Azərbaycan hökumətinin Taleh Bağırzadə ilə bağlı etirafı
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilmiş 10 şikayət üzrə iki
qərar
ını açıqlayıb. Bunlardan 7 nəfərin şikayət üzrə verilən bir qərarla Avropa Məhkəməsi o işlərin siyahıdan çıxarılmasına qərar verib. Çünki həmin şikayətlərlə bağlı kommunikasiya mərhələsində – Avropa Məhkəməsilə Azərbaycan hökuməti arasında yazışmalar davam edəndə hökumət pozuntuya yol verildiyini etiraf edib.
Şikayətlər məhkəməyə qədərki həbslərlə bağlı olub. Hökumət də ərizəçilərin məhkəməyə qədərki həbs müddətinin uzun olduğunu qəbul edib və buna görə onlara dəymiş ziyanı ödəməyə razılıq verib. Azərbaycan hökuməti təktərəfli bəyannamə təqdim edərək, o şikayətlərin baxılacaq işlər siyahısından çıxarılmasını xahiş edib.
Kommunikasiya mərhələsində şikayətçilər və onların vəkilləri bu təkliflə razılaşmasalar da, Avropa Məhkəməsi şikayətlərin siyahıdan çıxarılmasının doğru olduğu nəticəsinə gəlib. Qərara əsasən, hökumət 7 ərizəçinin hər birinə 3000 avro kompensasiya ödəməlidir. Sözügedən 7 nəfərin arasında “Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, Nardaran hadisələrinə görə həbs olunmuş Elxan İsgəndərov da var.
T.Bağırzadənin vəkili Cavad Cavadov bildirib ki, bu qərar ilahiyyatçının Nardaran hadisələrindən əvvəl, birinci həbsilə bağlıdır.
T.Bağırzadə ilk dəfə Təhsil Nazirliyinin qarşısında hicab qadağasına etiraz olaraq keçirilən aksiyada həbs olunmuşdu. Ona qarşı daha sonra narkotik ittihamı irəli sürüldü və həbs müddəti də uzadıldı. İlahiyyatçı 2015-ci ilin əvvəlində azadlığa buraxılsa da, həmin ilin noyabrında yenidən Nardaran hadisələrinə görə həbs edildi.
Avropa Məhkəməsinin daha bir qərarı isə 2015-ci ilin noyabrında Nardaranda T.Bağırzadə ilə birlikdə həbs olunmuş Zakir Mustafayev, hazırda Londonda yaşayan və internet televiziyası yaradan Qurban Məmmədov və Vaqif Musayevlə bağlıdır. Onların işində də həbs-qətimkan tədbirinin qanunsuz olması mübahisələndirilib. Avropa Məhkəməsi bu ərizəçilərə münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin 3 və 4-cü bəndlərinin pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət Qurban Məmmədova 3 min, Vaqif Musayev və Zakir Mustafayevin hər birinə isə 3500 avro təzminat ödəməlidir. Bu məbləğin 3000 avrosu mənəvi ziyana, 500-ü isə hüquqi xərclərə görə təyin edilib.
Z.Mustafayevin vəkili Yalçın İmanov deyir ki, müvəkkili məhkəməyə qədər 9 ay 29 gün həbsdə qalıb. Bu müddət üçün Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanın məbləği azdır:
“Elə işlər var ki, Avropa Məhkəməsi eyni pozuntuya görə 15-20 min avro kompensasiya təyin edir…”
Hazırda Avropa Məhkəməsində Z.Mustafayevin həbsindən sonra işgəncəyə məruz qalması və prokurorluğun, yerli məhkəmələrin buna hüquqi qiymət verməməsilə bağlı daha bir işi var.
Həmçinin T.Bağırzadənin 20, Z.Mustafayevin 14 il 6 ay, E.İsgəndərovun 14 il azadlıqdan məhrum edilmısi barədə hökmlərdən verilən şikayətlər də Avropa Məhkəməsinin icraatındadır.