AMEA-nın keçmiş əməkdaşı: “Direktor xaricdə yaşayan qohumlarına mükafatlar yazırdı…”

Mənbə: AMEA

“Ramiz Mehdiyevin dövründə bizim institutda 2 milyon 330 min manatlıq yeyinti aşkar edildi”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş elmi işçisi, tarixçi alim Səbuhi Hüseynov, eləcə də bu institutun şöbə müdiri olmuş həyat yoldaşı Gülüstan İsayevanın məhkəməsi davam edir. Onlar 92 min manatlıq mənimsəmədə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötən məhkəmə iclasında Səbuhi Hüseynov ifadə vermişdi. Bu dəfə isə o, hakim Azd Məcidovun suallarını cavablandırıb.

Dindirmə zamanı məlum olub ki, Qarabağ ərazilərində ekspedisiyalar zamanı çox az vəsait ayrılıb. Məsələn, hər gün üçün 40 manat. Hakim Səbuhi Hüseynovdan soruşub ki, rayonlarda tədqiqatlar apararkən qalmaq, yemək xərclərini bu məbləğlə necə qarşılayıb? Bundan başqa, təkcə 2019-cu ildə 60 ekspedisiya olub ki, hakim də bu ekspedisiyalar zamanı hansı nəticələrin əldə olunmasıyla maraqlanıb.

O, cavabında bildirib ki, Tərtər, Ağcabədi və başqa rayonlarda ekspedisiyalar olub. Ekspedisiyalar kəşfiyyat xarakteri daşıyıb, 1000-dən artıq tarixi abidə tədqiq olunub:

Bu, çətin işdir. Çünki elə abidələr var, dağılıb. Ağdam və Ağcabədi rayonlarında 150-dən çox tarixi abidənin yeri məlum deyil. Bunlar araşdırılmalıdır.Tədqiqat aparmışam, gördüyüm işlərin də hesabatını vermişəm”.

Səbuhi Hüseynovun sözlərinə görə, gündəlik 40 manat yalnız yemək xərci üçün verilib, qalmaq, yol xərcini isə öz hesabına həll edib. O bildirib ki, bacanağının evində qalmaqla, ekspedisiya zamanı xərclərə qənaət edirdi.

Ekspedisiya apardığınız hər rayonda bacanağınız vardı?” , – hakimin bu sualına isə Səbuhi Hüseynov belə cavab verib: “Xeyr, bacanağım Bərdədə yaşayırdı. Oradan başqa rayonlara gedib-gəlmək olurdu”.

Hakim: “Belə çıxır ki, siz gedib-gəlmək üçün öz cibinizdən pul xərcləmisiniz. Məqsədiniz nə idi?”

Səbuhi Hüseynov: “Təşviqat aparmaq. Görülən işlərin nəticəsilə bağlı məqalələr, hesabatlar hazırlamışıq. Həmin məqalələri də instituta təqdim etmişəm. İnstitut da həmin məqalələri, hesabatları Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması Xidmətinə göndərib”.

Hakim onun nəzərinə çatdırıb ki, cinayət işinin materiallarında Mədəni İrsin Qorunması Xidmətinin prokurorluğa göndərdiyi məktub var. Həmin məktubda qeyd olunub ki, abidələrin ekspedisiyasının keçirilməsilə bağlı hər hansı sənəd onlara təqdim olunmayıb.

Səbuhi Hüseynov isə Xidmətin rəisi Könül Cəfərovanın imzasıyla olan sənədi məhkəməyə təqdim edib. Hakim sənədi cinayət işinin materiallarına əlavə edib.

Daha sonra Gülüstan İsayeva ifadə verib. O bildirib ki, mənimsəmə ittihamı yalandır.

Gülüstan İsayeva institutdakı qanunsuzluqlara görə, keçmiş direktor Maisə Rəhimovanı ittiham edib. Onun sözlərinə görə, əvvəllər bir dəfə də töhməti olmamışdı. Lakin institutdakı korrupsiya hallarına etiraz edəndən sonra vəziyyət dəyişib:

Maisə Rəhimova işə ştatdankənar adamlar götürürdü. İnstitutun 299 nəfər işçisi vardı. Amma işə cəmi 50-60 nəfər gəlirdi. Maisə Rəhimova özü özünə və xaricdə olan qohumlarına mükafat yazırdı. Təsəvvür edin, xaricdə yaşayan adamlar hər ay institutdan əməkhaqqı alırdı. Şəkidə, Tovuzda yaşayan adamlar vardı ki, onlara pul ayrılırdı. Guya Bakıdan ora ezam olunublar. Halbuki, adamlar elə orada yaşayırlar. Naxçıvan Dövlət Universitetində işləyən bir neçə nəfərə eyni adla pul köçürülüb. Sənədlərdə də qeyd olunurdu ki, Bakıdan Naxçıvana ezam olunublar”.

Məhkəmə
Foto: Meydan TV

Gülüstan İsayeva ifadəsində bildirib ki, 2021-ci ildə – Ramiz Mehdiyev Elmlər Akademiyasının prezidenti olarkən institutdakı qanunsuzluqlarla bağlı yoxlama aparılıb. Nəticədə 2 milyon 330 min manatlıq yeyinti aşkar olunub:

Müəyyən olundu ki, həqiqətən də institutda qanun pozuntuları olub. İşləməyən adamlara əməkhaqqı ödənilib, görülməyən işə görə pullar xərclənib. Amma sonra necə oldusa, aşkar olunan qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat göndərilmədi. Maisə Rəhimova işdən çıxarıldı…”.

Gülüstan İsayeva özünün də işdən çıxarılmasını, cinayət məsuliyyətinə cəlb olunmasını isə keçmiş direktor Maisə Rəhimovanın ondan qisas alması kimi qiymətləndirir:

Həmin vaxt Maisə Rəhimova da işdən kənarlaşdırılsa da, onun əlaqələri genişdir. Mənimlə bağlı mübarizəsini davam etdirdi. Yerinə təyin olunan da Maisə Rəhimovaya yaxındır, onun adamıdır…”.

Aprelin 5-də keçiriləcək növbəti məhkəmə iclasında Gülüstan İsayeva sualların qalanını da cavablandıracaq.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitlərdən 92 min 700 manat mənimsəməkdə təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə  ittiham irəli sürülüb.

Onların heç biri özünü təqsirli bilməyib. Onlar bildirib ki, institutdakı korrupsiya haqda Elmlər Akademiyasının rəhbərliyinə, hüquq-mühafizə orqanlarına şikayət məktubu göndəriblər. Lakin korrupsiyanın qarşısını almaqdansa, özlərini  cəzalandırıblar.

Ana səhifəSosialAMEA-nın keçmiş əməkdaşı: “Direktor xaricdə yaşayan qohumlarına mükafatlar yazırdı…”