Xalq yazıçısı Anar Rzayev Yazıçılar Birliyinin 13-cü qurultayında yenidən sədr seçildi.
Yazıçılar Birliyinin qurultayında 2 namizəd Emil Rasimoğlu və Fuad Cəfərli onlara söz verilmədiyindən buna etiraz edib zalı tərk etdi.
“Anar müəllim, mən parlamentə namizədliyimi vermiş adamam. Orada mənə söz veriblər, amma qurultayda vermədilər. Niyə? Bu, sizin fiaskonuzdur”, – Fuad Cəfərli etiraz edib.
“Mənim sözümə məhəl qoymadan əgər sən Anarın səsverməsini elan edib, bununla da tədbiri tamamlayırsansa, demək sən sadəcə bu qurultayı bundan öncəkilər kimi təkrarlayırsan”, – şair Emil Rasimoğlu deyib.
Namizədlərin etirazından sonra jurnalistlərin suallarını cavablayan Anar Rzayev deyib ki, “tədbiri mən aparmırdım”.
“Gizli səsvermə zamanı qoçaqlar çox olur. Onların cəsarəti çatmır ki, açıq səsvermədə öz fikirlərini bildirsinlər. Açıq səsvermə ən demokratik səsvermədir. Bu da bizim nizamnaməmizə daxildir”, – yazıçı deyib.
Anar Rzayev həmçinin bildirib ki, bu, onun sonuncu namizəd olduğu qurultaydır.
“5 il ərzində nə mümkündürsə, mən edəcəm. Əgər 5 il qalsam. Mətbuatın zəhərlərini uda-uda, bundan sonra yaşaya bilsəm. 5 ildən sonra isə kimi istəyirsinizsə, onu da seçərsiniz”, – deyib.
Səsvermə nəticəsində yeganə namizəd Anar Rzayev növbəti 5 il ərzində də AYB-yə sədrlik edəcək.