“Amnesty International”: Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri tez-tez təqib və əsassız həbslərlə üzləşirlər

“Amnesty International”. Foto: Derick P. Hudson/shutterstock

Təşkilat insan haqlarının durumunu 1980-ci illə müqayisə edir

Beynəlxalq insan haqları təşkilatı olan “Amnesty International” “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı illik hesabat yayıb.

Hesabatda bildirilir ki, dünyada insan haqlarının vəziyyəti 1948-ci il istiqamətinə geriləyə-geriləyə gedir. İndiki durum isə 1980-ci illərlə müqayisə edilir.

“Amnesty International”ın hesabatının Azərbaycanla bağlı hissəsində bildirilir ki, il ərzində Azərbaycanın Dağlıq Qarabağın separatçı ərazisinə gedən əsas yolu blokadaya alması minlərlə insanın həyatını təhlükəyə atıb və bunun ardınca hərbi hücum etnik ermənilərin əksəriyyətini ərazini tərk etməyə məcbur edib.

Həmçinin qeyd edilir ki, hökumətin ifadə azadlığına qarşı təzyiqləri güclənib. Jurnalistlər, hüquq müdafiəçiləri və fəallar gördükləri işlərə görə həbs edilib:

“Dinc etiraz aksiyaları sıxışdırılıb, media orqanlarının və müstəqil təşkilatların işi əsassız olaraq məhdudlaşdırılıb. Qadınlar və qızlar gender zəminində qısnama və zorakılıqla üzləşməkdə davam ediblər”.

Sentyabrdakı hərbi olay

Təşkilat sentyabrın 19-da baş verən hərbi toqquşmanı xatırladır. Bildirir ki, həmin gün Azərbaycan Dağlıq Qarabağın separatçı ərazisində de-fakto hakimiyyəti tərksilah etmək və dağıtmaq üçün böyük hərbi hücuma başlayıb. Bir neçə saat ərzində onun qüvvələri bütün ərazi üzərində nəzarəti bərpa edib və sentyabr və oktyabrda bir neçə gün ərzində Dağlıq Qarabağın demək olar ki, bütün etnik erməni əhalisi – 100.000-dən çox insan – Ermənistana qaçıb:

Foto: Meydan Tv
Müharibə. Foto: Meydan TV

“İlin sonuna qədər onların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnu təmin etmək üçün Azərbaycan tərəfindən heç bir mühüm irəliləyiş olmadığına görə, köçkün edilənlər iqtisadi çətinliklər və qeyri-müəyyənliklə üzləşib”.

“Amnesty International” bildirir ki, Azərbaycan hakimiyyəti hərbi cinayətlər törətdikləri iddia edilən şəxslərdən başqa, Dağlıq Qarabağda de-fakto hakimiyyət üçün döyüşmüş şəxslərə amnistiya vəd edib:

“Dağlıq Qarabağın bir neçə etnik erməni lideri bölgəni tərk edərək Ermənistana keçməyə cəhd edərkən həbs edilib və hərbi cinayətlərdə ittiham olunub. Dekabrda Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə razılıq verdikdən sonra 32 erməni hərbi əsiri azad edib. Razılıq həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında keçiriləcək “COP 29” qlobal iqlim sammitinə ev sahibliyi etmək üçün zəmin yaradıb”.

Hərbi qələbədən istifadə

Hesabatda bildirilir ki, Azərbaycan hakimiyyəti hərbi qələbədən istifadə edərək öz idarəçiliyini daha da möhkəmləndirib və tənqidçilərə qarşı təzyiqləri artırıb.
Həmçinin məhdudlaşdırıcı QHT qanunvericiliyi qeydiyyatdan keçirməkdən əsassız imtina və insan hüquqları qruplarının maliyyələşdirilməsinə məhdudiyyətlər kimi maneələr yaratmaqda davam edib.

“Media ciddi şəkildə məhdudlaşmış vəziyyətdə qalmaqdadır. Hökumət tənqidçiləri, jurnalistlər, media nümayəndələri və hüquq müdafiəçiləri daha tez-tez baş verən zorakılıq, təqib və əsassız həbslərlə üzləşiblər. Azərbaycan insan hüquqları təşkilatları siyasi motivlərlə həbs edilən şəxslərin sayının əvvəlki illə müqayisədə iki dəfə artaraq 230-dan çox nəfərə çatdığını bildiriblər. 2022-ci ildə qəbul edilmiş yeni məhdudlaşdırıcı media qanunu media orqanlarının hakimiyyət tərəfindən qeydiyyatdan keçməsini tələb edir”.

Medianın İnkişafı Agentliyi

Sənəddə qeyd edilir ki, noyabrdan etibarən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsassız səbəblərlə qeydiyyatı rədd edilmiş müstəqil media qurumlarının bağlanmasına yönəlmiş hüquqi fəaliyyətə başladığı barədə məlumat yayılıb. Müxalifət fəalı Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında siyasi motivli ittihamlarla saxlanandan bəri həbsdə qalmaqdadır. O, mart ayında onun sosial media hesablarından qadınlarla söhbətləri, intim foto və videoları sızandan qısa müddət sonra aclıq aksiyasını dayandırıb:

“Tanınmış alim və anti-korrupsiya fəalı Qubad İbadoğlu iyulun 23-də, Bakıda mülki geyimli polis əməkdaşları tərəfindən qanunsuz olaraq, “dini ekstremizm” və “saxta pulların əldə edilməsi və ya satışı” ilə bağlı uydurma ittihamlarla saxlanılıb. O, anti-korrupsiya qanunvericiliyinə uyğun müsadirə olunmuş aktivlərlə azərbaycanlı tələbələrin nəfinə maliyyələşdirilməsi nəzərdə tutulan fondun yaradılmasına göstərdiyi təşəbbüsə görə həyat yoldaşı (həyat yoldaşı qısa bir müddət sonra buraxılıb) ilə birlikdə saxlanılıb. Qubad İbadoğlunun səhhəti həbsdəki şərait və adekvat olmayan tibbi xidmətə görə pisləşib”.

