Ayaz da belə getdi

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Dəyişməyən yalnız müxalifət və kütlədir

Azərbaycanın Ən Yeni Tarixini yazmış siyasi xadimlərin ardıcıl olaraq dünyadan köçməsi tarixin bu səhifəsinin keçmişə əbədi qovuşması deməkdir.

Bəzi-para adamlar hələ də qalıb, onlar nəzəriyyə baxımından nə isə deyə bilərlər, fəqət bu gedən-köçən nəslin ölkənin müqəddəratında nəzərə çarpacaq hansısa rolu oynamaq fürsəti sürətlə sıfra yaxınlaşır.

Əbdürrəhman Vəzirovun vəfatı xəbəri cəmiyyət tərəfindən yenicə unudulmağa başlamışdı. Ayaz Mütəllibovun vəfatı xəbəri medianın diqqətini 2-3 günlüyə özünə cəlb edə bildi. Lakin bu xəbər də xəzan yeli kimi keçib getdi.

Təsadüfə baxın ki, elə bu günlərdə ədəbiyyatımızın klassiki Çingiz Hüseynovun tariximizin bu dövrünə həsr edilmiş “Cıdır atının nallanması“ romanını oxuyub qurtarmışdım. Bu əsərin qəhrəmanları sırasında Ayaz Mütəllibov da, Əbdürrəhman Vəzirov da var.

Təkcə bu insanlar deyil, onların vəfatı xəbəri deyil, həm də bu insanlarla bağlı tarixlər, tarixi şəraitlər, tarixi fürsətlər də gedib-gəlməzə qovuşur, aktuallığını itirir. “Azərbaycan Kommunist Partiyasının sonuncu Birinci katibi, Azərbaycan Respublikasının birinci Prezidenti” həyatdan köçəndən sonra xalqının tarixində, onun tarix kitablarında yalnız bu müxtəsər məlumatla qalacaq.

Başqa nə edib? Hansı fəzilətin sahibi idi? İnsaf xatirinə yazmaq vacibdir.

Bəzi siyasi xadimlərə etmədikləri xidmətləri aid edirlər, daha doğrusu, onlar bu xidmətləri öz ayaqlarına yazırlar, onların kollektiv şeyx əhmədləri bu istəyi yerinə yetirmək üçün bütün muzdlu alim-yazar tayfasını səfərbər edir, bu əsassız iddianı tarixi qələbə və nailiyyət kimi dərsliklərə salır, bu barədə sənədli və bədii filmlər çəkir, mahnı bəstələyib manıslara oxutdururlar.

Ayaz Mütəllibov PR sahəsində sıfır idi. Hətta ölkə üçün gördüyü müsbət işləri belə cəmiyyətə çatdıra bilmirdi. Bu işlərin hamısını başqaları dəbbələdilər.

Mütəllibovla ömrümdə bircə dəfə görüşmüşdüm. 1989-cu ilin noyabr ayının birinci yarısında AKP MK-nın bürosu AXC İH-nin üzvlərini məsləhətə çağırmışdı. Bu görüşdəki vaqeəni kitabımda təsvir etmişəm deyə təkrara lüzum görmürəm. Ondan sonra onunla heç vaxt görüşməmişəm, heç bir təmasım olmayıb. Fəqət şayiə yaymaqda yüksək peşəkarlığı ilə seçilən siyasi rəqiblərim 1990-ların əvvəllərində məni “mütəllibovçu” kimi qələmə verməyi bacardılar.

Bunun mənə nə istisi, nə də soyuğu vardı, zira siyasi təmənnam yox idi və kütlə rəğbətini qazanmağa təşnə deyildim.

Keçənə güzəşt deyərlər. Vəzirovun siyasətini təhlil və tənqid edirdim, fikirlərimi oğurlayıb hər tində bunu öz fikirləri kimi car çəkirdilər. Vəzirovun xalqa xeyir verən bir addımını müsbət qiymətləndirirdimsə, bədxahlarım vargücləri ilə “satıldı, Vəzirova satıldı” bağırırdılar.

