Avropa da təhlükəsiz deyil: Azərbaycanlı jurnalist və blogerlər təhlükədə

Söz azadlığı. İllüstrasiya: Meydan TV

Son günlər Azərbaycandan kənarda yaşayan jurnalist və blogerlərin təhlükəsizliyi mövzusu yenidən gündəmə gəlib. Mühacirətdə fəaliyyət göstərən bir sıra media təmsilçiləri və blogerlər bildirirlər ki, siyasi mövqelərinə və Azərbaycan hakimiyyətini tənqid edən çıxışlarına görə təzyiq və təhdidlərlə üzləşirlər.

Onların sözlərinə görə, təhdidlər təkcə sosial şəbəkələr və telefon zəngləri ilə məhdudlaşmır. Bəzi jurnalistlər və blogerlər yaşadıqları ölkələrdə fiziki olaraq izlənildiklərini, evlərinin və iş yerlərinin ətrafında naməlum şəxsləri gördüklərini deyirlər. Onlar bu halları hakimiyyətə qarşı tənqidi fəaliyyətləri ilə əlaqələndirirlər və təhlükəsizliklərinin risk altında olduğunu bildirirlər.

Jurnalist Emin Hüseynov Münxen Təhlükəsizlik konfransı çərçivəsində Almaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanladıqdan bir gün sonra, fevralın 18-də Cenevrədə naməlum şəxslər tərəfindən izlənilməsi barədə video yayıb. 

Fevralın 22-də isə bloger Qabil Məmmədov “YouTube” sosial şəbəkəsində canlı yayımda Müsəlman Birliyi Hərəkatının mühacirətdə olan üzvü Ələmdar Bünyadovun evinin yanında iki nəfərin polis tərəfindən saxlanıldığını, onların avtomobilindən silah tapıldığını deyib və bununla bağlı fotolar göstərib. Elə həmin canlı yayımda Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva haqqında silsilə videolar paylaşan bloger Mehman Hüseynov maşınla izlənildiyini deyib.

Mehman Hüseynov: “Mənə qarşı açıq ölüm hədələri var”

Meydan TV-yə danışan bloger Mehman Hüseynov bildirir ki, paylaşımlardan sonra sosial şəbəkələr və müxtəlif platformalar üzərindən ölüm hədələri alıb.

Mehman
Source: Mehman Hüseynov

“Bakıda ailə üzvlərimi — atamı və qardaşımı — Dövlət Təhlükəsizlik Xidmətinə aparıb, onlara mənim intim videolarımı göstərmişdilər. Bununla məni susdurmağa, qorxutmağa çalışırdılar. Biz artıq həmin vaxt həyatımın təhlükədə olduğunu əsas gətirərək yaşadığım ölkədə rəsmi prosedura başlamışdıq. Çünki “WhatsApp” və digər platformalarda ölüm təhdidləri alırdım. Bundan başqa, ötən ilin dekabrında deputat Razi Nurullayev Milli Məclisdə çıxış edərək demişdi ki, Mehman Hüseynov polislərlə bağlı paylaşımlar edir, onu cəzalandırmaq lazımdır. Bunun kimi çoxsaylı çıxışlar var”, – Mehman Hüseynov deyir.

Onun sözlərinə görə, Prezidentin gəlini Alyona Əliyeva ilə bağlı yayımladığı videolardan sonra vəziyyət daha da gərginləşib.

“Artıq İlham Əliyev birbaşa qərar vermişdi ki, Mehman bu məsələlərə görə Avropanın hansı ölkəsində olursa-olsun tutulmalı və cəzalandırılmalıdır. Ardınca Emin Hüseynov Münxen Təhlükəsizlik Konfransına gedir. Orada Mehriban Əliyevanın davranışı, özünü mafiya kimi aparması və “Sizə can sağlığı arzulayıram” ifadəsi, eləcə də Eminin İlham Əliyevə “Cənab Prezident, müstəqil medianın da suallarını cavablandıra bilərsinizmi?” sualına Əliyevin “Dünyada müstəqil media yoxdur” cavabı açıq mesaj idi. Bundan bir gün sonra Emin İsveçrənin Cenevrə şəhərində izlənildiyini açıqladı. Hazırda Cenevrə polisi bununla bağlı cinayət işi açıb”, – Hüseynov bildirir.

