Analitiklər Cənubi Qafqazın nadir torpaq elementləri ehtiyatlarını dəyərləndiriblər

Foto: “Kavkazski uzel”

“Kavkazski uzel”in materialı

Ermənistanda nadir torpaq elementlərinin ehtiyatları kifayət qədər böyükdür, lakin ABŞ-ın bu sahəyə marağı həm də siyasi səbəblərlə bağlıdır və məhz buna görə onunla memorandum imzalanıb. Gürcüstanda bu ehtiyatlar daha çox olsa da, ABŞ-la belə sazişlər yoxdur. Azərbaycanda isə nadir torpaq elementlərinin ayrıca yataqları mövcud deyil.

ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 26-da iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb və “Tramp marşrutu” layihəsi üzrə çərçivə sazişini paraflayıblar. Həmçinin “Kritik əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində tədarükün təmin edilməsi haqqında” çərçivə memorandumu imzalanıb.

“Sülh və rifah naminə Tramp marşrutu” — TRIPP — Azərbaycanın əsas hissəsini onun eksklavı olan Naxçıvanla Ermənistanın cənubundakı Sünik/Zəngəzur bölgəsindən keçən sahə vasitəsilə birləşdirəcək, daha sonra isə Şimal istiqamətində (Azərbaycan və Gürcüstan) və Qərb istiqamətində (Türkiyə) davam edəcək. Bu marşrut 2025-ci ilin avqustunda Vaşinqtonda, prezident Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişinin əsas elementinə çevrilib. Perspektivdə marşrutun Çini Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna inteqrasiyası nəzərdə tutulur. Ermənistan ərazisindən keçən hissənin uzunluğu 42 kilometrdir.

ABŞ və Ermənistan arasında mayın 29-da imzalanmış “Kritik əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində tədarükün təmin edilməsi haqqında” memorandumu “Kavkazski uzel”in müxbirinə enerji təhlükəsizliyi üzrə ekspert Vage Davtyan və geoloq Samvel Ov akimyan şərh ediblər.

Vage Davtyanın fikrincə, Yerevanla Vaşinqton arasında mineralların və nadir torpaq faydalı qazıntılarının çıxarılması və emalı haqqında memorandum ABŞ-ın regionda logistika, enerji və xammal istiqamətlərində mövcudluğunu sürətlə gücləndirmək cəhdləri kontekstində nəzərdən keçirilməlidir.

“Minerallar haqqında sənəd də həmin məntiq çərçivəsində qiymətləndirilməlidir. Bu gün dünyada nadir metallar uğrunda sərt rəqabət gedir. Onlar çiplərin, hərbi texnologiyaların, süni intellektin və yaşıl energetikanın istehsalı üçün zəruridir. Bu mənada Sünik qlobal maraq zonasına çevrilir”, — deyə o bildirib.

Davtyan qeyd edir ki, Ermənistan yalnız xammal mənbəyinə çevrilməməlidir.

“Əgər biz sadəcə filiz ixrac etsək, texnoloji və sənaye zəncirinin hamısı isə ölkədən kənarda qalsa, iqtisadi effekt minimal olacaq, siyasi asılılıq isə daha da artacaq”, — ekspert vurğulayıb.

Samvel Ovakimyan Ermənistanın hansı minerallara malik olduğunu sadalayır.

“Ermənistan nadir və kritik metallar baxımından əhəmiyyətli geoloji potensiala malikdir. Bu gün respublikanın yerin təkində bu elementlərin mövcudluğu dəqiq məlumdur: renium, selen, tellur və vismut. Bu metallar Ermənistan yataqlarında, xüsusilə mis-molibden filizlərində müşayiətçi komponentlər kimi mövcuddur. Bundan başqa, Ermənistanda nadir torpaq elementləri saxlayan maqmatik süxur kompleksləri aşkarlanıb ki, bu da həmin yataqların yüksək texnologiyalı sənaye üçün perspektivli olduğunu təsdiqləyir”, — o deyib.

Ovakimyanın sözlərinə görə, Ermənistanın yeraltı sərvətləri ənənəvi mis-molibden aktivlərindən daha genişdir.

“Biz kritik əhəmiyyətli metalların zəngin spektri ilə qarşı-qarşıyayıq. Lakin onların sənaye baxımından əhəmiyyətli olması üçün müasir ayırma və təmizləmə texnologiyaları tələb olunur. Bu isə beynəlxalq təcrübə və investisiyaların cəlb edilməsini zəruri edir”, — Ovakimyan bildirib.

Nadir torpaq metalları üzrə ABŞ və Gürcüstan arasında sazişin imzalanması zaman məsələsidir

Gürcüstanda nadir torpaq metallarının hasilatı ilə bağlı vəziyyəti “Kavkazski uzel”in müxbirinə gürcü politoloq Mamuka Areşidze və geoloq, Gürcüstan Təbiət Elmləri Akademiyasının vitse-prezidenti Aleksandr Tvalçrelidze şərh ediblər.

Mamuka Areşidze bildirib ki, Gürcüstan və ABŞ arasında belə bir saziş yoxdur.

«Ermənistan və ABŞ-ın imzaladığı kritik əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində belə bir saziş Gürcüstanda yoxdur. Ölkəmizdə kritik əhəmiyyətli minerallar var, lakin ABŞ hələlik bu cür maraq göstərməyib», — o deyib.

Lakin onun fikrincə, bu, zaman məsələsidir.

«ABŞ belə mineralların olduğu bütün ölkələrə maraq göstərir. Ermənistan da bu məsələdə istisna olmadı. Bu, ABŞ-ın qlobal siyasətinin nəticəsidir. Düşünürəm ki, yaxın vaxtlarda Gürcüstan və Azərbaycan da Amerikanın diqqət mərkəzinə düşəcək, çünki bu minerallar ABŞ-a və onun şirkətlərinə çox lazımdır», — o bildirib.

Aleksandr Tvalçrelidze də təsdiqləyir ki, Tbilisi və Vaşinqton bu sahədə əməkdaşlıq etmir.

“Bəli, Gürcüstan və ABŞ arasında belə saziş yoxdur. Amma deməliyəm ki, Gürcüstanda minerallar Ermənistandakından daha çoxdur. Xeyli çoxdur. Gürcüstan onların hasilatı, emalı və ixracı ilə məşğul olmur”, — o bildirib.

Tvalçrelidzenin sözlərinə görə, Ermənistanla ABŞ arasında kritik əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində sazişin imzalanması sırf siyasi jestdir.

“Burada iqtisadi amil yoxdur, yalnız siyasi amil var. Yaxud əgər ABŞ həqiqətən Ermənistanda mineral axtarmağı planlaşdırırsa, deməli, cənab Trampın çox pis məsləhətçiləri var ki, belə bir addım atıblar. Bir daha təkrar edirəm: Gürcüstanda minerallar daha çoxdur — qallium, germanium, arsen, sürmə və bir çox başqaları. Amma hazırda Gürcüstanda metallardan əsasən mis və qızıl hasil olunur”, — Tvalçrelidze qeyd edib.

Azərbaycanda nadir torpaq metalları qarışıq komponentlər şəklində mövcuddur

Azərbaycanda nadir torpaq metallarının ayrıca yataqları yoxdur. Bunu “Kavkazski uzel”in müxbirinə Turan analitik xidmətinin iqtisadi icmalçısı Toğrul Cüvarlı və Hasilat Sənayesində Şəffaflıq üzrə QHT Koalisiyasının üzvü Fuad Həsənov bildiriblər.

Toğrul Cüvarlının sözlərinə görə, Azərbaycanda faydalı qazıntı ehtiyatları hələ SSRİ dövründə, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı dövrdə geoloqlar tərəfindən yaxşı öyrənilib və sənaye miqyasında nadir torpaq metalları yataqları aşkarlanmayıb.

Bununla belə, onun sözlərinə görə, ölkənin yerin təkində nadir torpaq elementləri mis, qızıl və polimetal filizlərin tərkibində səpələnmiş qarışıqlar şəklində mövcuddur.

