Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunvericiliyə yeni dəyişikliklər gətirilir. Milli Məclis tərəfindən qəbul edilən dəyişikliklərə əsasən, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması, platformaların istifadəçilərin yaşını yoxlaması, Azərbaycanda nümayəndəlik və ya qeydiyyat yaratması, dövlət qurumlarının sorğularını beş iş günü ərzində cavablandırması, eləcə də bu tələbləri yerinə yetirməyən platformalara qarşı cərimələr, reklam qadağası və internet trafikinin mərhələli şəkildə azaldılması kimi mexanizmlər nəzərdə tutulur.
Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən son dəyişikliklərlə internet resurslarının məhkəmə qərarı olmadan müvəqqəti bloklana biləcəyi halların siyahısı da genişləndirilib. Yeni qaydalara əsasən, təhqir və böhtan, şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, narkotik vasitələrin təbliği, ictimai təhlükəsizliyə təhdid yaradan dezinformasiya və digər məzmunlar belə bloklama üçün əsas hesab oluna bilər.
Hakimiyyət bu dəyişiklikləri uşaqların təhlükəsizliyi, rəqəmsal mühitdə risklərin azaldılması və informasiya təhlükəsizliyi ilə əsaslandırır. Tənqidçilər isə hesab edirlər ki, bu addımlar son illərdə saytların bloklanması, “Media haqqında” qanunun qəbulu, Media Reyestrinin yaradılması və jurnalist həbsləri ilə müşahidə olunan daha geniş nəzarət siyasətinin davamıdır.
Bu dəyişikliklərin beynəlxalq təcrübə ilə hansı oxşar və fərqli cəhətləri var? Yeni mexanizmlər internet azadlığına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı beynəlxalq mediada yazıları ilə tanınan azərbaycanlı jurnalist, media üzrə ekspert Arzu Qeybulla Meydan TV-nin suallarına cavab verib.
– Arzu xanım, son illərdə bir çox ölkələr uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağa çalışır. Azərbaycanda isə qəbul edilən yeni qanun yalnız yaş məhdudiyyəti ilə kifayətlənmir. Platformalar ölkədə nümayəndəlik yaratmalı, dövlət qurumlarının sorğularını cavablandırmalı, əks halda maliyyə sanksiyaları və internet trafikinin məhdudlaşdırılması ilə üzləşə bilərlər. Sizcə, bu model beynəlxalq təcrübədə tətbiq olunan yanaşmalardan nə ilə fərqlənir və onun əsas hüquqi xüsusiyyəti nədir?
– Kağız üzərində bu dəyişikliklər tanınmış beynəlxalq modellərdən götürülüb. Məsələn, Avstraliyanın 16 yaş hədd qanunu, Avropa İttifaqının rəqəmsal xidmətlər aktındakı hüquqi nümayəndə tələbi, Almaniyanın qanunsuz məzmunla operativ silinməsinə dair modeli. Azərbaycan hökuməti də məhz bu, “qabaqcıl beynəlxalq təcrübə”yə istinad edir. Amma tənzimləmə heç vaxt yalnız qanunun mətnindən ibarət deyil, o, təbii ki qanunun tətbiq olunduğu institusional mühitdir. Azərbaycan yanaşması da məhz Almaniyadan, Avstraliyadan, Avropa İttifaqından köklü şəkildə fərqlənir. Məsələn, Avropa İttifaqında platformaların öhdəlikləri, təminatlar sisteminə, yəni müstəqil tənzimləyiciyə, məhkəmə nəzarətinə, şəffaflıq tələblərinə, istifadəçilərin hüquqi müdafiə vasitələrinə söykənir. Azərbaycanda isə icra tamamilə icra hakimiyyəti qurumlarına həvalə olunur. Ən son nümunə elə iyun ayında Prezident Fərmanı ilə yaradılmış Milli Kiber Təhlükəsizlik Agentliyidir ki, bloklama, filtrasiya və fərdi məlumatlara nəzarət funksiyalarını nazirə və nəticə etibarilə Prezidentə hesabat verən vahid qurumda cəmləşdirir. Ölkədə müstəqil fərdi məlumatların mühafizəsi orqanı yoxdur. Məhkəmələr isə məhkəmədən kənar ilk bloklamanı tətbiq edən 2017-ci il dəyişikliklərindən ötən doqquz ildə sənədləşdirilmiş bir dənə də olsun əsassız bloklanmaya qarşı effektiv müdafiə vasitəsi təmin etməyib.