Jurnalistlərin və fəalların həbsi

Hesabat müəllifləri bildirir ki, sentyabr və oktyabrda on nəfərdən çox şəxs hökuməti və onun Dağlıq Qarabağdakı hərbi əməliyyatını tənqid etdiklərinə görə inzibati ittihamlarla saxlanılıb.

“Noyabr və dekabrda, fevralda gözlənilən növbədənkənar Prezidenti seçkilərindən əvvəl, polis 13 nəfəri hakimiyyəti tənqidlərinə görə qondarma görünən ittihamlarla saxlayıb. Tanınmış müxalifət siyasətçisi Tofiq Yaqublu güya sənəd saxtakarlığına görə həbs edilib. “AbzasMedia” hökumətə qarşı korrupsiya ittihamları barədə xəbər dərc etdikdən sonra təşkilatın direktoru Ülvi Həsənli və onun iş yoldaşları, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Məhəmməd Kekalovla birgə araşdırmaçı jurnalist Hafiz Babalı qaçaqmalçılıq ittihamları ilə həbs edilib. Müstəqil jurnalistlər Teymur Kərimov, İbrahim Hümbətov, Ərşad İbrahimov, Əziz Orucov və Rüfət Muradlı ilə yanaşı fəallar Möhyəddin Orucov və İlhamiz Quliyev qanunsuz tikinti aparmaqdan tutmuş, narkotik maddələrin qanunsuz saxlanması və reketçiliyədək müxtəlif ittihamlarla həbs edilib”.

Media. Foto: Ülviyyə Əli.

Həmçinin il ərzində beş nəfər sosial mediada anti-müharibə postlarına görə həbs olunub.
Nurlan Qəhrəmanlı, Emin İbrahimov və Nemət Abbasov iddia olunduğuna görə “ziyanlı informasiya yaymaqda” ittiham olunaraq 30 sutkalıq həbsə məruz qoyulub.

Hesabatda habelə iddia olunduğuna görə qondarma ittihamla həbs edilmiş həmkarlar lideri Afiəddin Məmmədovun həbsxanada olduğu bildirlir.

Sərbəst toplaşmaq azadlığı

Təşkilat qeyd edir ki, hakimiyyət dinc toplaşma azadlığı hüququnu ədalətsizliklə məhdudlaşdırır. Məsələn, iyunun 20-də polis Gədəbəy rayonunun Söyüdlü kəndində yerli fəalların qızıl mədəninin planlaşdırılmış genişləndirilməsinə qarşı keçirdikləri dinc ekoloji etiraz aksiyasını zorakılıqla dağıdıb. Video görüntülərdə polisin bir neçə qadının gözlərinə kimyəvi qıcıqlandırıcı maddə püskürtdükləri və etirazçıları dəyənəklərlə döydükləri görünür:

15 dekabr aksiyası, Foto: Meydan TV

“Təxminən on nəfər yaralanıb və 12 nəfər isə müvəqqəti olaraq etiraz vaxtı və ondan sonra saxlanılıb. Onların sırasında etirazı izləyərkən polis tərəfindən qısa bir müddət saxlanılıb və döyülən ən azı üç nəfər jurnalist və aksiyadan sonra sosial şəbəkələrdə tənqidi paylaşmalar etdiklərinə görə həbs edilən fəallar da olub. Xəbərlərə görə, iyunun 22-dən sonra polis ən azı üç həftə müddətinə Söyüdlüyə girişi məhdudlaşdırıb və yalnız yerli sakinlərin və hökumətyönlü media qurumlarının girişinə icazə verib”.

Gender əsaslı zorakılıq

Hesabatda bildirilir ki, qadınlar siyasi qisas obyekti kimi hədəfə alınmaqla yanaşı, gender zəminində zorakılığın müxtəlif formaları ilə üzləşməkdə davam edir:

“Yerli qadın fəallar həbs edilmiş müxalifət fəalı Bəxtiyar Hacıyevin şəxsi hesablarından intim fotoları, videoları və mesajları sızan bir neçə qadının salamatlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildiriblər (yuxarıda, İfadə və birləşmə azadıqları bölməsinə baxın). Fəallar, bu qadınların adlarını, şəkillərini və bir halda ev ünvanını yaymaqla, öz ailələri də daxil olmaqla, zorakılığın hədəfinə çevrilmələrində və sızmaların arxasında hökumətin olduğunu iddia ediblər. İddia edilən kibercinayətlə bağlı istintaq ilin sonunda hələ davam edirdi”.

Adətən Azərbaycan hökuməti belə hesabatları qərəzli adlandırır.

Rəsmi şəxslər daim açıqlamalarında ölkədə heç kəsin siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmadığını bildirir.

Həmçinin ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edirlər.

Ana səhifəSiyasət“Amnesty International”: Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri tez-tez təqib və əsassız həbslərlə üzləşirlər