Martın 13-ü Ali Məhkəmədə AbzasMedia-nın direktoru Ülvi Həsənlinin kasassiya şikayətinə baxılıb.
Məhkəməyə hakim Zaur Hüseynov sədrlik edib.
Ülvi Həsənlinin vəkili Fəxrəddin Mehdiyev məhkəmədə çıxışı zamanı istintaq materiallarında xeyli sayda prosessual pozuntuların olduğunu bildirib.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, AbzasMedia-nın ofisində aparılmış axtarış zamanı iştirak edən bəzi şəxslərin kimliyi protokollarda göstərilməyib.
Onun sözlərinə görə, həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün məhkəməyə vəsatət təqdim olunsa da, bu tələb təmin edilməyib. Vəkil həmçinin ofisdən tapıldığı iddia edilən 40 min avronun ekspertizaya göndərilməsi barədə vəsatətin də rədd edildiyini deyib.
“İstintaq materialları bu kimi çoxsaylı prosessual xətalarla doludur”, – deyə Mehdiyev bildirib.
Vəkil məhkəmədən cinayət işinə bəraətedici əsaslarla xitam verilməsini istəyib.
Məhkəmədə çıxış edən AbzasMedia-nın direktoru Ülvi Həsənli isə bildirib ki, onlar apardıqları korrupsiya araşdırmalarına görə təqib olunurlar.
“Biz İlham Əliyev və onun ətrafının korrupsiya əməllərini, Qarabağda milyonlarla vəsaitin necə mənimsənildiyini, ölkə pullarının offşor şirkətlər vasitəsilə xaricə çıxarıldığını araşdırırdıq. Axırda da gətirib bizi araşdırdığımız cinayətlərdə ittiham etdilər”, – deyə Həsənli qeyd edib.
Onun sözlərinə görə, saxlanıldığı gün Bakı Şəhər Baş Polis İdarəsində ondan məhz Qarabağdakı korrupsiya araşdırmaları barədə suallar verilib.
“Bizi qaçaqmalçılıq və digər maliyyə cinayətlərində ittiham etsələr də, saxlanıldığım gün məndən niyə Qarabağın işğaldan azad olunması barədə yox, oradakı korrupsiya faktlarını araşdırdığımız soruşulmuşdu. Bu, işin mahiyyətini göstərir”, – deyə o bildirib.
Ülvi Həsənli həmçinin qrup halında törədildiyi iddia edilən cinayət işi üzrə məhkəmə prosesində digər təqsirləndirilən şəxslərin iştirak etməməsinə etiraz edib və bunu müdafiə hüququnun pozulması kimi qiymətləndirib.
O da məhkəmədən işə xitam verilməsini istəyib.
Məhkəmə qeyri müəyyən vaxta təxirə salınıb.
“AbzasMedia işi” üzrə hazırda 7 nəfər həbsdədir. 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.