Sanksiya aləti də çox şey deyir. Məsələn, reklam qadağası və trafikin məhdudlaşdırılması nə Avstraliya, nə Avropa modellərinin elementləridir. Yəni, o qanunlarda yoxdur. Bu alətlər daha çox Türkiyənin 2020-ci il sosial media qanununda və Rusiyanın 2021-ci il qanunundan götürülüb. Hər iki ölkədə onlar platformalara senzura tələblərinə tabe etmək üçün istifadə olunub və bunun bir xeyli nümunəsi var.
Cərimələr, əlbəttə, bütün modellərdə var, amma Avstraliyada və Avropa İttifaqında cərimə icra zəncirinin son həlqəsidir. Azərbaycan mühitində və Azərbaycanda baş verən dəyişikliklərlə nəzərə alsaq, bu, vətəndaşların internetə çıxışının məhdudlaşdırılmasından gedən yolun başlanğıcıdır. Mən bunu belə qiymətləndirirəm. Bəzi demokratik ölkələrdə məhkəmə qərarı olmadan dar çərçivəli inzibati bloklama mövcuddur. Məsələn, Fransada uşaq istismarı və terror məzmununa qarşı özəl müstəqil nəzarət və şikayət hüququ ilə bunu etmək mümkündür. Lakin müvəqqəti bloklama əsaslarının geniş şəkildə genişləndirilməsinin hüquqi əsasların heç bir modeldə qarşılığı yoxdur. Beləliklə də tanış mənzərə görürük. Uşaqların qorunması ritorikası bərabərdir informasiyaya nəzarət arxitekturasına.

“Yerli nümayəndəlik dövlətə yeni təzyiq aləti verir”
– Yeni dəyişikliklər sosial şəbəkələrdən Azərbaycanda nümayəndəlik yaratmağı, dövlət qurumlarının sorğularını cavablandırmağı və bu tələblərə əməl etməyən platformalara qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutur. Beynəlxalq praktikada bu cür mexanizmlər necə qiymətləndirilir?
– Məcburi yerli nümayəndəlik tələbləri rəqəmsal hüquqlar üzrə ekspertlər arasında “girov mexanizmi” kimi tanınır. Və bu, əslində, çox belə şişirdilmiş bir fikir deyil. Çünki bu girov məsələsi mexanizmin işləmə prinsipinin bir təsviridir. Platformanın ölkə daxilində ofisi, əməkdaşları və aktivləri olduqda, dövlət xaricdə yerləşən şirkət üzərində heç vaxt malik olmadığı təzyiq imkanı qazanır. Yerli əməkdaşlar hüquqi məsuliyyətlə üzləşə bilər, ofislər cərimələnə bilər və ya basqına məruz qala bilər və bu təzyiq sonradan məzmunun silinməsi və istifadəçi məlumatlarının verilməsi tələblərini icra etdirmək üçün istifadə olunur.
Yenə Türkiyənin 2020-ci ildə qəbul edilmiş qanuna, eləcə də beynəlxalq insan haqları təşkilatlarının qiymətləndirməsinə qayıdıram. Çünki orada sırf bu məqama görə bu qanun qiymətləndirilmişdi. Məsələn, “Freedom House” təşkilatı nümayəndəlik tələbini platformalar üzərində təzyiq imkanı qazanmaq və onları senzura, müşahidəyə məcbur etmək cəhdi adlandırmışdı. Elə məncə, bütün platforma və şirkətlərin üzərinə qoyulan bu tələblər də bu anlamı daşıyır. Proqnoz da əslində özünü doğrultdu. Yenə Türkiyə misalında davam etsək, hüquqi təşkilatlar sonra sənədləşdirdi ki, iri platformalar yerli nümayəndələri təyin etdikdən sonra silinmə tələblərinə etiraz etməkdənsə, onlara tabe olmağa daha meyilli oldular. Rusiyanın 2021-ci ildə qəbul etdiyi qanun da eyni məntiqlə işləmişdi. Platformalar əsasən tabe olmamaqdan imtina etdi, dövlət sanksiyaları artırdı. 2022-ci ildə platformaların əksəriyyəti bloklandı və bazardan tamamilə çıxdı.
