Akunin Kinqin Rusiya kitab bazarını boykot etməsinə qarşı çıxdı

B.Akunin. Foto: https://www.eurolitnetwork.com/

Yazıçı: “Dünya göstərməlidir ki, ruslara yox, Putinə qarşıdır”

Rus yazıçısı Boris Akunin (Qriqori Çxartişvili) amerikalı həmkarı Stiven Kinqin Rusiya kitab bazarını boykot etməsinə, ümumiyyətlə, digər mədəni təşəbbüslərə qarşı tətbiq olunan qadağalara qarşı etirazını bildirib.

“Belə addımlar, əksinə, Putin diktaturasını möhkəmləndirir, onun təbliğatına işləyir. Bu da ruslarda bütün dünyanın onlara qarşı çıxması hissini yaradır. Dünya ruslara yox, Putinə qarşıdır”, – yazıçı deyib.

Akuninin fikrincə, dünya Rusiyanın mədəniyyət, incəsənət sahəsinə tətbiq etdiyi sanksiya və qadağaları ləğv etməlidir:

“Diktatorun yerinə iş görmək lazım deyil. Qoy, rus xalqı da görsün ki, onlara qarşı soyğunçuluq edən, kitablardan, seriallardan, musiqidən məhrumiyyət yaşadan Putindir”.

Yazıçı deyir ki, əməkdaşlıq etdiyi Britaniya nəşriyyatı əsərlərinin Rusiyada yayımını məhdudlaşdırmaq niyyətində olduğu qənaətinə gəlib.

Akunin isə bunun əksini düşünür: “Üç yeni kitabım hazırdır. Rusiyada yayımın dayandırılması haqqında düşünmürəm. Ən yaxşısı, gözləyəcəyəm ki, “Roskomnadzor” mənə qadağa qoysun. O vaxta qədər sizinləyəm, əziz rus oxucularım. Bütün bu illər mənimlə olduğunuz üçün təşəkkür edirəm. Aldığınız 32 milyon kitab üçün təşəkkür edirik. Ayrılsaq da, bu, uzun sürməyəcək”.

Amerikalı yazıçı Stiven Kinq martın 5-də Rusiyadan olan naşirlərlə müqavilələri yeniləməkdən imtina etdiyini açıqlayıb.

Rusiya Kitab Palatasının məlumatında bildirilir ki, Stiven Kinq üç ildir nəşr olunan kitabların sayına görə yazıçıların reytinqində birincidir.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.
Maliyyə sanksiyaları ilə yanaşı, mədəni sahədə də boykotlar tətbiq edilib.

Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.
“Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari də Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə ilə bağlı fikirlərini paylaşıb.
O, “The Guardian”dakı köşə yazısında “Putin döyüşdə qalib gələ bilər, amma müharibəni uduzur”, – deyib.

Ana səhifəMədəniyyətAkunin Kinqin Rusiya kitab bazarını boykot etməsinə qarşı çıxdı