Avropa Parlamentində qətnamə: Azərbaycan mədəni abidələri silməkdə günahlandırılır

Avropa Parlamenti. Pierre-Olivier/shutterstock

“Bu, Azərbaycan hakimiyyəti tərəfindən edilir və ermənilərə qarşı nifrətin tərkib hissəsidir”

Avropa Parlamenti Azərbaycanı Dağlıq Qarabağda və ətraf ərazilərdəki erməni mədəni irsinə qarşı münasibətinə görə tənqid edən qətnamə qəbul edib.
Qətnamənin leyhinə 635, əleyhinə 2 səs verilib, 42 millət vəkili isə bitərəf qalıb.

Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini “silmək və inkar etmək” siyasəti yürüdür. Bu da beynəlxalq hüquqa zidd davranışdır:

“Regionda erməni mədəni irsinin silinməsi siyasəti aparılır. Bu, Azərbaycan hakimiyyəti tərəfindən edilir və ermənilərə qarşı nifrətin daha geniş sxeminin tərkib hissəsidir. Mədəni irs gələcək nəsillər üçün qorunub saxlanmalıdır”.

Anar Məmmədli: “Hökumət və böyük çoxluq elə bilir ki, erməni mədəni irsini inkar etməklə yaxşı iş görür”

Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli düşünür ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə qərəzli müddəalar və təsdiqlənməmiş iddialar var:

“Lakin gerçək məqamlar da qeyd edilib. Qərəzli və təsdiqlənməmiş müddəaların orada yer almasının qarşısını şəffaflıq və beynəlxalq əməkdaşlıqla almaq olardı. Bunun üçün ölkənin qapıları hamının üzünə açıq olmalı, ölkədə AP ilə çalışan siyasi partiyalar, QHT-lər və beyin mərkəzlərinə imkan yaradılmalı, hökumətin post-müharibə dövründəki addımları və ritorikası yumşalmalıdır. Məsələn, Qafqaz Albaniyası ilə bağlı Mədəniyyət Nazirliyinin qərarına heç bir ehtiyac yox idi”.

Anar Məmmədli deyir ki, 2020-ci ilin sonunda həm yerli, həm də beynəlxalq mediada Qafqaz Albaniyası ilə bağlı müzakirələr, tarixi mədəni-dini abidələrin qarşılıqlı şəkildə qorunması müzakirə edilib.

O zaman təklif edib ki, bu dövrlə bağlı birgə ekspert qrupu yaradılsın, həmçinin Ermənistanda və Azərbaycanda bu iki xalqa mədəniyyət nümunələri beynəlxalq ekspertlərin iştirak ilə öyrənilsin:

“Təklifimin əsas qayəsi bu sahədə doğru-dürüst araşdırmaların aparılmadığına söykənirdi. Amma hökumət də daxil olmaqla böyük bir çoxluqda ciddi qənaət formalaşıb ki, Qarabağda erməni mədəni irsinin olduğunu inkar etməklə yaxşı iş görürlər. Əslində bununla münaqişənin sürətli həlinə nə qədər zərər vurduqlarının fərqində deyillər”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Anar Məmmədliyə görə, münaqişənin həlli Qarabağda hər iki xalqın ortaq mədəni irsinin, etnoqrafiya və tarixinin olduğunu qəbul etməkdən başlayır: “Bu, baş verməsə, proses uzanacaq və bu yubanmada Rusiyanı günahlandırmaq mümkün olmayacaq”.

Daha öncə təsdiqlənməsi üçün Avropa Parlamentinə təqdim edilən qətnamə layihəsində bildirilirdi ki, Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında erməni mədəni irsinin olduğunu inkar edir. Layihədə bu inkaredilmə və silinmə siyasəti pislənirdi.

Bildirilirdi ki, erməni milli irsinin silinməsi Azərbaycan hökumətinin sistematik, dövlət səviyyəsində ermənifobiya siyasətinin, ermənilərə qarşı tarixi təftişçilik və nifrət təbliğatının, zorakılığın tərənnüm edilməsinin və Ermənistan Respublikasına qarşı ərazi iddialarının bir hissəsidir.

Eyni zamanda, layihədə vurğulanırdı ki, Dağlıq Qarabağ regionundakı münaqişələr bu ərazilərin “ümumi irsinin” dağıdılmasına, qarət və talan olunmasına, düşmənçilik və etimadsızlığın artmasına səbəb olub.

Sənəddə təklif edilirdi ki, YUNESKO (UNESCO)-nun bölgəyə müstəqil ekspertlər qrupu göndərilməsi təşəbbüsü dəstəklənməlidir. Bunun üçün təşkilat Azərbaycanı bu qrupun regiona sərbəst girişinə şərait yaratmağa çağırdı.

Habelə vurğulanırdı ki, Azərbaycan sözügedən missiyanın bölgəyə səfərinədək tarixi abidələrə heç bir müdaxilə etməməlidir.

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.
Ermənistan isə hazırda eyni ittihamla Azərbaycanı suçlayır.

Ana səhifəSiyasətAvropa Parlamentində qətnamə: Azərbaycan mədəni abidələri silməkdə günahlandırılır