Bir məqamı da əlavə edim ki, yeni dəyişikliklərdə dövlət sorğularının beş iş günü ərzində cavablandırılması öhdəliyi nəzərdə tutulur. Bu tələb formal olaraq qeydiyyat və yaş yoxlaması sisteminin icrası ilə əlaqələndirilir və “təhrif edilmiş məlumat”a görə cərimələrlə daha da gücləndirilir. Lakin qanunda dövlət qurumlarının hansı məlumatları tələb edə biləcəyi üzərində müstəqil nəzarət mexanizmi nəzərdə tutulmayıb. Bu sorğuların əhatə etdiyi məlumatlar isə mahiyyət etibarilə şəxsin kimliyini müəyyən etməyə imkan verən məlumatlardır.
İnsanların sosial şəbəkələrdəki paylaşımlarına görə mütəmadi təqib olunduğu bir ölkədə dövlət qurumları ilə platformalar arasında yaradılan bu sürətləndirilmiş məlumat mübadiləsi kanalı inzibati rahatlıqdan daha çox, anonim tənqidçilərin kimliyini müəyyənləşdirmək üçün potensial bir mexanizmə çevrilə bilər. Məncə, bu risk kifayət qədər açıq görünür.
Yaş yoxlaması sistemi isə bu prosesi daha da dərinləşdirir. Hesabların bank kartlarına və mobil nömrələrə bağlanması — Azərbaycanda isə bunların hər ikisi şəxsiyyət sənədləri ilə qeydiyyata alınır — sosial media üzərində faktiki identifikasiya qatı yaradır. Qanunda bu məlumatların saxlanmasına qadağa nəzərdə tutulsa da, onlardan sui-istifadə olunduğu halda istifadəçinin müraciət edə biləcəyi müstəqil nəzarət orqanı mövcud deyil.

Arzu Qeybulla, foto: Riccardo Urli
“Söhbət epizodik senzura yox, institusionallaşmış nəzarətdən gedir”
– Son illərdə Azərbaycanda media reyestri, xəbər saytlarının bloklanması, jurnalist həbsləri və indi də sosial şəbəkələrin tənzimlənməsi kimi addımlar atılıb. Bu dəyişikliklərə birlikdə baxdıqda, sizcə, ölkədə rəqəmsal ifadə azadlığı baxımından hansı tendensiya görünür?
– Bu dəyişikliklərlə birlikdə müsbət bir tendensiya görünmür. Mən bunu müstəqil informasiyanın hər bir kanalının mərhələ-mərhələ, qat-qat bağlanmasına yönəlmiş ardıcıl və akkumulyativ bir layihə kimi görürəm.
2017-ci ildə edilən dəyişikliklər saytların bloklanması üçün hüquqi mexanizm yaratdı və çox qısa müddət sonra bu mexanizm AzadlıqRadiosu, Meydan TV, Azadlıq qəzeti və digər media qurumlarına qarşı tətbiq olundu. Auditoriya və jurnalistlər sosial şəbəkələrə və “YouTube”a keçdikdən sonra isə 2022-ci il Media Qanunu və Media Reyestri faktiki olaraq kimin jurnalist hesab olunacağını müəyyənləşdirməyə başladı.
2023-cü ilin noyabrından etibarən başlayan repressiya dalğası isə artıq birbaşa insanları hədəf aldı. Jurnalistlərin saxlanılması və həbs olunması, bu həbslərə əsas kimi göstərilən, bir çox ciddi müşahidəçinin inandırıcı hesab etmədiyi ittihamlar bunun ən bariz nümunələrindəndir.
“Pegasus” faktları müşahidə qatını göstərdi. İndi isə növbə platforma qatına çatıb. Sadəcə olaraq, oyun dili ilə desək, növbəti səviyyəyə keçilir.
