Vəkil işgəncə şikayəti ilə bağlı prokurorluğa müraciət edib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı, partiyanın noyabrın 11-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi etiraz aksiyasında tutulan Rövşən Məmmədov işgəncəyə məruz qaldığını deyib. Bu barədə Meydan TV-yə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
Rüfət Səfərov bildirib ki, Rövşən Məmmədovun vəkili noyabrın 16-da inzibati qaydada həbs olunanların saxlandığı məntəqədə onunla görüşüb. O, vəkilinə bildirib ki, istər etiraz aksiyasında saxlanlıb aparılarkən yolda, istərsə də Səbail rayonu, 8-ci polis polməsində fiziki və psixoloji işgəncələrə məruz qalıb. Rövşən Məmmədov bir neçə saat ərzində döyüldüyünü bildirib.
AXCP üzvünün dediyinə görə, məruz qaldığı işgəncələr nəticəsində səhhətində ciddi problemlər yaranıb, hazırda da ağrılardan əziyyət çəkir.
Rövşən Məmmədovun vəkili onun işgəncə şikayətilə əlaqədar prokurorluğa ərizə verib. Eyni zamanda, onun 30 günlük inzibati həbsi haqda qərardan da apelyasiya məhkəməsinə müraciət olunub.
İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə ittiham olunan Rövşən Məmmədovun aksiya zamanı hadisə yerində olan Post-Patrul Xidməti maşınının şüşəsini sındırdığı iddia olunur.
Lakin Rövşən Məmmədov özü də, AXCP də bu ittihamı rədd edir.
“Şahidlər, videogörüntülər var, şüşəni özləri sındırıblar, Rövşən Məmmədovu şərləmək üçün istifadə edirlər. Rövşən Məmmədovu maşına mindirəndə artıq şüşə sınıq olub. Yüzlərlə insanın gözü qarşısında baş vermiş bir hadisə ilə bağlı belə ağ yalan danışmağın adını qoymağa da çətinlik çəkirik”, – AXCP-dən Meydan TV-yə belə deyilib.
Partiya Məmmədovun ailəsinin Salyanda acınacaqlı vəziyyətdə yaşamasına da diqqət çəkib: “Belə bir durumda olan ailənin yeganə çörəkgətirənini şərləyiblər…”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada isə iddia olunur ki, noyabrın 11-də etiraz aksiyası zamanı iştirakçılardan Rövşən Məmmədov sərxoş vəziyyətdə olub. O, polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq polis bölməsinə gətirilib.