Ana olmağın ”qiyməti”

Pulsuz doğuş üçün nazirliyə şikayət etmək lazımdır?

Source:


Pulsuz doğuş üçün nazirliyə şikayət etmək lazımdır?

“Hamiləliyimin 6-cı ayında doğuşun qiyməti ilə maraqlandım. Tibbi Klinik Xəstəxanada 700, 7 saylı doğum evində 600, 2 saylı Doğum Evində isə 450 manata başa gəlirdi. Hamiləliyin axırıncı ayıdır, qiymətlər artırılıb. Son 3 ayda 50-150 manat bahalaşma olub”.

Bunu Bakı şəhər sakini Aydan Hüseynova deyir. Aydan Hüseynova ilk övladını dünyaya gətirəcək. Həyat yoldaşı məmurdur, dediyinə görə, aylıq maaşa baxır. Evdə yeganə işləyən də elə həyat yoldaşıdır. Ona görə doğuşla bağlı xərcləri elə nizamlamalıdır ki, sonra borc yükü altında qalmasınlar.

“Dövlət tibb müəssisələrində doğuş və qeysəriyyə əməliyyatı pulsuz olmalıdır. Lakin qan analizlərindən tutmuş ulturarsəs müayinəsinədək bütün müayinələrə pul istənilir. Doğuşun qiyməti isə əvvəlcədən razılaşdırılır. Tibbi Klinik Xəstəxananın doğum şöbəsində həkim 800 manat istədi. Özəl klinikalarasa, ümumiyyətlə, yaxın durmaq mümkün deyil. Özəl xəstəxanalarda doğuşun qiyməti 1100 manatdan başlayır. Deyirlər, qazın, işığın, suyun qiyməti artıb, bizdə qiymətlər niyə artmasın?”, – Aydan deyir.



Ana olana gül göndərmək qadağandır

Meydan TV əməkdaşı paytaxtdakı xəstəxanalarda doğuşun qiymətini öyrənmək üçün ana olmağa hazırlaşan vətəndaş kimi klinikalarla əlaqə saxlayıb

“Baku Medical Plaza”nın Babək filialından bildirilib ki, onlarda qiymət artırılmayıb, hər ilin əvvəlində qiymət paketi müəyyənləşdirilir və ilboyu da həmin qiymətlə xidmət göstərilir.

Klinikada təbii doğuş qiyməti (standart paket daxil olaraq) 800 manat, qeysəriyyə əməliyyatı yolu ilə 1000 manat təşkil edir. İki nəfərlik standart otaqda qalmaq 100 manata başa gəlir. Amma standart otağa gül, hədiyyə göndərmək qadağandır. VİP otaqlarda paketdən əlavə qalmaq 150 manata, özəl tibb bacısının xidməti 100 manatadır. VİP otaqda qalanlar gül və hədiyyə qəbul edə bilərlər. Liks otaqlarda paketə daxil yataq 200 manat, paketdən xaric əlavə yatış günü 250 manat, özəl tibb bacısı 100 manatdır. Yalnız VİP və lüks otaqlarda xəstələrə həyat yoldaşının doğumda iştirakına (200 manat), film və ya foto çəkilişlərinə (200 manat) icazə verilir. Kənardan fotoqraf gətirilməsi qadağandır.



Suda doğuş 1500 manat

“Medi Style” klinikasından təbii doğuş və qeysəriyyə əməliyyatları müayinələrlə birgə 1300-1500 manata başa gəlir. Buna baxmayaraq, həkimin tanışlığı ilə qiymətlərdə endirimlər ola bilər.

“Oksigen” klinikasında təbii doğuş həkim tanışlığı ilə 1100 manata, qeysəriyyə isə xəstənin vəziyyətindən asılı olaraq 1300 manatdan başlayır.

Respublika Diaqnostika Mərkəzində anaların istəyi ilə suda doğuş aparılır. Son aylaradək suda doğuş 1500 manatdan baha olub. Təbii doğuş, qeysəriyyə əməliyyatlarının qiyməti isə telefonda söylənilmir, bunun üçün klinikaya gedib həkimlə əlaqə saxlamaq lazımdır.

“Leyla Şıxliniskaya” klinikasında doğuşun qiyməti 1200-1500 manatdır. Amma qiymət hamilə qadının vəziyyətinə, müayinə və istəklərə uyğun dəyişir.

Mərkəzi Klinikada təbii doğuşun qiyməti 1500 manatdan başlayır. Təbii ki, həkim seçimi, əlavə qulluq tələbi qiymətlərə təsir edir.

Neftçilər xəstəxanasında da doğuş 1200 manatdan baha başa gəlir. Qeysəriyyə əməliyyatı isə 1500 manatan artıq vəsait tələb edir.

Qiymətlər həkim seçimi, müayinə və hamilə qadının vəziyyətinə uyğun olaraq müəyyənləşdirilir. Paket təkliflər daha sərfəlidir. Buna görə də dəqiq qiymət yalnız hamilə qadın müayinələrdən keçib xəstəxanada yatmağı qəbul edəndən sonra söylənilir.

Özəl klinikalardan fərqli olaraq dövlət xəstəxanalarında qiymətlər xəstəxananın xidmət səviyyəsinə görə dəyişir. Məsələn, Tibbi Klinik Xəstəxananın doğum şöbəsində və ya Respublika Perinatal Mərkəzdə doğum 600-800 manata başa gəlirsə, 2 saylı doğum evində və ya Respublika Xəstəxanasında 450-500 manata ana olmaq mümkündür. Amma pul xərcləmədən də ana olmaq şansı var, bunun üçün Səhiyyə Nazirliyinə şikayət etmək və ən yaxşı halda məsələni ictimaiyyətləşdirmək lazımdır.



“Özəl klinikalar bizim nəzarətimizdə deyil”

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Meydan TV-yə bildirib ki, özəl klinikalarda qiymətlərə nəzarət Səhiyyə Nazirliyinin tabeliyində deyil, buna görə də yalnız tövsiyə verə bilərlər:

“Özəl klinikalar sahibkarlara məxsusdur. Onlarda da qiymətlər bazar iqtisadiyyatına uyğun tənzimlənir, rəqabətə uyğunlaşdırılır. Əgər Səhiyyə Nazirliyinin “qaynar xətt”inə bununla bağlı hər hansı şikayət daxil olarsa, araşdırıla bilər. Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanalarında isə müalicə və müayinə ilə yanaşı doğuş da pulsuzdur. Hər hansı xidmət qarşılığında xəstədən pul tələb olunarsa, nazirliyə müraciət edə bilərlər. Səhiyyə Nazirliyi də müraciət əsasında müvafiq tədbirlər görməyə hazırdır”.

Ana səhifəReportajAna olmağın ”qiyməti”