Azərbaycanda vətəndaşların müstəqil informasiyaya çıxışının və nisbətən sərbəst şəkildə danışa bildiyi son məkanlardan biri məhz bu platformalar idi. Onların da tənzimləmə adı altında nəzarətə götürülməsi göstərir ki, gələcəkdə bu platformalardan da əvvəlki kimi istifadə etmək mümkün olmaya bilər. Bu, bloklamaların, filtrasiyanın və məlumatlara nəzarətin artacağı ehtimalını gücləndirir və əlbəttə ki, ürəkaçan bir inkişaf deyil.
Bir məqamı da qeyd etmək istəyirəm. 2017-ci ildən bəri atılan bu addımların hər biri müxtəlif adlar altında təqdim olunub: modernləşmə, media peşəkarlığı, dezinformasiya ilə mübarizə, uşaqların qorunması və s. Amma bütün bu addımlara birlikdə baxanda istiqamət birmənalı görünür: söhbət reaktiv, epizodik senzura praktikasından daimi, institusionallaşmış nəzarət infrastrukturuna keçiddən gedir.
Mən bunu belə qiymətləndirirəm. Hətta bunu sadəcə tənəzzül adlandırmazdım. Bu, necə deyərlər, sistemli şəkildə qurulan, möhkəm bir nəzarət infrastrukturunun inşasıdır.
Platformalar qarşısında üç mümkün ssenari
– Bu qanunun qlobal platformaların – “TikTok”, “Meta”, “Google” və digərlərinin Azərbaycandakı fəaliyyətinə və istifadəçilərin informasiya əldə etmək hüququna uzunmüddətli təsiri nə ola bilər?
– Qanunun qlobal platformaların Azərbaycanda fəaliyyətinə və istifadəçilərin informasiya əldə etmək hüququna uzunmüddətli təsiri ilə bağlı məncə, əsasən üç ssenari var və onların heç biri istifadəçilər üçün yaxşı görünmür.
Birinci ssenari odur ki, platformalar tələblərə tabe olar. Bu halda onlar Bakıda ofis açacaq və əvvəlki cavablarımda təsvir etdiyim təzyiq mexanizmlərinə məruz qalacaqlar. Türkiyə təcrübəsinə əsasən, proqnozlaşdırıla bilən nəticə hökumətin xoşuna gəlməyən məzmunun daha sürətli silinməsi və istifadəçi məlumatlarının daha böyük risk altına düşməsidir.
İkinci ssenari odur ki, platformalar bu tələbləri yerinə yetirməkdən imtina etsin. Bu halda onları cərimələr, reklam qadağası və trafikin azaldılması kimi sanksiyalar gözləyir. Nəticədə adi istifadəçilər müstəqil xəbərlərin Azərbaycana çatdığı əsas kanallara zəifləmiş və ya bloklanmış çıxışla qarşılaşacaq. Saytları ölkə daxilində onsuz da bloklandığı üçün Meydan TV, AbzasMedia, AzadlıqRadiosu kimi mühacirətdə fəaliyyət göstərən media qurumları yayım baxımından demək olar ki, tamamilə bu platformalardan asılıdır. Bu isə o deməkdir ki, “YouTube” və ya “Meta” xidmətlərinin trafikinin azaldılması, faktiki olaraq, yeni bloklama qərarı olmadan müstəqil medianın bloklanmasını tamamlamaq deməkdir.
Üçüncü ssenaridə isə xidmətlərin qismən dayandırılmasını da istisna etmək olmaz. Rusiya nümunəsi göstərir ki, uyğunlaşma xərcləri bazarın dəyərini aşdıqda platformalar ya sıxışdırılıb çıxarılır, ya da bazarı özləri tərk edirlər. Azərbaycan isə çox kiçik bazardır və məncə, bu məntiq Azərbaycan üçün də keçərli ola bilər.
Bu barədə əvvəlki araşdırmalar zamanı da müəyyən müşahidələrim olmuşdu. Xüsusilə “Meta” ilə bağlı araşdırmalarda — icma qaydalarının pozulması, troll və bot şəbəkələri kimi mövzular üzərində işləyərkən — “Meta” nümayəndələrinin və ya şirkətlə bağlı materiallarda belə bir yanaşma ilə rastlaşmışdım ki, Azərbaycan “Meta” üçün çox kiçik bazardır. Buna görə də ölkədə baş verən proseslərə və Azərbaycandan daxil olan müraciətlərə nisbətən daha az diqqət ayrılır. Məncə, bu səbəbdən platformaların bazarı tərk etməsi ssenarisi də nəzərə alınmalıdır.
