Azərbaycanda 2020-ci ilin martından ölkənin quru sərhədləri qapalı saxlanılır.
İlham Əliyev 2023-cü ildə deyib ki, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır.
Onun fikrincə, sərhədlərin bağlı olması ölkənin təhlükəsizliyini gücləndirir.
Sərhədyanı ərazilərdə yaşayan vətəndaşların çoxu üçün isə bu hal onları maddi olaraq zəiflədir.
Astara rayon, Ərçivan kənd sakinlərinin əksəriyyəti də quru sərhədlərin bağlı olmasından narazıdır.
Həsən Məmmədov təqaüdçüdür. Deyir ki, aldığı təqaüd ona və ailəsinə 15-20 gün ancaq çatır. Marketlərdə qiymətlər bahadır və getdikcə bahalaşır. Halbuki quru sərhədlərin açıq olduğu vaxtlarda həmkəndlilərinin İrandan gətirdiyi malları almaq daha ucuz başa gəlirdi.
Qonşu ölkələrdən ərzaq, parfumeriya, gigyenik vasitələr gətirərək dolanışığını təmin edən Akif Babayev hazırda işsizdir. Deyir ki, quru sərhədlərinin bağlı olması vətəndaşları təkcə ucuz yox, həm də keyfiyyətli məhsullardan da məhrum qoyub.
74 yaşlı Xanoğlan Tağıyev hazırkı vəziyyəti “həbsxana” adlandırır. O da əvəllər digər ölkələrdən münasib qiymətli mallar gətirmiş şəxslərdən biridir.
Deyir ki, bundan əlavə, həm də Rusiyaya müalicə almaq üçün gedirmiş. Lakin məcburi təyyarə səyahətlərinin yüksək qiyməti, müalicəsinə də davam edə bilməməyinə səbəb olub.
61 yaşlı Minayə Məmmədova isə deyir ki, hələ təqaüd ala biləcəyi yaşda olmadığından xəstə halda limon sataraq, ailəsini dolandırır.
Quru sərhədləri açıq olanda isə həyat şərtləri daha yaxşı olub. Çünki onun övladları da qonşu ölkələrdən qənd, çay və s. gətirərərək, satışını həyata keçirirmişlər.
Quru sərhədlərinin bağlı olması işsiz və ya az gəlirli şəxslərin alış gücünü azaltdığı üçün satıcılar da bu vəziyyətdən əziyyət çəkirlər.
Balıq satmaqla məşğul olan Gülağa Abdullayev deyir ki, səhər saatlarından işə başlamasına baxmayaraq, sadəcə 1 balıq sata bilib.
Bəzi vətəndaşlar quru sərhədlərin bağlanmasının onların həyatında heç bir çətinlik yaratmadığını bildirirlər.
Yeganə Əhmədovanın fikrincə isə, sərhədlərin bağlı olması yaxşıdır.
O deyir ki, bu həm də İrandan narkotik vasitələrin gətirilməsinin qarşısını alır.