“Meydan TV işi” üzrə həbsdə olan 12 jurnalistin məhkəməsi davam edir.
Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesi jurnalistlətin ittihama, hakimin davranışına etirazları ilə yadda qalıb.
Prosesin əvvəlində jurnalistlərdən Nurlan Qəhrəmanlı (Libre) xatırladıb ki, 28 gündür aclıq aksiyası keçirir. Vəziyyətinin ağır olmasına baxmayaraq, saxlandığı Bakı İstintaq Təcridxanasından (Kürdəxanıdan) məhkəməyə əlləri qandallı vəziyyətdə gətirilib:

“Məndən iki dəfə analiz götürülüb, nəticələrini hələ də verməyiblər”.
Hakim Aytən Əliyeva bildirib ki, Nurlan Librenin digər təqsirləndirilən şəxslər kimi qandalsız gətirilməsi üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyinə və konvoy taboruna müraciət olunacaq.
Nurlan Libre həmçinin özünü pis hiss etdiyini söyləyib. Onun kəskin çəki itirdiyi, rənginin ağardığı aydın görünürdü. Jurnalist müayinə olunmaq üçün məhkəmə zalından çıxarılıb. Bir müddət sonra geri qaytarılan Nurlan Libre bildirib ki, təzyiqini ölçüblər, ona “korvalol” dərmanı veriblər.
“Məni Əliyev tutub, Əliyev də buraxacaq”, – deyə Nurlan Libre bildirib.
O, əlavə edib ki, aclığı davam etdirmək niyyətindədir.
Jurnalistlərdən Ramin Cəbrayılzadə (Deko) onun və həmkarlarının haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarlar çıxarmış hakim, bir müddət əvvəl isə vəzifəsindən azad edilərək, hazırda vəkilliklə məşğul olan Sülhanə Hacıyeva ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, bu şəxs onların haqqında siyasi sifarişlə həbs qərarı verib. Bu səbəbdən də indi ona dövlət hesabına vəkillik etməsini istəyir:

“İstəyirəm, mənim vəkilim olsun. Necə ki o bizi siyasi sifatişlə həbs eləyirdi, onun özünü də siyasi sifarişlə belə elədilər”.
Daha sonra prokuror ittiham aktının elanını davam etdirib. Bu zaman təqsirləndirilən jurnalistlər buna etiraz ediblər. Onlar billdirib ki, eyni yalanları dəfələrlə oxumaq vaxt itkisidir.
Lakin məhkəmə etirazları nəzərə almaqıb. Jurnalistlər də narazılıqlarını saxlandıqları kabinənin şüşəsini döyməklə bildiriblər.
Hakimlər etirazlara əvvəl əhəmiyyət verməyib, prokuror ittihamı oxumaqda davam edib. Lakin sonra onların fikri nəzərə alnaraq, ittihamın elanı yekunlaşıb.
Hakim 12 nəfərdən bir-bir özlərini təqsirli bilib-bilmədiklərini soruşub.
“Meydan TV”nin baş redaktoru Aynur Qənbərova (Elgünəş) bildirib ki, özünü qətiyyən təqsirli bilmir:

“Bu iş mənim üzərimdə qurulub. Halbuki, mənim əvəzimə burada Azərbaycanı talayan, korrupsiya ilə məşğul olanlar oturmalı idi. Mənim işim onların əməllərini araşdırmaq olub, buna görə buradayam”.
“Arqument az” saytının baş redaktoru, Şəmşad Ağayev (Ağa) özünü təqsirli bilmədiyini söyləyib və bu fikrini əsaslandırmaq istəyib. Lakin hakim onun sözünü kəsib. Bununla əlaqədar onların arasında mübahisə yaranıb:
“Bunun qanuni əsaslandırması var. Mən əsaslandırmalıyam ki, özümü niyə təqsirli bilmirəm”.
Şəmşad Ağanın israrından sonra ona fikrini əsaslandırmağa imkan verilib. O bildirib ki, ittiham aktı başdan-ayağa yalanlarla doludur:

