AŞPA Azərbaycanda sadalanan işgəncə hallarından dəhşətə gəldiyini açıqlayıb

Foto: Meydan.TV

Qurum həbsxanalardakı pis rəftar və işgəncələrlə bağlı qətnamə qəbul edib

Bəzi Avropa ölkələrinin həbsxana və saxlama yerlərində işgəncə və pis rəftar halları artıb, hətta sistemli hal almağa başlayıb.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) həbsxanalardakı durumla bağlı qətnamə qəbul edib.

Sənəddə deyilir ki, bəzi ölkələrdə belə hallar sistemləşmə və adi hala çevrilməyə istiqamətlənib.

Assambleya Rusiya Federasiyası, Azərbaycan və Türkiyə kimi dövlətlərin həbsxanalarında işgəncə, pis rəftarın yayıldığını göstərən hesabatlardan narahat olduğunu bildirir.

Parlament Assambleyası qeyd edir ki, işgəncənin və pis rəftarın digər formalarının mütləq qadağan edilməsi Konstitusiya normaları da daxil olmaqla çoxsaylı universal, regional və milli hüquqi sənədlərdə kodlaşdırılıb.

“Bu, heç bir şəraitdə, o cümlədən müharibə zamanı və ya digər ictimai fövqəladə hallarda və ya ən çətin şəraitdə, məsələn, terrorizmə qarşı mübarizədə kənara çıxmağa icazə verilməyən normadır”.

Assambleya Azərbaycanla bağlı hesabatlardan da çox narahatdır:

“Xüsusilə, “Tərtər hadisələri” (Azərbaycan hərbçiləri tərəfindən bir qrup hərbi qulluqçuya və mülki vətəndaşa verilən işgəncə) kontekstində 2017-ci ildə saxlanılmış bir çox şəxs işgəncələrə və qeyri-insani rəftara məruz qalıb, bu işgəncələr nəticəsində təsdiqini tapmış 10 ölüm hadisəsi qeydə alınıb. Saxlanılan şəxslər vətənə xəyanət etirafı almaq məqsədilə işgəncələrə məruz qalıb”.

Avropa Şurası Parlament Assambleyası
Foto: arxiv

Assambleya bildirilən işgəncə üsullarından dəhşətə gəldiyini açıqlayıb. Bura elektrik cərəyanı vurmaq, mismarlamaq, gözləri bağlamaq, cinsiyyət orqanlarının çıxarılması, zorlama, ailə üzvlərini zorlamaqla hədələmək və s. daxildir:

“Saxlanılan və əvvəllər məhkum olunanların bəziləri indi bəraət alıb, azadlığa buraxılsa da, digərləri hələ də həbsdədir. Bu işlərdə işgəncədən istifadə edən yüksək vəzifəli şəxslərin heç bir məsuliyyət daşımadığı da bildirilir. “Tərtər işləri”ndən ayrı olaraq, bəzi hesabatlarda siyasi müxalifət üzvlərinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı işgəncə və pis rəftarın digər formalarından istifadə edildiyi göstərilir”.

Sənəddə bildirilir ki, Azərbaycan “Tərtər işi” adlanan işlərdə işgəncənin tətbiqinə görə məsuliyyət daşıyan bütün günahkarların, yüksək vəzifəli məmurların və dövlət orqanlarının məsuliyyətə cəlb olunmasını və bütün qurbanların kompensasiya və reabilitasiyasını, o cümlədən məhkumluqların ləğv edilməsini təmin etməlidir.

Yanvarın 24-də keçirilən iclasda deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə qərar veriblər.

Qərara dair 15 898 saylı qətnamə təsdiqlənib. Qərarın 76 deputat “lehinə”, 10 deputat “əleyhinə” səs verib, 4 nəfər isə bitərəf qalıb.

Qərardan öncə müzakirələrdə çıxışçılar Azərbaycanda media azadlığına təzyiqlərdən, “AbzasMedia”nın jurnalistlərinin həbsindən danışıblar.

Korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” əməkdaşları qaçaqmalçılıqda ittiham olunsalar da, özləri həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

Müzakirə zamanı “Tərtər işgəncələri” və iqtisadçı professor Qubad İbadoğlunun həbsi xüsusi qeyd olunub.

Ana səhifəSiyasətAŞPA Azərbaycanda sadalanan işgəncə hallarından dəhşətə gəldiyini açıqlayıb