

Təqsirləndirilən jurnalistlərdən Ülviyyə Quliyeva (Əli) bildirib ki, ittiham aktı başdan-ayağa şişirtmədir:

“Bu işdə müstəntiqlər ittiham aktını yazanda çox göydə uçublar. Vəsatət qaldırıram ki, müstəntiqlər beynəlxalq uçuş qanunlarının tələblərini pozduqlarına görə məsuliyyətə cəlb olunsunlar”.

Hakim Ülviyyə Əlinin çıxışını yarımçıq dayandırmağa çalışıb. Lakin o, fikrini başa çatdırıb:

“Yaşasın müstəqil media! Yaşasın azad jurnalistlər!”

Jurnalist Aytac Əhmədova isə bildirib ki, “özünüzü təqsirli bilirsinizmi?” sualını təhqir hesab edir.

Aytac Tapdıq
Aytac Tapdıq

“Mənə bu sualı verməyi sizə qadağan edirəm. Çünki hamı bilir ki, biz siyasi sifarişlə həbs olunmuşuq. Siz isə (hakimləri nəzərdə tutur) bu işdə alətsiniz”.

“Biz İlham Əliyevin sifarişilə həbs olunmuşuq. Lakin bu həbs bizi susdurmayacaq”.

Jurnalist Xəyalə Ağayeva da peşə fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayıb:

Jurnalistlərdən Aysel Ümüdova da fikrini əsaslandırmaq istəyib, lakin hakim Aytən Əliyeva icazə verilmədiyini söyləyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Aysel Umudova çıxışına başlamazdan əvvəl “çıxışımı kəssəniz, stulun üstünə çıxacam”, – deyib, bundan sonra Aytən Əliyeva, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası qəfildən məhkəmə zalını tərk edib.

Məhkəmə prosesinin nə vaxta təxirə salındığı da elan olunmayıb.

Ana səhifəXəbərlərAysel Ümüdova məhkəmədə: “Sözümü kəssəniz, stulun üstünə çıxıb danışacam”