“Qalıq yanacaq ixracı Putin rejimi və yaramaz dövlətlərin əsas imkanlarındandır”
Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri Rusiyanın qalıq yanacaq (fosil yanacaq) gəlirlərinin ikiqat artdığı bildirilir.
“The Guardian” yazır ki, ölkə son 2 ay ərzində neft, qaz və kömür ixracından təxminən 62 milyard avro əldə edib, lakin ixracın həcmləri azalıb.
Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin “gəmilərin hərəkəti və yükdaşımaların təhlili”ndə bu nəticəyə gəlinib.
Qənaət o yöndədir ki, gəlirlərin artmasına səbəb Rusiyanın qiymətləri bahalaşdırmasıdır.
Rusiyadan Avropa Birliyi ölkələrinə son iki ay ərzində təxminən 44 milyard avroluq mal ixrac edilib.
Ötən bir il ərzində isə 140 milyard avro və ya ayda təxminən 12 milyard avroluq mal satılıb. Son ayların hər birində rəqəm 2 dəfəyə yaxındır.
Avropa ölkələri Vladimir Putinin neft və qazdan iqtisadi silah kimi istifadə etməsinin qarşısını almağa çalışsa da, hələlik Rusiyanın Avropanın enerji təchizatı üzərindəki təzyiqləri qalır.
Rusiyadan xarici limanlara xam neft daşınması aprelin ilk üç həftəsində işğaldan əvvəlki yanvar və fevral ayları ilə müqayisədə 30 faiz azalıb.
Hazırda Rusiyanın neft və qazdan yüksək gəlir əldə etməsi o deməkdir ki, sanksiyalar və ixrac məhdudiyyətləri bu ölkənin yüksək gəlir əldə etməsinin qarşısını ala bilməyib.
Bu baxımdan, Rusiyanın Avropa İttifaqı ölkələrini tələyə saldığı düşünülür.
Bildirilir ki, əlavə məhdudiyyətlər qiymətləri daha da artıra bilər.
CREA-nın analitiki Lauri Myllyvirta yüksək gəlirin Vladimir Putinin müharibə səylərini dəstəklədiyini bildirib.
O deyib ki, Putinin döyüş maşınını sıradan çıxarmağın yeganə yolu qalıq yanacaqlardan sürətlə uzaqlaşmaqdır:
“Qalıq yanacaq ixracı Putin rejiminin və bir çox başqa yaramaz dövlətlərin əsas imkanlarındandır”.
Lauri Myllyvirtanın sözlərinə görə, davamlı enerji idxalı Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əsas boşluqlarıdır.
Bu qalıq yanacaqları alan hər kəs Rusiya ordusu tərəfindən törədilən beynəlxalq hüququn dəhşətli şəkildə pozulmasına şərikdir.
Rusiya son günlərdə Polşa və Bolqarıstana mavi yanacaq tədarükünü kəsmək üçün hərəkətə keçib. Bu, Avropa ölkələrinin qəzəbinə səbəb olub.
CREA-nın araşdırması aşkarlayıb ki, bir çox qalıq yanacaq şirkətləri BP, Shell və ExxonMobil də daxil olmaqla Rusiya ilə yüksək həcmdə ticarət aparmağa davam edir.
Hökumətin Rusiya neftindən asılılığın dayandırılmasının prioritet olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, Almaniya son iki ayda ən böyük idxalçı olub.
Bu dövr ərzində ölkə idxal üçün təxminən 9 milyard avro ödəyib.
İtaliya və Hollandiya da müvafiq olaraq təxminən 6,8 milyard avro və 5,6 milyard avro ilə böyük idxalçılar olub.
“Shell”in sözçüsü “Guardian”a bildirib ki, şirkət Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq qəti addımlar atıb:
“Biz hökumətlərlə məsləhətləşərək, “Qazprom” və əlaqəli qurumlarla birgə müəssisələrimizdən çıxmaq və bütün Rusiya karbohidrogenlərini mərhələli şəkildə dayandırmaq niyyətimizi elan etmişik. Bu niyyəti elan etdiyimiz vaxtdan biz Rusiya xammalının, mayeləşdirilmiş təbii qazın və birbaşa Rusiyadan ixrac olunan emal olunmuş məhsulların bütün spot alışlarını dayandırmışıq”.
“Exxon”un sözçüsü isə bildirib ki, onlar Rusiyanın əsassız hücumuna son qoymaq üçün beynəlxalq səviyyədə əlaqələndirilmiş səyləri dəstəkləyirlər: “Bütün sanksiyalara əməl edirik. Rusiya işğalından sonra biz Rusiya məhsulları üçün heç bir yeni müqavilə bağlamamışıq və hazırda Böyük Britaniyaya planlaşdırılan Rusiya xammalı və ya təmizlənmiş məhsulların tədarükü davam etdirilmir. Biz Rusiyada yeni inkişafa sərmayə qoymayacağıq”.
“Putinin Ukraynanı işğal etməsindən iki ay sonra Almaniya hələ də Rusiyanın döyüş sinəsini ayda 4,5 milyard avro həcmində maliyyələşdirir. Berlin Rusiyanın qalıq yanacaqlarının ən böyük alıcısıdır”, – deyə “Chatham House” Analitik Mərkəzinin tədqiqat direktoru Bernis Li “Guardian”a bildirib.
Onun sözlərinə görə, dünya Rusiyaya qarşı güc və qətiyyət nümayiş etdirmək üçün gözünü Almaniyaya dikib: “Lakin Almaniya bunun əvəzinə müharibəni maliyyələşdirir. Bu ölkə Rusiya neftinə Avropa embarqosunun qarşısını alır”.
Rusiya 2021-ci ildə ümumi neft ixracından yarım trilyon (500 milyard) dollar gəlir götürüb.
Bu vəsaitin 110 milyard dollarlıq hissəsi xam neft, 70 milyard dollarlıq hissəsi isə neft məhsulları ixracından əldə edilib.
Rusiyanın gündəlik 4,7 milyon barel xam neft ixracının təxminən yarısı Avropa İttifaqı (Aİ) ölkələrinə gedir.
İxracın kəsilməsi Moskvanı böyük gəlir axınından məhrum edə bilər.
Avropa İttifaqı Rusiyadan neft idxalını azaltmağın yollarını axtarır. Səbəb Rusiyanın fevralın 24-dən bu yana Ukraynaya hərbi müdaxiləsidir. Həmin gündən bu yana Avropa ölkələri, eləcə də Amerika Rusiyaya qarşı müxtəlif maliyyə sanksiyaları tətbiq ediblər.
Məqsədləri Rusiyanı dalana dirəmək və müharibəni maliyyələşdirməsinə əngəl olmaqdır.
İndi də Rusiyadan neft idxalını azaltmaq müzakirə edilir. Lakin hələlik heç bir ölkədən Rusiya neftindən imtina və ya idxalı azaltma ilə bağlı rəsmi açıqlama gəlməyib.