Əfqan Muxtarlı: “Bu əməliyyatların tarixçəsi var”

Almaniyada yaşayan jurnalist, keçmiş siyasi məhbus Əfqan Muxtarlı Meydan TV-yə deyir ki, Azərbaycan hakimiyyəti daha əvvəl də ölkə xaricində tənqidçilərinə qarşı əməliyyatlar həyata keçirib.

Jurnalist Əfqan Muxtarlı
Foto: Meydan.TV

“Vaxtilə məni, Rauf Mirqədirovu və digərlərini oğurladılar. Qətllər törədilib. Ən sonuncusu Fransada Vidadi İsgəndərliyə qarşı olub. Bundan başqa, Bayram Məmmədov Türkiyədə, Vüqar Rza Belçikada müəmmalı şəkildə həyatını itirib. Hüseyn Bakıxanov Gürcüstanda, Tbilisidə açıq şəkildə qətlə yetirilib. Bütün bunları nəzərə alsaq, azərbaycanlı siyasi mühacirlərin, blogerlərin və jurnalistlərin həyatı real təhlükə altındadır”, – Muxtarlı deyir.

Onun sözlərinə görə, hazırda mühacirətdə yaşayan azərbaycanlılar arasında izlənilən şəxslər az deyil.

“Məndə olan məlumata görə, ‘Azadlıq’ qəzetinin baş redaktoru Qənimət Zahid, bloger Qabil Məmmədov, jurnalist Emin Hüseynov və onun qardaşı Mehman Hüseynov, eləcə də dini cameədən Ələmdar Bünyadov və Orxan Ağayev hədəfdə olan şəxslər sırasındadır”, – deyə Muxtarlı əlavə edir.

“Tək gəzməyin, telefonları yoxladın” – təhlükəsizlik çağırışı

Əfqan Muxtarlı bildirir ki, hədə-qorxu alan şəxslər mütləq yaşadıqları ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanlarına məlumat verməlidirlər.

“Belə adamlar tək gəzməməlidir. Mən Gürcüstanda tək olduğum üçün oğurlandım. İnsanların çox olduğu yerlərdə hərəkət etsinlər. Axşam saatlarından sonra küçəyə çıxmasınlar. Telefonlarını casus proqramlara qarşı yoxlatdırsınlar, məkan xidmətlərini söndürsünlər. İndi elə proqramlar var ki, təkcə nömrə ilə insanın hərəkət trayektoriyasını müəyyən etmək olur. Zərurət yaranarsa, qoruyucu jiletlərdən istifadə etsinlər. Bu vasitələr güllə və bıçaq zərbəsindən qorunmağa kömək edə bilər. Şəxsi təhlükəsizlik məsələsinə çox ciddi yanaşmaq lazımdır”, – Muxtarlı vurğulayır.

Mehman Hüseynov isə deyir ki, Almaniya kriminal polisi artıq yaşadığı evi və ərazini nəzarətə götürüb.

“Mənə mühafizə ayrılıb, evdən çıxmıram. Fransada yaşayan Qənimət Zahid də ciddi təhlükə altındadır. Bilirsiniz ki, Fransada Məhəmməd Mirzəli silahlı və bıçaqlı hücumlara məruz qalıb, Vidadi İsgəndərli isə qətlə yetirilib. Hazırda Fransa, Almaniya və İsveçrə kriminal polis orqanları transmilli cinayətlərin qarşısını almaq üçün birgə işləyirlər”, – Hüseynov deyir.

Ana səhifəSiyasətAvropa da təhlükəsiz deyil: Azərbaycanlı jurnalist və blogerlər təhlükədə