İstifadəçilər üçün uzunmüddətli təsirlər isə, məncə, bütün ssenarilərdə “soyuducu effekt” yaradacaq. Yaş yoxlaması infrastrukturu vasitəsilə anonimliyin aşınması, hesabların bank kartlarına və telefon nömrələrinə bağlanması fonunda insanların özünüsenzuraya meyillənməsi, VPN-lərdən asılılığın artması kimi nəticələr mümkündür. Dövlət sonradan regiondakı digər ölkələrdə olduğu kimi VPN-lərə qarşı da addımlar ata bilər. Məsələn, Türkiyədə bir çox VPN xidmətləri bloklanıb. Ola bilsin ki, Azərbaycanda da oxşar addımlar atılsın.
Bununla yanaşı, məhdudiyyətlərdən yan keçmək bacarığı olanlarla olmayanlar arasında informasiya uçurumu daha da dərinləşə bilər. Məncə, bu da kifayət qədər real nəticələrdən biridir.
Bir məqamı da əlavə edim. Uşaqların qorunması adı ilə qurulan bu infrastrukturun yalnız uşaqlarla məhdudlaşacağını düşünmürəm. Məncə, yoxlama və hesab silmə mexanizmləri bir dəfə qurulduqdan sonra dövlətin gələcəkdə müəyyən edəcəyi istənilən məqsəd üçün əlçatan olacaq və bu imkanlardan istifadə ediləcək.
“Qanunun məqsədi icra təcrübəsində görünəcək”
– Sizcə, bu qanunların effektivliyini qiymətləndirmək üçün gələcəkdə hansı göstəricilərə baxmaq lazımdır? Məsələn, platformaların fəaliyyəti, məzmunun silinməsi, istifadəçilərin hüquqları və ya məhkəmə təcrübəsi baxımından hansı meyarlar əsas olacaq?
– Qanunun effektivliyini qiymətləndirmək üçün, məncə, bir neçə əsas göstəriciyə baxmaq lazımdır.
Birincisi, icranın seçiciliyi. İlk olaraq hansı platformaların sanksiyalara məruz qalacağına və icra tədbirlərinin siyasi həssas dövrlərlə — məsələn, seçkilər, etirazlar və ya korrupsiya araşdırmaları ilə — üst-üstə düşüb-düşməyəcəyinə baxmaq lazımdır. Əgər bu qanun həqiqətən uşaq təhlükəsizliyi haqqındadırsa, onun icrası siyasi proseslərlə üst-üstə düşməməlidir. Yəni, hansısa araşdırma dərc olunanda və ya siyasi baxımdan həssas hadisələr baş verəndə bu qanundan istifadə edilməməlidir. Əgər istifadə olunursa, artıq bu qanunun hansı məqsədlə qəbul edildiyi barədə müəyyən nəticələr çıxarmaq mümkün olacaq.
İkincisi, platformaların şəffaflıq hesabatlarıdır. Bilirsiz ki, “Meta”, “Google” və “TikTok” kimi şirkətlər hökumətlərin məzmunun silinməsi və istifadəçi məlumatları ilə bağlı sorğularına dair məlumatları mütəmadi olaraq dərc edirlər. Hərçənd, onu da qeyd edim ki, son illər bu hesabatların təfərrüat səviyyəsi bütün sənaye üzrə azalır.
Qanun qüvvəyə mindikdən sonra Azərbaycandan gələn sorğuların sayının artıb-artmadığını və həmin sorğuların hansı faizinin icra olunduğunu izləmək lazımdır. Bu, əlimizdə olan ən obyektiv xarici göstəricilərdən biridir.