“Ayrı-ayrı filiz rayonlarında, məsələn, Gədəbəy yatağında belə elementlərin mövcudluğu qeydə alınıb, lakin onların konsentrasiyası ayrıca sənaye hasilatı üçün kifayət deyil”, — ekspert bildirib.

Cüvarlı bildirir ki, hazırda Azərbaycanda nadir elementlərin filizlərdən dərin emalı, ayrılması və çıxarılması üçün ixtisaslaşmış texnoloji baza formalaşmayıb. Bununla belə, onun fikrincə, gələcək tədqiqat və işləmələr üçün potensial qalmaqdadır.

“Azərbaycanda geoloji-kəşfiyyat işlərinin inkişafı və mis-qızıl filizi, eləcə də polimetal xammalın kompleks emalı nadir torpaq elementlərinin müşayiətçi komponentlər kimi əhəmiyyətini artıra bilər. Əlavə faktor kimi də elektronika və bərpa olunan energetika da daxil olmaqla yüksək texnoloji sahələrin inkişafı ilə bağlı nadir torpaq metallarına qlobal tələbatın davamlı artımı çıxış edir”, — Cüvarlı deyib.

Onun fikrincə, nadir elementlərin çıxarılması perspektivləri yaxın illərdə “Azergold” dövlət müəssisəsi tərəfindən polimetal Filizçay yatağının sənaye işlənməsinə başlanması ilə açıla bilər.

“Bu şirkət artıq qızıl filizi yataqlarının işlənməsi və qızıl külçələrinin istehsalı ilə məşğuldur, müəyyən texnoloji təcrübəyə malikdir və perspektivdə filizlərdən nadir elementləri də çıxara bilər. Amma təkrar edirəm, bu, metalların — misin, qurğuşunun, sinkin — hasilatı zamanı müşayiətçi məhsul olacaq”, — Cüvarlı bildirib.

O, xüsusi olaraq vurğulayıb ki, Filizçay filiz sahəsi 110 milyon tondan çox ehtimal olunan filiz ehtiyatı ilə dünyanın ən iri on polimetal yatağından birinə daxildir.

Azərbaycanda konkret hansı nadir torpaq metallarının çıxarıla biləcəyi ilə bağlı suala cavab verən analitik geoloqların araşdırmalarına istinadla kadmium, indium və qalliumun sənaye üsulu ilə hasilatı imkanlarını qeyd edib. Bu metallar elektronika, günəş energetikası və yarımkeçiricilər istehsalında tətbiq olunur.

Xarici şirkətlərin Azərbaycandakı nadir torpaq elementlərinə marağının olub-olmayacağı ilə bağlı suala cavab verən Cüvarlı bildirib ki, “bu, regional inteqrasiya kontekstində mümkündür”.

“Azərbaycanda nadir torpaq metallarının hasilat potensialı məhdud olduğundan və son məhsul istehsalı üzrə müəssisələrin yaradılması, yəqin ki, iqtisadi baxımdan effektiv olmayacağından ilkin emal məhsullarının regionun digər ölkələrinə, məsələn, nadir torpaq metallarının ciddi ehtiyatlarına malik olan və potensial olaraq belə müəssisələrin açıla biləcəyi Qazaxıstana yönəldilməsi mümkündür”, — Cüvarlı izah edib.

Fuad Həsənov da Azərbaycanda sənaye miqyasında nadir torpaq metallarının ayrıca yataqlarının olmadığını qeyd edib. Bununla belə, onun sözlərinə görə, nadir elementlər polimetal yataqların filizlərində qarışıq komponentlər şəklində mövcud ola bilər. Həsənov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə Ağdərə rayonundakı faydalı qazıntılarla zəngin Qızılbulaq qızıl-mis yatağının və Dəmirli mis-molibden yatağının daha dərindən öyrənilməsi üçün imkanlar açılır.

“Hazırda geokimyəvi xəritələşdirmə və nümunələrin laborator analizi aparılır, xüsusilə minalardan təmizlənmiş ərazilərdə”, — ekspert qeyd edib.

