Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki üzvünün saxlanıldığı bildirilir.
Partiyanın oktyabrın 14-də yaydığı məlumata görə, Nərimanov rayon şöbəsinin üzvü Elməddin Muradov 30 sutka inzibati həbsə məhkum edilib. AXCP onun heç bir qanun pozuntusu törətmədiyini bildirir.
Partiyanın digər üzvü Mətanət Turanın isə oktyabrın 13-də Abşeron Rayon Polis İdarəsinə aparıldığı açıqlanıb.
Hər iki hadisənin təfərrüatını dəqiqləşdirmək və rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb.
Son illər AXCP üzvləri dəfələrlə inzibati qaydada həbs olunublar. Hazırda partiyanın 20-yə yaxın üzvü uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var.
Partiya üzvlərinə qarşı irəli sürülən ittihamları siyasi sifariş hesab edir. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir.