Ali Məhkəmənin yeni qərarı: Şəxsi həyatın müdafiəsi, yoxsa blogerlərin susdurulması?

Foto: Meydan TV

Azərbaycanda şəxsi və ailə həyatına aid məlumatların hətta doğru olduğu halda yayılması qadağan olunur.

Ali Məhkəmə bununla bağlı “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni qərar qəbul edib.

Qərara görə, artıq şəxslər məlumatın yalan olub-olmamasından asılı olmayaraq, şəxsi həyat hüququnun pozulması əsası ilə məhkəməyə müraciət edə biləcəklər. Onlar mənəvi zərərin əvəzinin ödənilməsini, məlumatın silinməsini, təkzibini və ya yayımın dayandırılmasını tələb etmək hüququna malik olacaqlar.

Əvvəllər isə yalnız yayılan məlumatın yalan olması halında məhkəməyə müraciət etmək mümkün idi, doğru məlumatların razılıq olmadan yayılması isə hüquqi müdafiə yaratmırdı.

Uzun illərdir Azərbaycanda ictimai fəalların, jurnalistlərin, müxalifətçilərin, onların ailə üzvlərinin şəxsi görüntülərinin icazəsiz əldə edilməsi və siyasi məqsədlərlə yayılması adi hal alıb. Hətta hökumətin nəzarəti altında olan televiziya kanallarında həmin kadrlardan istifadə edilərək süjetlər və ya verilişlər hazırlandığının şahidi olmuşuq. 

Halbuki Azərbaycan Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu ehtiva edir. Bu, maddəyə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Üstəlik, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.

Bloger Mehman Hüseynovun Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva haqqında silsilə videolar təqdim etməsindən sonra Ali Məhkəmənin belə bir qərar verməsi isə xeyli suallar yaradıb. İctimaiyyətdə bunun təsadüfi olmadığını düşünənlər var. 

Hüquqi boşluq bağlanır, yoxsa yeni qapı açılır?

Hüquqşünas Fariz Namazlı Meydan TV-yə bildirir ki, Azərbaycanda şəxsi və ailə həyatının toxunulmazlığı Konstitusiya ilə qorunan əsas hüquqlardandır. Amma əvvəlki hüquqi praktika şəxsi məlumatların yayılmasında ciddi boşluqlar yaradıb.

Fariz Namazlı
Foto: Fariz Namazlının şəxsi arxivindən

“Mülki qaydada məhkəməyə müraciət etmək üçün yayılan məlumatın yalan olması əsas şərt kimi qəbul edilirdi. Doğru məlumatlar razılıq olmadan yayılanda isə effektiv müdafiə mexanizmi yox idi”, – deyə o qeyd edir.

Yeni qərarla bu boşluq aradan qaldırılıb və şəxsi həyat hüququ ayrı, müstəqil hüquqi institut kimi tanınıb. Bununla belə, hüquqşünas narahatdır ki, qanun bəzi hallarda insanlara əlavə problemlər yarada bilər, xüsusən də jurnalist və blogerlərin fəaliyyətinin məhdudlaşdırılması riskləri mövcuddur:

“Son zamanlarda sosial şəbəkələrdə hakimiyyət nümayəndələrinin şəxsi və ailə həyatına dair məlumatların yayılması da bu məlumatları yayan şəxslərə qarşı hüquqi çərçivədə məsuliyyət tədbirlərinin görülməsini zəruri edib”

Qanun hamı üçün keçərlidirmi?

Milli Şuranın sədri Cəmil Həsənli isə qərarın qəbul edilməsinin ölkədə azadlıqların məhdudlaşdırılması strategiyasının tərkib hissəsi olduğunu vurğulayır:

Cəmil Həsənli, Foto: Meydan TV
Cəmil Həsənli, Foto: Meydan TV

“Bu qərar əsasən jurnalistlərə, blogerlərə və informasiya yayanlara təsir edəcək. Məqsəd onların fəaliyyətini məhdudlaşdırmaqdır. Bu, vətəndaşlardan daha çox, hakim elitadan təmsil olunanların şəxsi məlumatlarının ictimailəşməsinin qarşısını alan bir qərardır. Azərbaycanın qoşulduğu İnsan Haqları Xartiyası, BMT-nin nizamnaməsi və Avropa Şurasının İnsan Haqları ilə bağlı təməl prinsiplərinə ziddir”.

Cəmil Həsənli əlavə edir ki, hakimiyyət orqanlarının özləri illərdir şəxsi həyat məlumatlarını toplayır, istifadə edir və bu məlumatları ictimaiyyətə yaymaqla hədəf seçdikləri şəxsləri təzyiq altında saxlayırlar:

“Maraqlıdır, bu qərar dövlət, hakimiyyət orqanlarındakılara da şamil olunacaq? Bu da ciddi məsələlərdən biridir, çünki uzun müddətdir ki, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və buna yaxın olan digər orqanlar elə adamların evində gizli video-qurğular yerləşdirir, əldə olunan materillardan şantaj kimi istifadə edirlər. Həmçinin əllərinin altında olan saytlarda, mətbuat orqanlarında ictimailəşdirirlər. Görünür, hakimiyyət bu qanundan jurnalistləri, blogerləri və ümumiyyətlə, informasiya sahəsində fəaliyyət göstərənləri hədəfləyərək onların azadlığını məhdudlaşdırmaq üçün istifadə edəcək”.

Ana səhifəSiyasətAli Məhkəmənin yeni qərarı: Şəxsi həyatın müdafiəsi, yoxsa blogerlərin susdurulması?