Üstəlik, burada xüsusi bir məqam da var. Azərbaycan indiyədək bu hesabatlarda çox az sayda sorğu ilə görünürdü. “Meta”, “X” və “TikTok”un şəffaflıq hesabatlarına baxanda bunu açıq şəkildə görmək mümkündür. Məsələn, biz “Freedom House” təşkilatının “Freedom on the Net” hesabatlarını hazırlayanda da bu fərq Azərbaycan kimi avtoritar ölkələrlə bağlı hissədə aydın görünürdü. Bunun səbəbi ondan ibarətdir ki, dövlət platformalara rəsmi sorğular göndərməkdənsə, çox vaxt birbaşa bloklama yoluna üstünlük verir. Buna görə də Azərbaycan kimi ölkələrdə bu statistika aşağı görünür. Məhz buna görə də gələcəkdə baş verəcək istənilən artım həmin sıfıra yaxın baza ilə müqayisədə dərhal nəzərə çarpacaq. Bu məlumatlardan həm də kontekst və fon məlumatı kimi istifadə etmək olar.
Üçüncüsü,texniki ölçmələrdir. Bir çox layihələrin şəbəkə ölçmə məlumatları trafikin azaldılması və bloklamaların həqiqətən tətbiq olunub-olunmadığını, bunların kimə qarşı və hansı üsulla həyata keçirildiyini göstərə bilər. Hakimiyyətin bloklamaları inkar etmək praktikasını nəzərə alsaq — ATƏT Media ilə bağlı nümunədə də bunu görmüşük — bu cür texniki ölçmələr xüsusilə vacibdir. Düzdür, məlumatlarından necə istifadə olunacağı ayrıca məsələdir, amma ümumilikdə bu tip şəbəkə ölçmə testləri qiymətləndirmə aparmaq üçün əhəmiyyətli vasitələrdir.
Dördüncüsü, məhkəmə təcrübəsidir. Platformalara qarşı tətbiq olunan hər hansı sanksiyanın, bloklama qərarının və ya məlumat təqdim edilməsi tələbinin Azərbaycan məhkəmələrində uğurla mübahisələndirilib-mübahisələndirilməyəcəyinə baxmaq lazımdır. 2017-ci il dəyişikliklərindən sonra ötən doqquz illik təcrübə effektiv məhkəmə müdafiəsinin sənədləşdirilmiş nümunəsini ortaya qoymayıb. Bu vəziyyət davam edərsə, həmin qanunun real hüquqi nəzarətdən kənarda işlədiyini göstərən göstəricilərdən biri olacaq.
Beşincisi, yaş yoxlaması çərçivəsində toplanan məlumatlarla bağlı göstəricilərdir. Burada auditlərin keçirilib-keçirilməməsi, məlumat sızmalarının olub-olmaması və yaş yoxlaması üçün toplanmış məlumatların sonradan istifadəçilərə qarşı cinayət işlərində ortaya çıxıb-çıxmaması izlənilməlidir.
Bununla yanaşı, məncə, ayrıca baxılmalı olan bir məsələ də bu məlumatların harada və nə qədər müddət saxlanılmasıdır. Əgər, məsələn, iki il əvvəl yaş yoxlaması məqsədilə toplanmış məlumatlar sonradan hansısa cinayət işində istifadə olunarsa, bu, həmin məlumatların daimi saxlanıldığını və silinmədiyini göstərə bilər. Eyni zamanda bu, həmin məlumatların sonradan, xüsusilə siyasi baxımdan aktiv istifadəçilərə qarşı istifadə oluna bilməsi riskini də ortaya çıxarar. Bu istiqamətdə də ayrıca analiz aparmaq mümkündür.
Və nəhayət, son göstərici hökumətin elan etdiyi məqsədlə bağlı hesabatlılıqdır. Bu qanun ictimaiyyətə uşaqların qorunması məqsədi ilə təqdim olunur. Ona görə də baxmaq lazımdır ki, uşaq təhlükəsizliyi ilə bağlı nəticələrə dair rəsmi hesabatlılıq varmı. Dövlət yalnız tələblərə əməl olunmasını və tətbiq edilən sanksiyaları ölçür, amma uşaqların rifahı və təhlükəsizliyi ilə bağlı heç bir nəticə ölçmürsə, bu da qanunun əsl məqsədinin nə olduğuna dair müəyyən nəticələr çıxarmağa imkan verir.