Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Ərkivan kimi tanınan Anar Hüseynovun oktyabrın 6-da saxlanıldığı bildirilir.
AXCP-nin yaydığı məlumata görə, o, səhər saatlarında Sabunçu rayonunda yaşadığı evdən zibil atmaq üçün çıxarkən dörd-beş mülki geyimli şəxs tərəfindən saxlanılıb.
Hadisənin şahidi olan ailə üzvlərinin bildirdiyinə görə, həmin şəxslər Anar Ərkivanı zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
“Onun hazırda harada olduğu və onu kimlərin apardığı məlum deyil”, – partiyadan bildirilib.
Anar Ərkivan 2026-cı ildə bundan əvvəl də iki dəfə inzibati qaydada həbs olunub.
İyunun 16-da avtomobil idarə edərkən yol polisi əməkdaşı tərəfindən saxlanılan fəalın ertəsi gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edildiyi bildirilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi – polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirləndirilmişdi.
AXCP-nin məlumatına görə, həmin hadisə zamanı Ərkivan avtomobil idarə edərkən telefonla danışması barədə yol polisinin iradı ilə razılaşmayıb və yazılacaq cəriməyə etiraz edib. Partiya bundan sonra polis əməkdaşlarının ona zor tətbiq etdiyini və 17-ci Polis Şöbəsinə apardığını bildirmişdi.
Ərkivan ilin əvvəlində də polisə müqavimət və xırda xuliqanlıq ittihamları ilə 30 sutka inzibati həbs edilmişdi.
AXCP onun əvvəlki həbslərinin də siyasi motivli olduğunu və fəalın şərləndiyini bildirib.