“Al-Jazeera” telekanalının iki jurnalisti Qəzzada öldürülüb

Jurnalistlərin dəfn mərasimindən. Foto: Anadolu via Reuters Connect

İsmayıl Haniyənin evinin yaxınlığından reportaj hazırlayan jurnalistlərin avtomobili vurulub

Qətərdə fəaliyyət göstərən “Al-Jazeera” telekanalının iki jurnalisti Qəzzada həlak olub. “The Guardian” yazır reportyor İsmayıl əl-Ghoul və onun operatoru Rami ər-Rifinin Qəzzanın şimalında Əl-Şati düşərgəsində olan və İsrail tərəfindən öldürüldüyü bildirilən HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyənin evinin yaxınlığından reportaj hazırlayırmış. Onların hər ikisi jurnalist olduqlarını təsdiqləyən press jilet geyinib, “Al-Jazeera” deyir ki, onların avtomobili açıq şəkildə mətbuat vasitəsi kimi qeyd olunub.

Yerdən çəkilmiş görüntülərdə ağ rəngli avtomobilin tamamilə məhv olduğu görünür.

Nyu-Yorkda yerləşən Jurnalistəri Müdafiə Komitəsinin (CPJ) baş direktoru Codi Ginzberq (Jodie Ginsberg) “CBS News”-a bildirib ki, “bu, “Al Jazeera” jurnalistinin avtomobildə olan ikinci qətlidir”.

“Bu, jurnalistlərin qəsdən hədəfə alınıb-alınmaması ilə bağlı həqiqətən də narahatedici suallar doğurur. Nə vaxt ki, müəyyən bir binanın, yaxud konkret avtomobilin hədəfə alındığı, ərazidəki digər avtomobillərin və ya binaların tək qaldığını görsəniz, o zaman bu, həmin yerlərin qəsdən hədəf alındığından şübhələnməyə əsas verir. Təbii ki, jurnalistlər mülki şəxslərdir və heç vaxt hədəfə alınmamalıdırlar”, – CPJ-nin direktoru deyib.

“Al Jazeera” öz jurnalistlərinin öldürülməsini “soyuqqanlı sui-qəsd” adlandırıb.

“CBS News” İsrail Müdafiə Qüvvələrinə xəbər qrupunun maşınının hədəfə alınıb-alınmadığını və əgər belədirsə, nə üçün olduğunu soruşub, lakin məqalə dərc olunan vaxta qədər heç bir cavab almayıb.

CPJ-nin məlumatına görə, iyulun 31-nə kimi Qəzzada 108 fələstinli, iki israilli və üç livanlı jurnalist öldürülüb. Daha onlarla insanın yaralandığı və ya həbs edildiyi bildirilir.

“Jurnalistlər reportajlarına görə ən yüksək qiyməti – həyatlarını ödəyiblər. Mühafizə, avadanlıq, beynəlxalq iştirak, rabitə və ya qida, su olmadan onlar hələ də dünyaya həqiqəti çatdırmaq üçün öz mühüm işlərini görürlər”, – CPJ Proqram Direktoru Karlos Martinez de la Serna bildirib.

İsrail müharibə başlayandan bəri hər hansı beynəlxalq jurnalistin Qəzzaya daxil olmasına nadir hallarda icazə verir. Buna görə də mühasirəyə alınmış anklavdakı münaqişə haqqında reportaj hazırlamaq, döyüşləri və onun yaratdığı humanitar böhranı işıqlandırmaq işi həm də bunları yaşayan yerli jurnalistlərin üzərinə düşür.

“Qəzzadakı jurnalistlər üzləşdikləri fiziki risklər və çətinliklərlə yanaşı, onların həyatlarını və işlərini daha təhlükəli edən çoxsaylı digər hücumlarla üzləşirlər”, – CPJ çoxsaylı həbsləri, kiberhücumları, təhdidləri və senzuranı nəzərə alaraq bildirir.

Ana səhifəXəbərlər“Al-Jazeera” telekanalının iki jurnalisti Qəzzada öldürülüb