Bundan əlavə, o bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun məlumatlarına görə, Kəlbəcər və Laçın rayonlarında geoloji süxurların tədqiqi zamanı yüksək texnoloji sahələr üçün mühüm əhəmiyyət daşıyan nadir torpaq metalları elementləri aşkarlanıb. Həsənovun sözlərinə görə, söhbət neodim, lantan, serium və terbium kimi nadir torpaq elementlərindən gedir. Araşdırmaların məlumatlarına əsasən, ayrı-ayrı lokal sahələrdə onların konsentrasiyası yer qabığının orta göstəricilərini iki-dörd dəfə üstələyir.

O, həmçinin Böyük Qafqazın yamaclarında, Zaqatala-Balakən zonasında yerləşən Filizçay yatağında nadir torpaq metallarının çıxarılması potensialını qeyd edib.

“Bu iri polimetal yataqda əsas metallarla yanaşı nadir və kritik əhəmiyyətli metalların — indium, kobalt, vismut, stronsium, qallium, kadmium və digərlərinin ehtiyatları var. Onlar potensial olaraq sənaye miqyasında işlənə bilər”, — Həsənov deyib.

Onun sözlərinə görə, yatağın sənaye işlənməsinə yaxın iki-üç il ərzində başlanacaq və burada əsasən sink və qurğuşun, həmçinin mis, qızıl, gümüş hasil olunacaq, nadir torpaq elementlərinin isə müşayiətçi şəkildə çıxarılması nəzərdə tutulur. Həsənov vurğulayıb ki, hələlik Azərbaycanda nadir torpaq metallarının sənaye hasilatı həyata keçirilmir.

Ekspertin məlumatına görə, Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “AzerGold” və “Anglo Asian Mining” şirkətləri nadir elementlərin filiz emalı tullantılarından çıxarılması imkanlarını da araşdırır. Onun sözlərinə görə, müasir texnologiyalar mikroskopik miqdarda metalların kimyəvi üsullarla çıxarılmasına imkan verir.

Bu sahədə beynəlxalq əməkdaşlığa toxunan Həsənov bildirib ki, Azərbaycan Özbəkistanla tərəfdaşlıq qurur. Xüsusilə nadir və kritik metalların birgə kəşfiyyatı və geoloji quyuların qazılması üzrə proqram hazırlanır. Azərbaycan nadir metallardan “yaşıl energetika”nın inkişafında, o cümlədən külək turbinlərinin və akkumulyatorların istehsalında istifadə edə bilər. Lakin Həsənovun qeyd etdiyi kimi, beynəlxalq təsnifata əsasən Azərbaycan nadir torpaq metallarına malik ölkələr siyahısına daxil deyil.

“USGS-in — ABŞ Geoloji Xidmətinin — məlumatlarına görə, Azərbaycan hələlik təsdiqlənmiş nadir torpaq elementləri ehtiyatlarına malik ölkələr siyahısına daxil deyil. Səbəb nadir torpaq metallarının ayrıca müstəqil yataqlarının olmamasıdır. Ölkədə onlar ayrıca filiz cisimləri kimi deyil, qızıl, mis, dəmir və polimetalların hasil olunduğu digər yataqlarda müşayiətçi elementlər kimi rast gəlinir”, — ekspert bildirib.

Azərbaycanda nadir torpaq metallarının təxmini ehtiyatlarının qiymətləndirilməsinə gəlincə, ekspert qeyd edib ki, indiki mərhələdə bu məsələ kifayət qədər öyrənilmədiyindən hər hansı təxmini rəqəmlər səsləndirmək mümkün deyil. Ümumilikdə, onun sözlərinə görə, son illərdə ictimaiyyətə yataqlar üzrə yeni geoloji tədqiqatlar və aşkarlanmış çıxarıla bilən ehtiyatlar barədə məhdud informasiya təqdim olunur.

