Ata Abdullayev: “Səhvlərimə görə Prezidentdən və Mehriban xanımdan üzr istəyirəm”

Foto: Meydan TV

“Xahiş edirəm, mənim 65 nəfər qonşumu çağırıb məhkəmədə dindirin”

Özünü vloger kimi təqdim edən, müxtəlif adamlardan şantajla pul tələb etməkdə ittiham olunaraq həbs edilən Ata Abdullayevin işində dörd nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan üçünü rüsvayedici materiallar yaymaqla hədəyib pul tələb etdiyi, birindən isə şantajla “iPhone 11Pro Max” markalı telefon aldığı iddia olunur. Həmin zərərçəkmiş Elmar Əliyev bildirib ki, tələb olunan “iPhone”u Ata Abdullayevə dostu Ziya Məmmədov vasitəsilə göndərib.

Ziya Məmmədov bu iş üzrə istintaq dövründə DTX-da dindirilib, dostunun dediklərini təsdiqləyib. Şahid qismində tanınan Ziya Məmmədov məhkəməyə çağırılsa da, gəlməyib. O, bir müddət əvvəl ərizə göndərib ki, istintaqdakı ifadəsini təsdiqləyir. Özü isə biznes fəaliyyətilə əlaqədar xaricə getdiyinə görə məhkəməyə gələ bilməyəcək.

Lakin Ata Abdullayevin vəkili bununla razılaşmamış, onun məhkəmədə dindirilməsini istəmişdi. Bu səbəbdən ötən iclasda onun haqqında məcburi gətirilmə qərarı çıxarılmışdı. Buna baxmayaraq o, dekabrın 7-də keçirilən məhkəmə iclasına da gəlməyib. Vəkil Telman Talıbov onun istintaqdakı ifadəsilə kifayətlənməyə etiraz edib:

“Bu işdə yeganə adamdır ki, təqsirləndirilən şəxsə nə isə verdiyi deyir. Onun ifadə verməsi bizim üçün vacibdir. Xahiş edirik, məcburi gətirilmə qərarı icra olunsun”.

Ata Abdullayev də Ziya Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib:

“Mənə telefonu hədiyyə verən Ziyadır. Deməli, bunu Ziyaya qaytarmalıyam. Xahiş edirəm, məhkəməyə gəlsin”.

Ziya Məmmədovun bir daha məhkəməyə çağırılmasına qərar verilib.

Bundan sonra Ata Abdullayev məhkəmədə ifadə verib. O, heç kimdən pul istəmədiyini və almadığını deyib:

“Mən 2000 video çəkmişəm, bunların 1594-ü cənab prezident, onun gördüyü işlərlə bağlıdır. Bir neçəsi Kamran Əliyev, məhkəmə-hüquq islahatları haqqındadır. Təxminən 500-ə qədəri isə sosial problemlər barədədir. Telefonum daim açıq olurdu. Mənə şikayətlər gəlirdi. Əvvəlcə zərərçəkmiş kimi tanınan Elmar Əliyev barədə danışmaq istəyirəm. Guya ondan 2019-cu ildə pul istəmişəm. Yalandır. Mən həmin vaxt ailəmlə Misirdə istirahətdə olmuşam. Mənə Tural adlı şəxs müraciət etdi ki, şəriki Elmar onu döyüb. Bununla bağlı video da göstərdi, işə obyektiv baxılmadığını dedi. Jurnalistin əsas prinsipi qarşı tərəfin mövqeyini öyrənməkdir. Buna görə də mən Elmara zəng etdim. Ondan həm Turalı döyməsi, həm də Atletlər kəndindəki avadanlıqların satılması barədə soruşdum. Elmar həmin vaxt məni təhqir etdi.  Bir qədər sonra vəkil Adil İsmayılovdan zəng gəldi. Mənə dedi ki, “məni tanıyırsan sən? Get, ağlını başına yığ”. Sonra yenidən Elmar mənə zəng etdi. Turala kömək məqsədi ilə Xətai Rayon Polis İdarəsi ilə əlaqə saxladım. Beş-on gün sonra dostum Ziya zəng etdi ki, görüşmək istəyir. Mənə dedi ki, “Elmar dostumdur, onu bağışla”. Mən də dedim ki, o adamı döyüb, mənim də ölümü-dirimi söyüb. Ziya yenə də xahiş etdi ki, onu bağışlayım. Sonra telefonumun ekranının sınıq olduğunu gördü. Mənə dedi ki, sənə telefon alacam. İki-üç gün sonra zəng etdi ki, gəl sənə telefon verim. Vaxtım olmadığına görə qonşunu göndərdim. Həmin telefon da bir neçə gün evdə qaldı, sonra satıb “iPhone 12” aldım”.

Ata Abdullayev Masazırın icra nümayəndəsi Şahlar Həsənovdan 10 min manat tələb etməsi barədə ittihamdan da danışıb:

“Tək Masazırda yox, Abşeronun çox yerlərində çəkilişim olub. Masazırda zibillərin daşınması ilə bağlı vəziyyət çox acınacaqlı idi. Zibil qutuları qoyulmurdu. Olanların da təkərləri yox idi, normal qaydada daşınsın. Natəmizlik hökm sürürdü. Hətta çox yüksək rütbəli şəxslərə də həmin yerin ünvanını atmışam. Sonra oranı təmizlədilər, gedib onu da çəkdim. Onda Şahlar Həsənov mənə nömrəsini verdi. Mənim maşınımda 360 dərəcəli kamera var. O kameralarla çəkdiklərimi kartlarda saxlayırdım. Kartları gətirib burda baxsaz görərsiniz ki, Şahlar Həsənov mənimlə nələr danışıb. Mənə zəng edib deyirdi ki, “bacıoğlu, sənin bizim başçı ilə nə işin var?” Cavab verirdim ki, başçı dövlət tərəfindən təyin olunmuş şəxsdir, mənim onunla nə işim var?! Sonra 15 gün ərzində zibil qutuları yeniləndi. Onu da qeyd etdim ki, Abşeron icra başçısı sağ olsun. Heç kimə deməmişəm ki, mənə pul ver”.

Ata Abdullayev hər bir insan kimi səhvlərə yol verdiyini deyib: “Buna görə cənab Prezident qarşısında, Mehriban xanım qarşısında üzr istəyirəm”.

Ata Abdullayevin dediyinə görə, Mənzil-İstismar Sahəsi onun haqqında mənfi xasiyyətnamə verib. Ondan qonşuların şikayətçi olduğu bildirilib:

“Xahiş edirəm, mənim 65 nəfər qonşumu çağırıb məhkəmədə dindirin. Bütün qonşularım da vəzifəli şəxslərdir. Onlar məndən şikayətçi olsalar, heç nə deməyəcəm”.

Vəkil Telman Talıbov deyir ki, əksinə, qonşular ondan razılıq edib, bunu təsdiqləyən sübutlar da var.
Məhkəmə prosesi dekabrın 14-də davam edəcək.

Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov.
Şahlar Həsənov Abşeronun icra başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsidir. Elçin Əliyev isə DTX əməkdaşı olub.

Ata Abdullayevin adları çəkilən şəxsləri onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, bunu etməmək üçün onlardan pul tələb etdiyi iddia olunur.

Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. O zaman online qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.

Ana səhifəSiyasətAta Abdullayev: “Səhvlərimə görə Prezidentdən və Mehriban xanımdan üzr istəyirəm”