Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Petra Bayr bildirib ki, Azərbaycanın təşkilatla münasibətlərinin normallaşması yalnız rəsmi Bakının konkret addımlar atacağı təqdirdə mümkün ola bilər.
Bu barədə o, AzadlıqRadiosu-na müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda insan haqları sahəsində müsbət dəyişikliklər müşahidə edilmir və ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğuna dair heç bir əlamət görünmür.
Bayr AŞPA ilə Azərbaycan arasında yaranmış gərginlik, siyasi məhbuslar, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, rəsmi Bakının Assambleyaya qayıtmaq perspektivləri və mümkün sanksiyalar barədə danışıb.
“Müsbət istiqamətdə heç bir dəyişiklik görmürəm”
AŞPA Prezidenti bildirib ki, Avropa Şurasının Baş katibi ilə Azərbaycan hakimiyyəti arasında aparılan danışıqların detalları ona tam məlum olmasa da, son aylarda ölkədə insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdığı qənaətində deyil:
“Son bir neçə ayda Azərbaycandakı vəziyyətə nəzər saldıqda, müsbət istiqamətdə heç bir dəyişiklik görmürəm”.
Onun sözlərinə görə, Baş katiblə mütəmadi fikir mübadiləsi aparılır, lakin bu danışıqların bir hissəsi konfidensial xarakter daşıdığı üçün ictimaiyyətə açıqlanmır.
Bayr vurğulayıb ki, Avropa Şurasının müxtəlif institutları eyni məsələlərə fərqli prizmadan yanaşır. Parlament Assambleyası əsas diqqəti demokratiya, insan hüquqları və qanunun aliliyinə yönəltdiyi halda, Nazirlər Komitəsinin siyasi yanaşması fərqli ola bilər.
“Rəsmi Bakı nümayəndə heyətinin olmamasını bəhanəyə çevirib”
Petra Bayr hesab edir ki, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin olmaması rəsmi Bakı tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməməsinə əsas kimi təqdim olunur. Lakin onun fikrincə, bu arqument reallığı əks etdirmir:
“Onlar nümayəndə heyəti təqdim etməmələrini hər bir məsələdə bəhanəyə çeviriblər. Bu da “artıq öhdəliklərə əməl etməyə ehtiyacımız yoxdur” deməyə hesablanmış strategiya ola bilər”.
Bayr xatırladıb ki, Azərbaycan Assambleyada təmsil olunduğu dövrdə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında ciddi problemlər mövcud idi.
“Onlar Assambleyada nümayəndə heyəti ilə təmsil olunduqları dövrdə də Avropa Məhkəməsinin qərarlarını icra etmirdilər. Yəni əslində bu status heç nəyi dəyişməyib”.
AŞPA Prezidenti vurğulayıb ki, Avropa Şurasına üzvlük ölkələrin Konvensiyadan irəli gələn öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməsini tələb edir və nümayəndə heyətinin olmaması bu öhdəlikləri aradan qaldırmır.
AŞPA-ya qayıdış üçün hansı addımlar gözlənilir?
Bayrın sözlərinə görə, Azərbaycanın Assambleyaya qayıdışı yalnız mərhələli proses çərçivəsində mümkün ola bilər və bunun üçün ilk addım Bakının özü tərəfindən atılmalıdır. O bildirib ki, ilk növbədə AŞPA üzvlərinin daxil edildiyi “qara siyahı” problemi həll olunmalıdır:
“Mən də daxil olmaqla həmin siyahıda olan şəxslərin Azərbaycana girişi qadağandır. Bu səbəbdən dialoq və əməkdaşlıq istəsək belə, fiziki olaraq bunu həyata keçirmək imkanımız yoxdur”.
Onun fikrincə, təkcə bu məsələ kifayət deyil. Azərbaycan insan hüquqları sahəsində də konkret irəliləyiş nümayiş etdirməlidir:
“Azərbaycan bu prosesi ciddiyə alırsa, ən azından tanınmış bəzi siyasi məhbusları azadlığa buraxmalıdır. Bu, ümumi dəyərlərimizə qayıtmaq niyyətini göstərən ilk siqnallardan biri ola bilər”.
Lakin AŞPA Prezidenti hazırda belə siqnalların olmadığını deyib:
“Hazırda, təəssüf ki, heç bir siqnal görmürəm. Bunu Avropa Şurasına görə yox, Azərbaycan xalqına görə deyirəm. Çünki onlar hüquqi baxımdan mümkün ola biləcəyindən daha az qorunurlar”.
