Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin üzvü Əlixan Rəcəblinin həbsinin təfərrüatları məlum olub.
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Meydan TV-yə bildirib ki, Əlixan Rəcəbli saxlanılarkən özünə xəsarət yetirib.
O, həbsinə etiraz olaraq qollarını kəsib.
Nadiq Ədilov deyir ki, Rəcəblinin həbsindən bir neçə gün əvvəl əməlliyatçı Elvin adlı şəxslə aralarında mübahisə baş verib. O, bu barədə Ədilova səs yazısı göndərib.
“Elvin bizim royanda əməliyyatçı işləyir. Keçən gün şöbədə idim. Cəbhəçi olduğumu bildiyi üçün üstümə gəldi. Elə düşünürdü ki, mən də əl-qol atacam amma heç nə etmədim”, – deyə Əlixan Rəcəbli Natiq Ədilova göndərdiyi səs yazısında deyib.
Natiq Ədilov deyir ki, Əlixan Rəcəbli öncədən həbsinə zəmin hazırlandığını düşünürmüş.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin üzvü Əlixan Rəcəbli həbs olunub.
Bu barədə partiya üzvləri sosial mediada məlumat paylaşıb.
Onların yazdığına görə, Əlixan Rəcəbli yanvar ayının 7-də Masallı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılb. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəcəbli Cinayət Məcəlləsinin 234.1 satış məqsədi olmadan narkotik maddələri əldə etmə, daşıma, emal etmə maddəsi ilə ittiham olunur.
Partiya üzvləri qeyd edir ki, Əlixan Rəcəblinin səhhəti ilə bağlı ciddi problemləri var. Onlar ittihamın əsassız olduğunu bildirirlər və Rəcəblinin sosial şəbəkədə yazdığı tənqidi fikirlərə görə həbs olunduğunu deyirlər.
Hazırda Əli Kərimli də daxil AXCP-nin 20-dən çox üzvü həbsdədir.
Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs olunublar.
Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.