“Dəfələrlə yazıblar ki, “Meydan TV” Azərbaycanda dövlət qeydiyyatından keçməyib. Xarici ölkədə qeydiyyatdan keçən media orqanı Azərbaycanda niyə qeydiyyatdan keçməli idi?
Mənim prokurora sualllarım var. Hansı əsasla Ülviyyə Quliyevanın ittihamında göstərilib ki, mən 2025-ci il yanvarın 30-da həbs olunmuşam? Halbuki, mən həmin vaxt azadlıqda olmuşam, nə təqsirləndirilən, nə də şahid idim. 25 gün sonra həbs edilmişəm.
Mənim haqqımda həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilmişdi. Şikayəti təmin etməyən apellyasiya məhkəməsinin hakimi Cavid Hüseyn qərarın əsaslandırma hissəsində yazıb ki, “AbzasMedia” jurnalistləri ofislərindən tapılan 40 min avro pulun ora atıldığını bildiriblər”. Mən “AbzasMedia işi” üzrə təqsirləndirilən şəxsəm, yoxsa “Meydan TV işi”?
Başqa bir şey deyim. İttihamda bir nömrə var, guya mənə aiddir. “Bakcell” nömrəsidir. Halbuki, birinci dəfədir görürəm. Maraqlısı budur ki, bu nömrə 1899-cu ildə qeydiyyatdan keçib. O vaxt heç Azərbaycan Respublikası yox idi. Bilirsiniz ki, Azərbaycan Respublikası 1918-ci ildə yaranıb. Zalda tarixçi də oturub, ondan soruşa bilərsiniz. Mən doğulmamışdan 80 il əvvəl bir nömrə alınıb, adıma qeydiyyatdan keçirilib, bu necə olur? Prokuror buna da cavab versin.
Bu ittiham aktı çox çətin dildə yazılıb. Bir cümləsi 20 səhifədir. Hətta Avropa Məhkəməsinin bununla bağlı Azərbaycana qarşı qərarları var. Dilçilik İnstitutundan nümayəndələr dəvət edin, rəy versinlər ki, belə bir sənəd nə dərəcədə dil qaydalarına uyğundur? İlham Əliyev bir neçə gün əvvəl çıxışında dedi ki, Azərbaycan dilini xarici təsirlərdən qorumaq lazımdır. Mən də deyirəm ki, Azərbaycan dilini yerli təsirlərdən – sizin təsirinizdən qorumaq lazımdır”.
Şəmşad Ağa çıxışında Dövlət Gömrük Komitəsinin sədri və hava limanında xidmət edən gömrük-keçid məntəqəsinin əməkdaşlarının məhkəmədə cavab verməsini də tələb edib:
“İttihamda yazmısınız ki, Ramin Deko aeroportdan gəlib, yolda saxlanılıb, üstündən 35 min avro pul tapılıb. Üstündə bu pul vardısa, necə olub ki, sərhəd-buraxılış məntəqəsinin əməkdaşları, gömrükçülər onu rahat keçirməyə imkan veriblər? Onlar niyə məsuliyyətə cəlb olunmayıb? Gəlib cavab versinlər”.
Təqsirləndirilən jurnalistlərdən Ülviyyə Quliyeva (Əli) bildirib ki, ittiham aktı başdan-ayağa şişirtmədir:
“Bu işdə müstəntiqlər ittiham aktını yazanda çox göydə uçublar. Vəsatət qaldırıram ki, müstəntiqlər beynəlxalq uçuş qanunlarının tələblərini pozduqlarına görə məsuliyyətə cəlb olunsunlar”.
Bundan başqa, aktivist Əmrah Təhməzov “Meydan Tv-ə Azadlıq! Şəmşad Ağaya Azadlıq! Ülviyyə Əliyə Azadlıq” şüarı səsləndirdiyi üçün Penitensiar Xidmətin əməkdaşları tərəfindən məhkəmə zalından zorakılıq göstərilərək uzaqlaşdırılıb.
Ülviyyə Əlinin hakim tərəfindən bir neçə dəfə bölünən və Cinayət Prosessual Məcəllənin 91.5.10-cu maddəsi olan “haqqında irəli sürülmüş ittihama dair izahat vermək” hüququnun pozuntusu ilə müşayiət olunan ittihama münasibətini təqdim edirik:
“Mən özümü təqsirli bilmirəm. Məhkəmədən tələb edirəm ki, bu ittihamları tərtib edənlər barəsində Cinayət Məcəlləsinin 270-ci beynəlxalq uçuş qaydalarını pozma maddəsi ilə cinayət işi başlansın. Çünki cinayət işinin materiallarından görünür ki, çox göylə uçublar və absurdun ən üst təbəqəsinə çatıblar.
Heç kimə bu tip vəsatətlər verməyim qəribə gəlməsin. İstintaq qrupu da bizim barəmizdə seçdiyi maddələri məhz belə tətbiq edib.
Biz istintaqın yaratdığı saxta mütəşşəkkil dəstəyə aid deyilik! Daha böyük bir mütəşəkkil dəstəyə aidik: Müstəqil Jurnalistlər.
Yaşasın azad mətbuat və müstəqil jurnalistlər!
Jurnalist Aytac Tapdıq məhkəmədə ittihamın mahiyyətinin ona aydın olması sualına cavab verərkən hakim onun çıxışına imkan verməyib və mikrofon söndürülüb. Bu zaman Tapdıq yüksək səslə çıxış etməyə başlayıb:
“Bəli, ittihamın mahiyyəti elə mənə aydındır. Mahiyyət sizin üçün qaranlıqdır. Mahiyyət Meydan TV-dir, mahiyyət azad mətbuat üçün verdiyimiz savaşdır. Əlinizdə utanmadan tutduğunuz o kağız yığınına görə 12 nəfərin hər birinə bəraət verilməlidir. Sizin o qeyri-əxlaqi şəkildə apardığınız istintaq tamamilə rüsvayçılıqdır. Meydan TV işində sinifdə qaldınız, bəylər! Gəlin rolları düzgün müəyyənləşdirək. Durduğunuz pozisiyaya aldanıb bizi mühakimə etmək xəyalına qapılmayın. Təftiş etmək bizim işimizdir. Biz sorğulayacağıq, vasitəçiliyini etdiyiniz hökumət cavab verməli olacaq. Biz cinayətlərinizi aşkara çıxaracağıq, müqəssir yenə siz olacaqsınız!”.
Aytac Tapdıq çıxışının sonunda qeyd edib ki, “özümü təqsirli bilirəmmi?” sualını şəxsinə qarşı təhqir hesab edir və bütün proses boyunca bu sualın ona verilməsini qadağan edir.

