Səidə həbsdə olan anası Kəmalə Bənənyarlının sevdiyi musiqini ifa edir. O artıq 10 gündür ki, anasını görmür. Kəmalə xanım 6 mayda NİDA-çılara verilən hökmə etiraz etdiyi üçün saxlanılıb. Bir gün sonra Nəsimi rayon Məhkəməsi ona 30 gün həbs cəzası verib.
Səidə deyir ki, məhkəmə olan gün anası ilə görüşüb məktəbə gedib. Məktəbdən qayıdanda anasının həbs edildiyini öyrənib: “Şənbə günü anamla görüşdüm. Anam solğun idi. O, bir neçə gün ərzində zəifləmişdi. Mən anamı hələ belə halda görməmişdim. Anamın ağzının kənarlarında yaralar var idi. Bunun nə olduğunu soruşdum. Dedi ki, Nəsimi Polis İdarəsində döyülərkən 20-25 dəqiqədən sonra “ürəyi gedib”.Onun ağzını açandan sonra bu yaralar yaranıb. Aldığı zərbədən anamın başında şiş yaranmışdı. Mən onunla görüşəndə də bu şiş qalmışdı”-Səidə Xəlilova deyir.
9 mayda Kəmalə Bənəniyarlı saxlanıldığı Binəqdi təcridxanasından məktub göndərib. Məktubunda yazıb :
“Əbülfəz Elçibəy deyirdi: Azadlıq istəyirsənsə, döyüləcəksən də, söyüləcəksən də, başın da yarılacaq. Mən də döyüldüm, söyüldüm, başımdan ciddi zərbə aldım. Və bir zamanlar Ə.Elçibəyin məhbus olduğu bir həbsxanada məhbusam. 30 gün yox, bilsəm ki, mənə 30 il oxunacaq, getdiyim yoldan dönmərəm”.
Səidə 9-cu sinifdə oxuyur. O, deyir ki, anasının həbsindən sonra sinif yoldaşları ilə mübahisə yaşayıb. “Sinif yoldaşım daha çox “Heydərizm”ə önəm verir. Anamın tutulması barədə danışmağa başladı. Mənimlə məzələnməyə çalışdı. Mən də onunla dalaşmağa başladım. Sinifdən başqaları da mənə dəstəyə gəldilər. Lakin o mənə bildirdi ki, guya biz səhvik, düz yolda deyilik. Dedim, əgər sizin haqqınız yeyilirsə, siz buna səs çıxarmırsınızsa, sizə heç bir sözüm yoxdur. O da cavab verdi ki, biz bu dövləti yaratmamışıq ki, haqqımızı da tələb edək. Əzilənlərdilər…”- deyir Səidə.
Səidə bildirir ki, anası 30 gün ərzində onun və qardaşının bir neçə problemini həll etməli idi. Bu həbs həm də onlara əlavə qayğılar yaradıb.
“Anam tutulmasaydı, mən imtahana hazırlaşıram deyə gedib müəllimlə danışacaqdı. Birinci bu problemim yarandı. Şəxsiyyət vəsiqəsi alınmalıydı ki, mən imtahana keçə bilim. Mən şəxsiyyət vəqisəmin surətini verə bilmədiyim üçün ola bilər ki, imtahana buraxılmayım. Bu da mənim üçün problem yaradır. Qardaşımın təhsil haqqı ödənilməli idi, o da qalıb. Bizim üçün bu cür problemlər yaradıblar”
Məktəbli qız anasının həbsinə öyrəncəli olduğunu vurğulayır. Qardaşı ilə birlikdə anasına oxşadıqlarını fəxrlə deyir: “Biz də elə özünə oxşayırıq (gülür)Təsiri altına düşmüşük. (gülür) Qardaşım da, mən də anamla fəxr edirik”.