Azərbaycanın siyasi həyatının qəribə xüsusiyyətləri var. İbtidai-icma quruluşu dövrünün rəftarından tutmuş erkən feodalizm dövrünün özəlliklərinə qədər bu həftəbecar xəlitə bizim siyasətlə guya məşğul olan məxluqatın beynini doldurub. Müasir siyasi texnologiyalar Azərbaycan siyasilərinin fikir dünyasına sənayemizə mikroçip istehsalı yad olduğu qədər yaddır.

Məhz buna görə xalqa və dövlətə fayda gətirə biləcək istənilən təklif bu yabanı siyasi fəallar tərəfindən rədd edilir. Mütəllibovun Azərbaycana xeyir gətirə biləcək bir neçə təklifini həmin yabanı siyasi fəallar bilərəkdən qəribliyə saldılar.

İki ən vacibini yada salmaq istərdim.

1.Dövlətimizin tarixində birinci və sonuncu dəfə məhz Ayaz Mütəllibov müxalifətə koalision hökumət təşkil etmək təklifini vermişdi. QKÇP-nin süqutundan sonra, 1991-ci ilin avqust ayının sonlarında verilmiş bu təklif ta onun 1992-ci ilin mart ayının 5-6-da zorakı devrilməsinə qədər, 7 ay (!) siyasi gündəlikdə durdu.

Koalision hökumət təklifinin mahiyyəti həmin dövrdə nə idi? İflasa uğramış sovet nomenklaturasının lideri hökumətin şir payını iki eşşəyin arpasını bölməyi bacarmayan müxalifətçilərə verirdi ki, onlar nazir məqamlarında əyləşib həmin bu sovet nomenklaturası ilə birgə işləyərək idarəçilik bilik və vərdişlərinə yiyələnsinlər, keçid dövründə razılaşdırılmış islahat proqramını həyata keçirsinlər.

Hökumətin baş naziri, baş nazirin müavinləri, bütün nazirlər (dördündən savayı) müxalifətdən olmalı idi. Mütəllibov deyirdi ki, dörd nazir prezidentə tabe olmalıdır: Xarici işlər, Daxili işlər, Müdafiə və Təhlükəsizlik nazirlikləri. Ona görə yox ki, hansısa xəbis qəsdi var idi, deyirdi ki, müxalifətçılər sırasında bu mürəkkəb və məsuliyyətli vəzifələri icra edə biləcək kadrlar yoxdur. 1992-1993-cü illərin qanlı-qadalı hadisələri sübut etdi ki, Mütəllibov haqlı idi.

Baş nazirdən və müavinlərindən tutmuş bütün nazirlər cəbhəçilərdən ola bilərdi: maliyyə, tikinti, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, nəqliyyat və sair və ilaxır. AXC bu milli barış və təkamül təklifindən israrla və dəfələrlə imtina etdi.

Özləri bunu etdi, ya pərdə arxasından bu qaragüruhu məharətlə idarə edən rəhbərin göstərişi idi, bunu heç kim dəqiq deyə bilməz. “Zamana ehtiyacı var” artıq baqi dünyada, onun hələlik fani dünyada zindəganlıq edən müridlərinin başlarını kəssən, həqiqəti, yəni siyasi səfehliklərini etiraf etməzlər.

Meydan sulayan müxalifətin bu ilk baxışdan anlaşılmaz görünən, vətənimə olmazın bəlalar gətirən imtina israrına tamaşa etdikcə həmin günlər yadıma bircə atalar məsəli düşürdü: “Eşşək nə bilir zəfəran-plov nədir”.

Ən qəribəsi, ən gülməlisi və ən ağlamalısı odur ki, indiki zamanda canlarını bu sabiq möhtəşəm hərəkatın miskin qalıqlarına fəda verən insanların 99%-i öz siyasi bütlərinin qeyri-zəkaları barədə heç bir məlumata sahib deyilllər.

2.Ayaz Mütəllibov təzəcə müstəqilliyə çıxmış Azərbaycan üçün Rusiya ilə sıx müttəfiqlik münasibətlərinin qaçılmaz olduğunu dərk edirdi (bax: 44 günlük müharibə dövründə Rusiyanın tutduğu mövqeyə və 23 fevral 2022-ci il Bəyannaməsinə).