52-ci maddə və mümkün sanksiyalar
AŞPA-nın son qətnaməsində Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsinin tətbiqi ilə bağlı Baş katibə çağırış edilsə də, Bayr bunun yaxın gələcəkdə real görünmədiyini bildirib. Onun sözlərinə görə, belə addım üçün Avropa Şurasının bütün əsas institutlarının siyasi razılığı lazımdır:
“Əgər mən baş katib olsaydım, belə məsələni yalnız hər iki əsas qurumun dəstəyini hiss etdiyim halda gündəmə gətirərdim. Hazırda isə bunu yalnız bir qurum istəyir”.
O, əlavə edib ki, nəzəri baxımdan Azərbaycana münasibətdə əlavə prosedurlar və ya sanksiyalar mümkündür. Lakin bunun vəziyyəti yaxşılaşdıracağına inanmır:
“Belə bir gedişat son mərhələdə Azərbaycanın qurumdan xaric edilməsi ilə nəticələnə bilər. Amma mən bunu arzulamıram”.
“Qətnaməni kağız parçası adlandırmaq problemin özüdür”
Petra Bayr Azərbaycanda AŞPA-nın son qətnaməsinin “kağız parçası” adlandırılmasına da münasibət bildirib. Onun fikrincə, belə yanaşma problemin həllinə deyil, dərinləşməsinə xidmət edir.
“Bu cür yanaşma çıxış yolu deyil, problemin özüdür”.
Bayr bildirib ki, parlament diplomatiyasının əsas məqsədi dialoq yaratmaqdır. Lakin Azərbaycan nümayəndələrinin müxtəlif platformalarda dialoqdan yayınması bu prosesi çətinləşdirir.
AŞPA Prezidenti hesab edir ki, təşkilat Azərbaycandakı insan hüquqları problemlərini gündəmdə saxlamağa davam etməlidir.
“Azərbaycanda müstəqil mediaya qarşı çox sərt siyasət yürüdülür”
Azərbaycan rəsmilərinin və hökumətyönlü medianın AŞPA-nı ikili standartlarda ittiham etməsinə münasibət bildirən Bayr bu arqumentlə razılaşmadığını deyib:
“Siyasi müxalifətə, müstəqil jurnalistlərə, azad mediaya və vətəndaş cəmiyyətinə qarşı Azərbaycan qədər sərt siyasət yürüdən çox az ölkə tanıyıram”.
Onun sözlərinə görə, “ikili standart” iddialarını qiymətləndirmək üçün əvvəlcə müqayisənin hansı ölkələrlə və hansı meyarlar əsasında aparıldığı aydınlaşdırılmalıdır.
Enerji əməkdaşlığı dəyərləri əvəz etməməlidir
Müsahibədə Avstriyanın Azərbaycan qazının idxalına başlaması məsələsinə də toxunulub. Bayr bu barədə daha ətraflı araşdırma aparacağını bildirsə də, Avropanın əsas məqsədinin enerji asılılığını azaltmaq olduğunu vurğulayıb.
“Biz coğrafi mənşəyindən asılı olmayaraq enerji asılılığına son qoymalı, bərpaolunan enerji sahəsini inkişaf etdirməliyik”.
AŞPA Prezidenti hesab edir ki, Azərbaycanın təşkilata qayıtması üçün ilk növbədə siyasi iradə nümayiş etdirilməli, insan hüquqları sahəsində real addımlar atılmalı və Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin icrasına başlanmalıdır. Onun fikrincə, hazırkı şəraitdə rəsmi Bakının siyasətində belə bir dəyişikliyin əlamətləri müşahidə olunmur.
AŞPA ilə Azərbaycan arasında münasibətlər son illərdə gərgin olaraq qalır. 2024-cü ilin yanvarında Assambleya Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmədi. Buna səbəb kimi ölkədə insan hüquqları və əsas azadlıqlar sahəsində vəziyyət, siyasi məhbuslarla bağlı narahatlıqlar, habelə Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməməsi göstərildi.
Bundan sonra Azərbaycan AŞPA-nın fəaliyyətində iştirakını dayandırdı və təşkilatın qərarlarını qərəzli adlandırdı. Rəsmi Bakı Assambleyanı ikili standartlarda ittiham edərək bəyan edib ki, nümayəndə heyəti AŞPA-da bərpa olunmayınca təşkilatla əməkdaşlığı əvvəlki formatda davam etdirməyəcək.
İyunun 24-də AŞPA Azərbaycanda demokratik institutların fəaliyyəti, insan hüquqları və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı növbəti tənqidi qətnaməni qəbul edib. Sənəddə siyasi məhbuslarla bağlı narahatlıq ifadə olunur, jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə və müxalif fəallara qarşı təzyiqlərin davam etdiyi bildirilir. Qətnamədə həmçinin Avropa Şurasının Baş katibi Konvensiyanın 52-ci maddəsi çərçivəsində araşdırma başlatmağa çağırılır.