“Mənə bu sualı verməyi sizə qadağan edirəm. Çünki hamı bilir ki, biz siyasi sifarişlə həbs olunmuşuq. Siz isə (hakimləri nəzərdə tutur) bu işdə alətsiniz”.
“Biz İlham Əliyevin sifarişilə həbs olunmuşuq. Lakin bu həbs bizi susdurmayacaq”.
Jurnalist Xəyalə Ağayeva da peşə fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayıb:
Biz ittiham aktı altında bir səfsətə dinlədik. Məsələ budur ki, basqıcı rejimlər idarəetməni sərtləşdirəndə ilk növbədə mətbuata hücum edir. Çünki heç bir diktator mətbuatı azad cəmiyyətlə bacara bilməz. İndi Azərbaycan hökuməti də öz pəncələrini bizim söz və ifadə azadlığımıza keçirib. Jurnalistikamız qürub çağını yaşayır. Lakin yolumuz hələ uzundur. Qarşımıza sizin tək çıxarılan bütün maneələri aşacaq qaranlıq ölkədə işıq yandırmağa davam edəcəyik.
Jurnalistlərdən Aysel Ümüdova da fikrini əsaslandırmaq istəyib, lakin hakim Aytən Əliyeva icazə verilmədiyini söyləyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Aysel Umudova çıxışına başlamazdan əvvəl “çıxışımı kəssəniz, stulun üstünə çıxacam”, – deyib, bundan sonra Aytən Əliyeva, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası qəfildən məhkəmə zalını tərk edib.
Məhkəmə prosesi 20 fevral 2026-cı il, saat 14:30-a təyin edilib.