Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev [onu yaxınları, partiyadaşları Əlizamin adlandırır-red.] saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına — “karsa” salınıb.
Bu barədə məhbusun yaxınları məlumat yayıb.
Onların sözlərinə görə, buna səbəb Salayevin kameralarda kondisionerin olmamasına etiraz etməsi olub. O, havaların isti keçməsi ilə əlaqədar kameralardakı köhnə sərinkeşlərin yeni kondisionerlərlə əvəz olunmasını tələb edib.
Bundan sonra müəssisə rəhbərliyi Salayevi cərimə kamerasına salıb.
AXCP-nin Salyan rayon şöbəsinin sədri Zamin Salayev 2023-cü il fevralın 7-dən həbsdədir. Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunan Salayev Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib.
Salayev bundan əvvəl dəfələrlə polisə müqavimət və digər ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib.