Arif Hacılı Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürüb

Azərbaycanda siyasi partiyalarının tarixində ilk dəfə olaraq namizədlərin debatı da baş tutacaq

Source:


“Namizədlərin debatları olacaq”

Hazırda Müsavat Partiyasının başqanı olan Arif Hacılı növbəti müddət üçün partiyanın rəhbəri postuna namizədliyini irəli sürüb.


Müsavat Partiyası

nın qurultayı oktyabrın 12-ə planlaşdırılıb.

Namizədliyinin irəli sürülməsi barədə məlumatı “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşan Arif Hacılı oktyabrın 1-dən seçki kampaniyasına başladığını elan edib:

“Platformamı elan edəcəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq. Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir”, – Arif Hacılı yazıb.

O əlavə edib ki, qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək. Tədbir internet TV-lər vasitəsi ilə canlı yayımlanacaq:

“Azərbaycanda siyasi partiyalarının tarixində ilk dəfə olaraq namizədlərin debatı da baş tutacaq. Əminəm ki, Müsavat bu qurultaydan daha da güclənmiş çıxacaq”.

Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.

Növbəti sədr seçkiləri üçün bir həftə əvvəl Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliklərini irəli sürüblər.

Ana səhifəSiyasətArif Hacılı Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürüb