Zərdüşt Əlizadə
Məncə, “atan kazaklardır”
Əvvəllər, “Ramiz Mehdiyevin zamanında”, hüquq müdafiəçisi Arzu Abdullayeva ATƏT-də Azərbaycanla bağlı hansısa mühüm dinləmə və qərarların qəbulu ərəfəsində siyasi fəalların və jurnalistlərin həbsi və işgəncəyə məruz qalmasını, bu münasibətlə dövlətin şəninə beynəlxalq miqyasda alçaldıcı zədə vuran şivən və qalmaqal qopmasını möhtərəm ağsaqqal akademikin öz köhnə şakərinə uyğun olaraq Kremlin təxribatçı sifarişini yerinə yetirməsilə izah edirdi.
İndi artıq möhtərəm ağsaqqal akademik təqaüddə istirahət edir, onun yerində, necə deyərlər, başı və canı ilə prezidentə minnətdar olmalı “ingilisdilli” Samir Nuriyev at çapır. İndi artıq heç kəs deyə bilməz ki, möhtərəm ağsaqqal akademik dövlətə ziyan vuran bu bəd əməlləri ilə Prezident İlham Əliyevin nüfuzunu zəiflətmək, ona yerini göstərmək, özünün və başına yığdığı tayfa adamlarının mövqeyini möhkənləndirmək istəyir. İndi belə şeylər daha yoxdur. Tayfanın, Arif Hacıyev demişkən, “hədəfi bəlli, lideri bəlli”dir.
44 günlük müharibədən sonra müzəffər Ali Baş Komandanın əhali arasında hörməti kəlləçarxa qalxıb, prezident hakim təbəqədə zəruri arıtlama əməliyyatını aparıb, içəri salınası köhnə korrupsiya ustaları çıxdaş olunub, onları yeni sadiq korrupsiya qrossmeysterləri əvəz edib. Hamısı ingilis dilini əla bilir, firəng libasını şıq geyinir, di gəl ki, büdcə talanı məsələsində köhnə kadrlardan fərqlənmir.
İndiki mərhələdə prezident tarixi qələbəni sənədləşdirmək naminə diplomatiya sahəsində mürəkkəb və çətin iş aparır. Bi işin uğuru Azərbaycan dövlətinin beynəlxalq sahədə şənindən ciddi asılıdır. Rəqib tərəfi özünün xeyli zəifləmiş mövqelərini müdafiə etmək məqsədilə “demokratik Ermənistan avtokratik Azərbaycana qarşı” fəndindən istifadə edir. Dünyada hamı bu erməni demokratiyasının əslində nəmənə olduğunu anlayır, necə ki, Azərbaycan avtokratiyasının da nəmənə olduğunu gözəl bilir. Lakin fənd işləyir, qonşularımız yeri gəldi-gəlmədi bizim dövlətdə aramsız baş verən həbsləri və işgəncə hadisələrini qaxınc edib başımıza vururlar. Özünə və insani dəyərlərə hörmət edən heç bir azərbaycanlı da dillənə bilmir, zira bu həbsləri və işgəncələri heç bir məntiqlə izah etmək mümkün deyil.
Nə olub? Jurnalistlər və siyasi fəallar o qədər qüdrətlidirlər ki, hakimiyyəti devirmək ərəfəsindədirlər? Onlar həbs edilməsə və işgəncəyə məruz qalmasa, hakimiyyət aşacaq?
Jurnalistlər dövlətdə tüğyan edən korrupsiyadan yazırlar, fəqət əhalinin tükü belə tərpənmir. Əvvəla, bu jurnalistlərin yazılarını cəmi beş-üç adam oxuyur, ikincisi, əhali əmindir ki, büdcə talanı istənilən hakimiyyətin halal haqqıdır, başqa cür ola bilməz. Kommunistlər talayırdı, cəbhəçilər talamağa girişdilər, “xozeyin” qayıtdı və yenə talan davam edir. Burada qeyri-adi nə var ki? Əgər bu jurnalistləri oxuyan-dindirən yoxdursa, onların həbsi onların yazılarından daha geniş səs-küy qoparırsa, qoy yazsınlar da! Necə deyərlər, “it hürər, karvan keçər”. Onların yazıları müqəddəs milli talan işinə zərrəcə ziyan gətirə bilməz.
Qaldı “siyasi fəallar”a, onların Azərbaycan siyasətinə təsiri Zöhrə səyyarəsinin Oğlaq bürcündən keçərkən bizim ölkəmizdə keçirilən Milli Məclis seçkilərinə göstərdiyi təsirdən güclü deyil. Mən iddia etmirəm ki, Zöhrə səyyarəsi Oğlaq bürcündən keçərkən Milli Məclis seçkilərinə heç təsir etmir, lakin əminəm ki, bu təsir Azərbaycanın siyasi fəallarının təsirindən daha güclüdür.
Azərbaycan müxalifəti atomlara bölünüb, müxalifət siyasətçiləri bir-birləri ilə itələşirlər, daha doğrusu, heç bir müştərək fayda adlanan cazibə qüvvəsi onları yaxınlaşdıra bilmir. “Dəyirmi masa”, “Dördkünc masa”, Demkonqres, SİDSUH və sair gülməli dilxoşluqlar artıq tədricən unudulan keçmişdə qalıb. Atomlar vəziyyətdə isə onların gücü hər birinin ayrılıqda gücünə bərabərdir, yəni bu siyasətçilərin hərəsi yığsa-yığsa, bir neçə yüz səs toplaya bilər. Pul yox, hörmət yox, tərəfdar tək-tük… Onların qarşılıqlı nifrəti o qədər güclüdür ki, indiki hakimiyyətin qalmasına razıdırlar, digər müxalif siyasətçinin yarım qəpiklik güclənməsinə razı deyillər.
Müxtəsər, ortalıqda jurnalistlərin və siyasi fəalların həbsini və işgəncəyə məruz qalmasını izah edə biləcək heç bir məntiqi səbəb yoxdur.
Ə bə nə var?
Deyə bilmərəm ki, dövlətə ziyan vuran bu iyrənc işləri kim və kimin əmri ilə icra edir. Nə möhtərəm ağsaqqal akademik var, nə də “rusdilli” köhnə kadrlar.
Lakin əgər ortada heç bir sübut yoxdursa, qalır qədim romalıların dediyi “bax gör kimə xeyirdir” müddəası. Jurnalistlərin və siyasi fəalların məntiqsiz həbsi və işgəncəyə məruz qalması, heç şübhəsiz, “erməni dəyirmanına su tökür” və bulanıq suda siyasi mənfəət balığı tutan xarici dövlətə əl verir. Yada salsaq ki, sizin həqir bəndəniz hələ iyirmi beş il bundan əqdəm Azərbaycanın, Ermənistanın və Rusiyanın xüsusi xidmət qurumlarının hələ də əlaqəli və əlbir işlədiklərini görüb yazmışdı, “kimə xeyirdir” sualına cavabı tapmaq əsla çətin olmaz.
Əgər kiminsə mən yazdığımdan daha ağlabatan və kəsərli izahı varsa, buyurub yazsın və desin, mən məmnuniyyətlə dinləyərəm, və məni qane etsə, minnətdar olaram.
Məncə, “atan kazaklardır”. Onların başı öz müharibələrinə qarışsa da, “nə əldən qoyurlar, nə də yardan doyurlar”.
Məsafədən də olsa, idarə edirlər.