USGS: regionda nadir torpaq elementləri geoloji təzahürlər şəklində aşkarlanıb

Fuad Həsənovun istinad etdiyi ABŞ Geoloji Xidmətinin 2022-ci ildə dərc olunmuş “Global Rare Earth Element Occurrence Database” bazasının məlumatlarına görə, Cənubi Qafqazda nadir torpaq elementlərinin və kritik əhəmiyyətli mineralların təzahürləri qeydə alınıb. Lakin onların sənaye baxımından öyrənilmə səviyyəsi və iqtisadi əhəmiyyəti ciddi şəkildə fərqlənir. USGS vurğulayır ki, geoloji təzahürlərin mövcudluğu hələ genişmiqyaslı hasilat üçün yararlı təsdiqlənmiş ehtiyatların olması demək deyil.

Ermənistan və Gürcüstanla bağlı Amerika geoloji məlumatları, ilk növbədə, mis-molibden və polimetal filizlərlə əlaqəli perspektivli minerallaşmış zonaların mövcudluğunu təsdiqləyir. Bu zonalarda nadir və kritik əhəmiyyətli elementlər müşayiətçi komponentlər kimi ola bilər. Bununla belə, USGS-in 2025-ci ilin yanvarında dərc etdiyi illik “Mineral Commodity Summaries 2025” icmalında nə Ermənistan, nə də Gürcüstan sənaye miqyasında təsdiqlənmiş dünya nadir torpaq elementləri ehtiyatlarına malik ölkələr kimi ayrıca göstərilmir.

Azərbaycan da USGS-in beynəlxalq statistikasına əsasən sənaye miqyasında təsdiqlənmiş nadir torpaq elementləri ehtiyatlarına malik ölkələr siyahısına daxil deyil. Bununla belə, amerikalı geoloqlar kritik əhəmiyyətli və nadir metalların mis, qızıl və polimetal filizlərin tərkibində müşayiətçi komponentlər kimi mövcud ola biləcəyini istisna etmirlər. Bu, gələcək geoloji-kəşfiyyat işlərini perspektivli edir, lakin hələlik nadir torpaq metallarının hasilatı üzrə formalaşmış sahədən danışmağa əsas vermir.

Facebook istifadəçiləri Ermənistan tərəfinin parlament seçkilərini müşahidə missiyasına rusiyalıları daxil etməkdən imtina etməsi barədə xəbəri şərh edərkən bunu Cənubi Qafqaz ölkələri arasında əlaqələrin dərinləşməsi və Ermənistanın Rusiya hakimiyyətinin təsirindən çıxması əlaməti kimi qiymətləndiriblər.

“Paşinyanın götürdüyü kurs, sonra Gürcüstan — və Cənubi Qafqaza sülh gələcək, qafqazlılar birlikdə vəziyyətdən iqtisadi çıxış yolu tapacaqlar. Neftimiz, qazımız var, qalanını yaradarıq”, — Zahid Faramazov hesab edir.

“Ermənistan üçün əsl seçkilərin olması çox vacibdir: Paşinyanı seçmək Avropa və Asiyaya açılan pəncərədir, yoxsa yenə eyni səhvləri təkrarlayıb tam təcrid və Rusiyadan asılılıq vəziyyətinə düşmək”, — Əli Qəmbərov qeyd edib.

“Ermənistanda indi Zaqafqaziyanın taleyi həll olunur”, — ona Robert Djo cavab verib.

Dirən, Ermənistan! Təslim olmayın! Bütün sağlam düşüncəli insanlar sizinlədir!” — Alexander Wolff yazıb.

Lakin bütün şərhçilər Ermənistan hakimiyyətinin addımlarını düzgün hesab etmir.

“Rusiya Ermənistan vətəndaşlarının və hakimiyyətinin davranışından nəticə çıxarmalıdır. Buna görə də resursların verilməsini dayandırmaq və Rusiyaya yolu məhdudlaşdırmaq lazımdır. Qoy türklərlə təkbətək qalsınlar. Bizim üçün isə bu, yeni sərhədlər və imkanlar açır”, — Anar Haciyev yazır.

“İki stulda oturmaq olmaz. Avropa İttifaqına gedirik, amma rifahı sizdən alırıq”, — Ermənistan hakimiyyətinin kursu ilə bağlı məlumatı Yekaterina Şeqlova şərh edib.

Ana səhifəİqtisadiyyatAnalitiklər Cənubi Qafqazın nadir torpaq elementləri ehtiyatlarını dəyərləndiriblər