Universitet: ”Tələbələr həm nəzəri bilikləri artırır, həm də pul qazanırlar”
“Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin 100 nəfərdən artıq tələbəsi ölkədə pambıq yığımının başlanılması ilə əlaqədar pambıqçıların yanında olmaq, onlara dəstək nümayiş etdirmək, auditoriyalarda əldə olunan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, tətbiq olunan innovativ texnologiyalarla yaxından tanışlıq məqsədilə pambıq yığımı prosesinə qoşulub”.
Bu barədə universitetin “Facebook” səhifəsində yazılıb.
Yazıda bildirilib ki, onlar Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində olub.
“Beləliklə, tələbələr həm nəzəri biliklərini artırır, həm də 1 kiloqram pambığa 20 qəpik pul qazanırlar. Hər həftənin 6-cı günü pambıq yığımına qoşulan tələbələr bu işin onlar üçün hərərəfli səmərəli olduğunu düşünürlər”.
Ötən il, xəstəxana işçilərinin, müəllimlərin və digərlərinin könüllü adı altında pambıq yığımına məcburi cəlb edilməsi ilə bağlı mediada çoxsaylı yazılar dərc edilib.
Vəkil Cavad Cavadov da deyir ki, hansısa kommersiya hüquqi şəxsin “XXX” MMC-nin şəxsi gəlir əldə etməsi üçün könüllü işə cəlb etməsi mümkün deyil. Bu, mümkün olsa idi belə, işçi çatışmazlığı üzündən könüllülərin işə cəlb edilməsi birbaşa qanunla qadağandır:
“Açıq-aşkardır ki, “könüllülərin” işə cəlb edilməsi məhz işçi çatışmazlığı ilə bağlıdır. Bunlardan əlavə, könüllüləri işə cəlb edən təşkilat onlarla müqavilə bağlamalı, onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir. Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət “Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir və məcburi əməyə daha çox bənzəyir. Bu isə son nəticədə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır”.
“Pambıq tarlasında yıxıldım, xəsarət aldım. Ancaq mənə kimsə kömək etmədi. Bugünədək özümə gələ bilməmişəm. Ancaq bir nəfər qapımı döyüb, halımı da soruşmayıb”.
Daha öncə
Meydan TV
-yə Ucar rayonu Mirzə Fətəli Axundov küçəsinin sakini Rəna Rəsulova belə demişdi.
O, bildirmişdi ki, onun işi pambıq alağını etmək deyil. Bu işi məcburiyyətdən görür:
“Əks halda, işimi itirmək təhlükəsi vardı. Mən Ucar şəhərindəki 1 saylı Körpələr evində xadimə kimi işləyirdim. İllərdir işləyirdim, amma son dövrlərdə iş yerindən məni hər gün məcburi pambıq tarlalarına alağa göndərirdilər. Etiraz etmək kimi də bir şansım yox idi. Qorxurdum ki, işdən çıxaralar. Məcburi gedirdim”.
Bundan əvvəl Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri də məcburi pambıq yığımına cəlb edildiklərini söyləmişdilər. Hətta
sentyabrın 19-da
pambıq yığımından dönən işçiləri daşıyan təcili yardım maşını qəzaya uğramışdı.
Kürdəmirin büdcə təşkilatlarında çalışan texniki işçilər
Meydan TV
-yə yazaraq onları pambıq yığımı dövründə zorla yığıma apardıqlarını söyləmişdilər. Onlar bunun hər il təkrarlanmasından qorxduqlarını, məcburi əməyə cəlb edildiklərini deyirdilər:
“Kürdəmir xəstəxanasının rəhbərliyi iclas keçirərək işçilərə hamının pambıq yığımına getməsini, getməyənləri işdən qovacağı ilə hədələdi. Məcbur, bütün texniki işçilər pambıq yığımına getməli oldu.
Eyni zamanda, Yenikənd, Atakişi məktəblərinin də texniki işçiləri eyni qayda ilə pambıq yığımına cəlb edildilər. Başqa çarəmiz olmadığı üçün getdik”.
Könüllülərin pambıq yığımına cəlb olunması 9 iyun 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
Qanun könüllü fəaliyyətinə cəlb olunmasını yol verən istiqamələri konkretləşdirib. Bura əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri daxildir. Qanunun 4.3 maddəsi könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədilə istifadəsini və 4.4. maddəsi Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə qəti olaraq yol vermir.
2018-ci ilin iyununda
isə Azərbaycanın bəzi bölgələrində pambıq tarlalarında kütləvi zəhərlənmələr də oldu.
İlk zəhərlənmə hadisəsi iyunun 10-da Saatlı rayonunun Sımada kəndi ərazisində baş verdi. Burada 24 nəfər zəhərləndi. İyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər pambıq zəhərlənməsindən xəstəxanaya yerləşdirildi.
Daha sonra iyunun 19-da İmişlinin Aranlı kəndində zəhərlənmə oldu. Rəsmi mənbələr zəhərlənənlərin 80 nəfərə yaxın olduğunu, işçilər isə sayın 500-ə çatdığını deyirdilər.
2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.
2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox idi.
2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilmişdi. 2018-ci ildə isə il 140 min hektara yaxın sahədə pambıq əkininin həyata keçirilməsi nəzərdə tutulmuşdu.
İqtisadçı-ekspertlər dəfələrlə pambıqçılığın hazırda Azərbaycana xeyir verməyəcəyini, rentabelli olmayacağını, pambıqçılıq sahələrinin genişləndirilməsini otlaq sahələrinin hesabına baş verdiyini, son nəticədə ət istehsalının aşağı düşməsi və ətin qiymətinin artmasına səbəb olduğunu bəyan ediblər.