Avropa və Azərbaycanda inflyasiya: rəqəmlər nə deyir?

İnflyasiya, vepar5/shutterstock

“Azərbaycanda inflyasiya əhalinin gəlirlərinin artım tempini az qala 5-6 dəfə üstələyib”

Avropada illik inflyasiya 2022-ci ilin avqustunda 9,1 faiz olub.

Rəqəmin sentyabrda 10,0 faizə çatdığı bildirilir.

BMT-nin Statistika Şöbəsinin (World of Statistics) yaydığı məlumatda belə deyilir.

Məlumata görə, daha çox inflyasiya Estoniyada qeydə alınıb: 24.2 faiz.

Bölgədə inflyasiyanın artmasına təkan verən əsas komponent enerjidir.

Enerjinin ən yüksək illik göstəricisi sentyabrda qeydə alınıb: 40.8 faiz olub.

Foto: “Reuters”

Bu rəqəm avqustda 38,6 faiz olub və bir ay sonra 2 faizdən artıq artım müşahidə edilib.

Enerjidən sonra ərzaq, spirt, tütün məhsullarında yüksək inflyasiya qeydə alınıb və bu rəqəm avqustda 10,6 sentyabrda 11,8 faiz olub.

Növbəti yerdə qeyri-enerji sənaye malları gəlir ki, avqustda 5,1, sentyabrda 5,6 faiz inflyasiya ilə üzləşib.

Xidmət haqları qiymətlərində də artım müşahidə olunub – avqustda 3,8, sentyabrda 4,3 faiz.

Bundan əlavə, Litvada inflyasiya həddi 22.5, latviyada 22,4, Niderlandda 17.1, Slovakiyada 13.6, Yunanıstanda 12.1, Belçikada 12, Avstriyada 11, Almaniyada 10.9, Sloveniyada 10.6, Portuqaliyada, 9.8, Finlandiyada 8.4, Maltada 7.3, Fransada 6.2 faiz qeydə alınıb.

Azərbaycanın qonşularına gəlincə, 2022-ci ilin sentyabr ayında Türkiyədə illik inflyasiya 83,45 faiz olduğu açıqlanıb.

Foto: aljazeera.com

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin sentyabrında istehlak qiymətləri indeksi əvvəlki ilə müqayisədə 0,8 faiz artıb.

İllik inflyasiyaya gəlincə, 11,5 faiz olub.

Ermənistan Milli Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, 2022-ci ilin avqustunda Ermənistanda 12 aylıq istehlak inflyasiyası 9,1 faiz artıb.

İyuldan avqusta isə inflyasiya həddində 0,2 faiz artım olub.

Foto: RBC

2022-ci ilin avqustunda Rusiyada inflyasiya əvvəlki ilin eyni ayına nisbətən yüzdə 14,3 faizə çatıb.

2022-ci ilin iyul ayından etibarən isə 15,1 faiz səviyyəsində azalma qeydə alınıb.

Bu ölkədə 2022-ci ilin avqust ayında ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 2021-ci ilin avqust ayına nisbətən 12,5 faiz artıb.

Rəsmi açıqlamalara görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 13,2 faiz olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9, qeyri-ərzaq məhsulları 7,2, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10 faiz bahalaşıb.

2022-ci ilin avqustunda inflyasiya iyula nisbətən 0,9, ötən ilin avqustuna baxanda isə 14,2 faiz artıb.

Rövşən Ağayev
Mənbə: Meydan TV

İqtisadçı Rövşən Ağayev isə Bakı Araşdırmalar İnstitutunun saytında (BAİ) dərc olunan məqaləsində rəsmi statistikaya istinadən yazır ki, son 2 ildə (2021-2022 illər) Azərbaycanda inflyasiyanın səviyyəsi əhalinin adambaşına gəlirlərinin artım tempini az qala 5-6 dəfə üstələyib.

“Zəruri qida və kommunal xidmətlər səbətinin dəyəri əsas götürüldükdə, son 6 ildə əhalinin yaşayışı 75 faizdən çox bahalaşsa da, orta maaşlar 65 faizə yaxın, əhalinin orta gəlirləri isə daha zəif templə artıb”.

Ekspert bildirib ki, 2016-2021-ci illərdə adambaşına nominal gəlirlər cəmi 21 faiz artıb.

2022-ci il üzrə gözlənilən 13-14 faizlik mümkün artım da nəzərə alınsa, qiymətlərin gəlirlərdən az qala 2 dəfə sürətlə qalxdığı görünür.

Ana səhifəSosialAvropa və Azərbaycanda inflyasiya: rəqəmlər nə deyir?