Anar Məmmədliyə 14 il, Anar Abdullaya isə 13 il cəza istənildi

Anar Məmmədli və Anar Abdulla – Mənbə: Şəxsi Facebook profilləri

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin məhkəmə prosesi keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. O, 3 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə Anar Məmmədlinin 14 il, Anar Abdullanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Növbəti məhkəmə prosesi avqustun 7-nə təxirə salınıb.

Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb.

O, əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunsa da,  sonradan ittihama bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.

 Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır.

Beynəlxalq insan hüquqları təşkilatları onu siyasi məhbus kimi tanıyır.

İctimai fəal Anar Abdullayevin də adı Anar Məmmədli ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biri kimi çəkilir.

2025-ci ilin aprelində Abdullayev Anar Məmmədli ilə bağlı aparılan istintaqa cəlb edilib.

O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur, bunlar arasında qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və vergidən yayınma yer alır.

İctimai fəal əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsində ifadə verib, daha sonra isə barəsində polisin nəzarətinə vermə tədbiri seçilib. Ötən il avqustun 4-də polis nəzarətinə vermə qərarı həbs qətimkan tədbirinə dəyişdirilib.

Ana səhifəSiyasi işlərAnar Məmmədliyə 14 il, Anar Abdullaya isə 13 il cəza istənildi