Almaniyadan qayıtdıqdan sonra həbs olunan mühacirə qarşı narkotik ittihamı

Foto: Meydan Tv

Anar Əliyevin həyat yoldaşının da ölkədən çıxışına qadağa qoyulub

Almaniyada oturum izni olan daha bir azərbaycanlı fəal Bakıya gələndən az sonra həbs olunub. İyulun 25-də saxlanılan Anar Əliyevə qarşı narkotik ittihamı irəli sürülüb. İddia olunur ki, Anar Əliyevin cibindən külli miqdarda narkotik tapılıb.

Həyat yoldaşı Anarə Əliyeva isə narkotik ittihamının yalan olduğunu, onun şərləndiyini deyir. Onun sözlərinə görə, həyat yoldaşı iyulun 25-də evdə olanda səhər saatlarında polis əməkdaşı gəlib, Nizami rayonu, 23-cü polis bölməsinin rəisinin onu görmək istədiyini deyib:

“Elə o gedən oldu. Deyirlər, narkotik şalvarın cibindən çıxıb. Yalandır, gedəndə o şalvarı ona özüm vermişəm, cibində heç nə olmayıb”.

Anarə Əliyeva bildirib ki, həm özü, həm də həyat yoldaşı Almaniyada işlədiklərinə və peşə təhsili aldıqlarına görə oturum iznləri var. Onun sözlərinə görə, Anar Əliyev Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq, Almaniyada keçirilən aksiyalarda iştirak edirdi: “Onun “qara siyahıya” düşməsinin – həbsinin səbəbi də budur”.

Həyat yoldaşı vurğulayıb ki, Anar Əliyev saxlandıqdan sonra təzyiqlərə məruz qalıb, ailəsi ilə təhdid olunub:

“Bu səbəbdən ona aid olmayan narkotiki boynuna götürmək məcburiyyətində qalıb. Deyiblər ki, imzalamasan, ailəni gətirəcəyik. Onun da başqa çarəsi olmayıb”.

Anarə Əliyevanın özünün də ölkədən çıxışına qadağa qoyulub. O, avqustun 4-də Almaniyaya qayıtmaq istəyəndə hava limanında bunu bilib:

“Biz iyulun 8-də gəlmişdik, avqustun 4-də qayıtmalıydıq, əvvəldən biletimiz vardı. Atası xəstə idi, onu görməyə gəlmişdi…”.

Anar Əliyevə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Anar Əliyevin siyasi fəaliyyətinə – Almaniyadakı etiraz aksiyalarında iştirakına görə şərlənib həbs olunması haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev onun konkret cinayətə görə həbs olunduğunu vurğulayıb.

Son bir ildə Almaniyadan deportasiya edilən və ya özü könüllü gələn azərbaycanlılardan 7 nəfər həbs edilib. Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin heç biri bu ittihamı qəbul etmir, narkotiki ciblərinə polislərin ataraq onları şərlədiklərini bildirir. Həbs olunmalarını isə Almaniyada Azərbaycan hökumətinin insan haqlarını pozmasıyla əlaqədar keçirilən etiraz aksiyalarında iştirak etmələrilə əlaqələndirirlər.

Ana səhifəSiyasətAlmaniyadan qayıtdıqdan sonra həbs olunan mühacirə qarşı narkotik ittihamı