İdris Abbasov: “Mən hələ beyni qarnında olan titullu akademik-alim-deputatları demirəm…”
“Təmsil etdiyi xalqın müəllimi, alimi, şairi, ədibi, bir sözlə, namuslu vətəndaşı 300-500 manata möhtac olduğu halda, aylığı ən pis halda 8698 (səkiz min altı yüz doxsan səkkiz) manata çıxan, müəyyən imtiyazlarla təmin edilən deputatın qarın davası etməsi düşüncə böhranıdır”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov “Facebook” hesabında yazıb.
O, deputat Aqil Məmmədovun millət vəkillərinin maaşlarının artırılması ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən bu qənaətə gəlib.
Deputat iyunun 21-də “pravda.az”-a deyib ki, millət vəkilləri tez-tez seçicilərlə görüşə getməlidirlər, tədbirlərdə iştirak etməlidirlər:
“Şəxsi avtomobillə gedəndə, benzinə pul xərcləyirik. Benzin, amortizasiya xərcləri, maddi məsələlər var… Bunlar hamısı nəzərə alınmalıdır. Maaşlar artırılsa, əlbəttə, yaxşı olar”.
Professor İdris Abbasov hesab edir ki, maddi problem içində çabalayan xalqın deputatı yalnız özünü düşünməməlidir:
“Dövlətin qanunverici orqanını belələri təmsil edəcəklərsə, biz total böhranın dibinə qədər yuvarlanacağıq. Bu nədir? Qopar-qopardır? Vallah, maddi məşəqqət içində çabalayan xalqın normal deputatı belə olmaz. Ən azı, çıxış yolu tapmaq üçün baş sındırar. Bizdə isə baş gedib, zəhrimara qalmış qarın isə yaddan çıxıb qalıb xalqın düz boğazında. Xəcalətə, qınağa davamlı belə təfəkkürlə dövləti sahmana salmaq olmaz”.
“Mən hələ bir neçə vəzifə tutub ikiqat, üçqat maaş alan, mənbəyi bilinməyən pullarla biznes quran, övladlarını vəzifələrə yerləşdirən, xaricdə eyş-işrətə qurşandıran, xalqa zərrə qədər də ürəyi yanmayan qəddar və beyni qarnında olan elmi dərəcəli, adlı, titullu akademik-alim-deputatları demirəm. Xalqın qayğısına qalmalı olan deputat qarnını güdür. Pis mənada o qədər arxayınçılıq yaranıb ki, heç kim onun real gəlirinin araşdırılacağına inanmır”, – deyə professor bildirib.
O, bu davranışları məsuliyyətsizlik adlandırıb:
“Bu qəbil məsuliyyətsiz davarnışların, vəzifəyə, mandata qarnını, cibini doldurmaq mənbəyi kimi baxmağın səbəb olacağı milli faciənin miqyasını proqnozlaşdıran ciddi araşdırmalar aparılmalı, həmin davranışların siyasi, iqtisadi, dövlətçilik, sosial, mənəvi-psixoloji və əxlaqi yönləri dəyərləndirilməli və zərərləri aradan qaldırılmalıdır”.
İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib.
İclasda “Azərbaycan Respublikası Milli Məcilisi deputatlarının statusu haqqında” Qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Dəyişikliyə əsasən, Milli Məclisin spikeri 3550, birinci müavini 3195, müavini 3000, deputatlar isə 2485 manat maaş alacaq.
Bu vaxta qədər spiker 2475 , deputatlar 1730 manat maaş alırdı.