Vargücləri ilə Azərbaycanın ali siyasi hakimiyyətinə can atan müxalifət liderləri (Azərbaycanın Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi Əliyev Əbülfəz, EA-nın Fizika institutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Qasımov Tofiq, namizədlik işlərini tamamlaya bilməmiş elmi işçilər Qəmbərov İsa və Hüseynov Pənah, Daxili İşlər Nazirliyinin SƏDM ( Sosialist Əmlakını Dağıdanlara qarşı Mübarizə) idarəsinin mayoru Həmidov İskəndər və başqaları) hiss edirdilər ki, əgər bu müttəfiqlik əlaqələri qurulsa, Rusiya Qarabağ münaqişəsində Azərbaycanı müdafiə edə bilər, belə olan halda isə əlvida respublikanı dağıdan ictimai-siyasi təlatümlər, əlvida VƏZİFƏ! Məhz buna görə müxalifət Mütəllibovun gerçəkçi xarici siyasətini “imperiyaya nökərçilik” kimi qələmə verir, “Ayaz Mütəllibov MDB müqaviləsinə imza atmaqla Azərbaycanı yeni imperiya boyunduruğuna saldi” deyə hər tində bağırırdı.

Nə oldu? Rusiyaya müttəfiq Azərbaycan deyil, Ermənistan oldu, əvəzində Rusiya Qarabağı bizdən alıb Ermənistana verdi. Müxalifət mükafatsız qalmadı: çöllərə səpələnmiş bədbəxt camaat məğlubiyyətin günahını Prezidentdə gördü, baiskar müxalifəti hakimiyyətə gətirdi. “Bildirçinin bəyliyi” bir il çəkdi.

Sonrasını dəxi yazmıram, bilən bilir, bilməyən isə bilməsə yaxşıdır, yatanda rahat yatar.

1991-ci ilin sentyabr ayında “İstiqlal” qəzetində Ayaz Mütəllibova açıq məktub ünvanlayıb, ona iqtisadi-siyasi məkanda 13 islahat təklif etmişdim. 1992-ci ilin fevralında bu təkliflərin yalnız birini fərman şəklində verdi.

Bu fərman nə idi? Sovet dövründə qeyri-rəsmi şəkildə bütün ticarət və ictimai-iaşə xidməti obyektlərinin yerləşdiyi sahələr dövlət mülkiyyətində idi. Mən təklif etmişdim ki, Mütəllibov fərmanla bu sahələri faktiki sahibkarların qanuni özəl mülkiyyətinə keçirsin. Mütəllibov bu təklifi fərmanı ilə qanuniləşdirdi. Bir ay keçmədi ki, onu martda devirdilər, Əbülfəz Əliyev Prezident olandan sonra bu fərmanı ləğv etdi. Sonra Heydər Əliyev gəldi. Bütün bu sahələri sahibkarlara ağlasığmaz yüksək qiymətə satdılar. Kim satdı, necə satdı, neçəyə satdı, pullar kimə çatdı, dəxi onu yazmıram, bilən bilir, bilməyən bilməsə yaxşıdır, yatanda rahat yatar.

Mütəllibov qalan 12 təklifimi həyata keçirməyə cürət etmədi.

Ümumiyyətlə qətiyyətsiz, ağciyər insan idi. Müxalifət bunu gözəl bilirdi və onu daima xalqın qanı ilə hədələyirdi. İnsan qanının tökülməsindən qorxan Mütəllibov hər dəfə müxalifətə güzəştə gedirdi. Hər güzəştdən sonra daha da azğınlaşan müxalifət daha sərt, daha böyük tələblər qoyurdu. Kütlə rəhmlə qəddarlıq arasında gedən bu yarışda müxalifətin tərəfində idi.

Gün keçdi, il dolandı, Mütəllibovun ali dövlət məqamında olduğu zamandan 30 il keçdi. Bəli, Ayaz da belə getdi.

Dəyişməyən yalnız müxalifət və kütlədir. Görünür, Azərbaycanda yalnız onlar daimidirlər.

Ana səhifəMənim FikrimcəAyaz da belə getdi