ATU-nun kafedra müdiri qızılca ilə bağlı riskləri açıqlayıb

Source: president.az

Bizi qızılcanın uşaqlar arasında pandemik halı ilə bağlı mütləq risklər gözləyir”

Azərbaycanda son bir aydır ki, uşaqlar arasında qızılca virusunun yayıldığı bildirilir.

Hətta Qaradağ və Kürdəmirdə ölüm faktı da qeydə alınıb.

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev qızılcanın yayılmasının gözlənilən olduğunu bildirib.

Specify Caption
Musa Qəniyev. Foto: Arxiv

O, Ümumdünya Səhiyyə Təşkilatının 28 aprel 2022 tarixli məlumatından sitat gətirib:

“Sanitar-karantin məhdudiyyətləri tezliklə aradan qaldırılarsa, bizi qızılcanın uşaqlar arasında pandemik halı ilə bağlı mütləq risklər gözləyir”.

Mütəxəssisin fikrincə, COVID-19-la bağlı sərt karantin və maska taxılması dövrü sonradan infeksiyaların nisbi aqressivləşməsini və sonda epidemiya şəkilli artımını qaçılmaz edirdi.

O, 2020-ci ilin aprel ayından başlayaraq, bu barədə dəfələrlə xəbərdarlıq etdiyini, xüsusən ilkin uşaqlıq (1-3 yaş) və birincili uşaqlıq (3-6 yaş) dövründə olanlara maska taxılmasının ciddi səhv olduğunu bildirdiyini xatırladıb.

Qızılcanın hazırkı kəskin artımının labüd olduğunu vurğulayan Musa Qəniyev, bunun qorxulu hal olmadığını da qeyd edib:

“Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt belə lazım deyil. İnsanın (uşağın) olduğu otaqda, ondan 2 saat əvvəl qızılcalı xəstə olmuşsa, yenə də yoluxma qaçılmazdır. Odur ki, xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna bir hal kimi təqdim olunmamalıdır”.

Həkim deyir ki, letallıq göstəricisinə görə isə qızılcanın kütləvi epidemik halı müşahidə olunan XXI əsrdə törətdiyi ölüm cəmi 0,004%-0,28%-dir.

Bu göstəriciyə görə qızılca, bütün məlum virus infeksiyalarından geridədir, yəni qorxusuzdur, yalnız parotit (0,006%) və su çiçəyindən (0,0001%) öndədir.

Qızılcaya ən həssas insan qrupunun 4 yaşına qədər uşaqlar olduğunu deyən Musa Qəniyev ən etibarlı qorunma vasitəsinin peyvəndləmə olduğunu vurğulayıb:

“Dünyada qızılcaya qarşı peyvənd 60 ilə yaxındır ki, aparılır. Peyvənd hazırda tibbi sığortanın Xidmətlər Zərfinə daxildir, yəni ödənişsizdir. Bu peyvəndin birinci dozasını hər bir uşaq bir yaşında (dünya üzrə bu rəqəm 83%-dir), ikinci dozasını isə 6 yaşında alır (dünya üzrə 74%). Qızılca zamanı formalaşan təbii immunitet isə, daimi və ömürlükdür. Odur ki, təkrari ağır xəstələnmə riski sıfır faizdir”.

Ana səhifəSağlıqATU-nun kafedra müdiri qızılca ilə bağlı riskləri açıqlayıb