“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı

Mənbə: Facebook

Dini inanclıların yaxınları onlardan xəbər ala bilmədiklərini deyirlər

Sumqayıtda divara “Allahı söyənlərə cəza!” şüarı yazdığı deyilən üç nəfərdən ikincisinə də 10 sutka həbs cəzası verilib. Söhbət Müsəlman Birliyi Hərəkatının üzvü Vüqar Əliyevdən gedir. İyunun 20-də Sumqayıt Şəhər Məhkəməsində onun haqqında inzibati həbs qərarı çıxarılıb.

Bir gün əvvəl – iyunun 19-da elə həmin məhkəmədə hərəkatın başqa bir üzvü Yasin Əhmədova da 10 sutka inzibati həbs cəzası kəsilmişdi.

Divara şüar yazdığı deyilənlərdən üçüncüsü – Nicat Əliyevin məhkəməsi isə hələ keçirilməyib. Onun yaxınları Meydan TV-yə bildirib ki, Nicat Əliyevin məhkəməsinin iyunun 20-də günün ikinci yarısında keçiriləcəyi haqda məlumat alıblar:

“Əvvəl demişdilər ki, səhər saat 10-.00-da olacaq, biz də getmişdik. Sonra dedilər ki, günortadan sonraya qalıb”.

Nicat Əliyevin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onu yaşadığı Masazır qəsəbəsindən iyunun 18-də polislər aparıb. Hara və niyə aparılması haqda ailəsinə heç bir məlumat verilməyib:

“Nicatın atası ağır xəstədir, onu xəstəxanaya aparmışdı. Evə gələndə qapıdan aparıblar. Yaşlı anası iki gün polis idarələrində oğlunu axtarıb”.

Sumqayıt Şəhər Məhkəməs Mənbə: “Trend.az”

Vüqar Əliyevin yaxınları isə bildirib ki, iyunun 18-dən onun yerini müəyyənləşdirməyə çalışsalar da, heç bir xəbər ala bilmirdilər:

“Ayın 20-də bir tanış vasitəsilə öyrəndik ki, bu gün onun haqqında məhkəmə 10 sutkalıq həbs qərarı verib”.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə iyunun 3-dən Qobustan həbsxanasında aclıq aksiyasına başladığını açıqlayıb. O bildirib ki, inanclı şəxslərin polis idarələrində işgəncəyə məruz qalmasına və bu zaman Allahın da təhqir olunmasına etiraz olaraq aclığa başlayır və tələbi bu hərəkətlərə yol verən şəxslərin cəzalandırılmasıdır.

Penitensiar Xidmət Taleh Bağırzadə və ondan sonra aclıq aksiyasına qoşulan həbsdəki başqa inanclılarla bağlı deyilənlərə münasibət bildirməyib.

Daxili İşlər Nazirliyi isə Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncə və təhqirlərə məruz qalması haqda şikayətlərin əsassız olduğunu bəyan edib.

Müsəlman Birliyi Hərəkatının 5 üzvü mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hərəkatın başqa bir fəalı Razi Abbasova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunduğu gün məhkəmənin qarşısında saxlanılıb. Onlardan üçünə polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib, digər iki nəfər isə həmin gün gecə saatlarında buraxılıb. Onlar gün ərzində işgəncələrə məruz qaldıqlarını, şalvarlarının çıxarılaraq, zorlanmaqla hədələndiklərini bildiriblər.

Ana səhifəSiyasət“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı