AKP hökümətinin “Gülənçi” ovunun coğrafiyası genişlənir

Türkiyə hakimiyyəti din xadimi Fətullah Gülən və onun davamçılarına qarşı başladığı təqibləri başqa ölkələrdə də davam etdirməkdədir.

Source:
Полицейский конвой сопровождает подозреваемых в попытке переворота военных к зданию суда в курортном городе Мармарис, Турция, 17 июля 2016 Фото: REUTERS/Кенан Гурбуз
Полицейский конвой сопровождает подозреваемых в попытке переворота военных к зданию суда в курортном городе Мармарис, Турция, 17 июля 2016 Фото: REUTERS/Кенан Гурбуз


Türkiyə hakimiyyəti din xadimi Fətullah Gülən və onun davamçılarına qarşı başladığı təqibləri başqa ölkələrdə də davam etdirməkdədir. Bu dəfə Moldovada çalışan yeddi türk vətəndaşı ölkədən çıxarılaraq Türkiyəyə göndərilib.

Fətullah Gülənin lideri olduğu FETÖ şəbəkəsi 2016-ci ilin yayında Türkiyədə baş verən çevrilişə cəhddə təqsirli bilindiyindən, bu qurumla hər hansısa əlaqəsi olduğu hesab edilən şəxslər təqib olunur. Yerli və beynəlxalq insan haqları təşkilatlarının hesabatlarına əsasən, son üç ildə 120 minə yaxın insan sözügedən təşkilatla əlaqədə ittiham edilərək saxlanılıb və hazırda cəza evlərində 70 minə yaxın insan var. Xarici ölkələrdə də gülənçi ovuna çıxan Türkiyə hökuməti, təxminən 200-ə yaxın şəxsin ölkəyə gətirilməsinə müvəffəq olub. Bir çox halda bu şəxslərin ekstradisiyası qanuni tələblər gözlənilmədən həyata keçirilib.

Sentyabrın 6-da isə Moldovoda «Horizont» liseyinin müəllimləri olan yeddi türk vətəndaşı saxlanılaraq Türkiyəyə göndərilib. Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, «bir neçə ölkədə qanunsuz fəaliyyət həyata keçirdiyi güman edilən, islam qruplaşması ilə əlaqədə şübhəli bilinən yeddi əcnəbi vətəndaş arzuolunmaz elan edilərək Moldova Respublikasının ərazisindən çıxarılıb». “Zdg” qəzetinin verdiyi məlumata görə, vəkil Natalia Quma Moldovadan çıxarılan müəllimlərin hazırda Türkiyədə olduğunu bildirib. O, həmçinin müəllimlərin digər sənədlərlə ölkədən çıxarıldığını iddia edir.

Задержание в Молдове турецких граждан – сотрудников лицея Горизонт
Задержание турецких граждан сотрудников лицея ”Горизонт”

«Bizim həmkarların Türkiyədəki vəkili liseyin rəhbərliyi ilə əlaqə saxlayaraq müəllimlərin hamısının İstanbul yaxınlığında bir həbsxanadan saxlandığını bildirib. Onların həyat yoldaşları mənə onlarda qalan sənədlərin orijinallarını göstəriblər: pasport, yaşama icazəsi, kiminin sığınacaq üçün təqdim etdiyi ərizə, hətta sığınacaq istəyən şəxsin kimliyini təsdiq edən müvəqqəti sənəd. Bu şəxslər ölkədən başqa sənədlərlə çıxarılıblar», – vəkil Natalia Quma sosial şəbəkədə yazır.

«Ziarul Naţional» yazır ki, Türkiyə hökuməti «Horizont» liseyinin bağlanmasını 2017-ci ildə Moldovadan açıq şəkildə xahiş edib. Bu, həmin il 5-6 may tarixlərində Türkiyənin Baş naziri Binəli Yıldırımın Moldovaya rəsmi səfəri zaman baş verib. Baş nazir bunu liseyin Fətullah Gülənin başçılıq etdiyi terror şəbəkəsinin bir hissəsi olması ilə əsaslandırıb.

Azərbaycanda çalışan beş türkiyəli müəllim də həbs edilərək Türkiyəyə göndərilənlər sırasındadır. Onlardan biri, Ayxan Səfəroğlu bu ilin fevralında Azərbaycan polisi tərəfindən saxlanılıb və məhkəmə tərəfindən sərbəst buraxılsa da, polisin müşayəti ilə zaldan çıxarılaraq Miqrasiya Xidmətinin avtomobili ilə hava limanına, ordan da Türkiyəyə götürülüb. Onun vəkili, Ankara Bürosunun üzvü Ayşə Süeda Ünal Azərbaycandan Səfəroğlu ilə birgə onun digər həmkarı Ərdoğan Taylanın da gətirildiyini deyir. Vəkilin sözlərinə görə, onlara qarşı heç bir ittiham təsdiqini tapmadığı, həbsdə saxlanmalarını zəruri edəcək hansısa dəlil olmadığı halda 8 aydır ki, Ankarada həbsxanada saxlanılırlar. Ünal hər iki müəllimə və ümumilikdə FETÖ şəbəkəsi ilə əlaqəyə görə həbsə atılan minlərlə şəxsə qarşı irəli sürülən ittihamları hüquqdan kənar, siyasi basqının gətirdiyi mühakimələr adlandırır:

“Bu ittihamların heç bir hüquqi təməli yoxdur və işlərdə də hansısa dəlil təqdim edilmir. Dövlətin vaxtıilə fəaliyyətinə izin verdiyi hansısa bankda hesablarının olması və ya daha öncə Gülən hərəkatına mənsub evlərdə və yurdlarda qalmaları, yaxud bu hərəkata aid məktəblərdə çalışmaları, uşaqlarını bu məktəblərdə oxutmaları suç dəlili sayılır. Halbuki, burada hansısa qanunsuzluq yoxdur. Bu günə qədər nə çevrilişin həyata keçirilməsinə yönəlik, nə də silahlı terror təşkilatına dair bir dəlil ortaya qoya biliblər”.

Türkiyəli müəllimlərin həbs edilərək ekstradisiya olunduğu ölkələrin coğrafiyası kifayət qədər genişdir, Pakistandan tutmuş Kosovaya qədər. Bu ilin 12 iyul tarixində isə Türkiyə vətəndaşı olan jurnalist Yusif İnan Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Türkiyəyə ekstradisiya edilib. “Hromadske” saytının əməkdaşları Ukraynanın bir neçə dövlət qurumu ilə əlaqə yaratsa da, nə Baş Prokurorluq, nə Təhlükəsizlik Xidməti, nə də Ədliyyə Nayirliyi Yusif İnanın həbsi və ekstradisiyası haqda sorğunun olduğunu təsdiqləyib. Eyni ərəfədə Ukraynadan daha bir türk vətəndaşı, iş adamı Sahil Zəki İgit də Odessada saxlanılaraq Türkiyəyə göndərilib.

Юсиф Инан Фото: Агентство Анадолу
Юсиф Инан Фото: Агентство Анадолу

Gürcüstanda isə Türkiyə hökumətinin gülənçi ovu bir qədər uğursuz olub. Bu ölkədə Fətulla Gülənlə əlaqələndirilən bir universitet və səkkiz məktəb var idi. Tbilisi və Batumidə qapadılan bu məktəblərdən birinin direktoru olmuş Mustafa Əmrə Çabuk da 2017-ci ilin mayında terrorizmə yardımda ittiham edilərək saxlanılsa da, Türkiyə hökuməti onun ekstradisiyasına hələ də nail ola bilməyib. Gürcüstan ictimaiyyətinin təzyiqləri nəticəsində türkiyəli müəllimi zaminə buraxmaq və dövlət müdafiəsini nəzərdə tutan xüsusi proqrama daxil etmək mümkün olub. Bu proqram Çabukun ailəsinin yaşadığı ünvanı gizli saxlamağa imkan verir. Gürcüstanın hüquq-müdafiə təşkilatları isə Mustafa Əmrə Çabukun Türkiyəyə ekstradisiya və orada işgəncələrlə qarşılaşa bilmə riskini nəzərə alaraq, ona siyasi sığınacaq verilməsi üçün hökumətə müraciət ünvanlayıb.

Vəkil Ayşə Süeda Ünal bugünədək Türkiyədə sözügedən olaylarla bağlı saxlanılan 120 minə yaxın şəxsin təxminən 50 faizinin işgəncələrə məruz qaldığını bildirir:

“Bu ittihamlar başladığında xüsusi ilə əsgərlərə, polislərə, hakim və prokurorlara qarşı çox ciddi işgəncələr verildi. Xeyli insan işgəncədən öldü və iki il keçməsinə rəğmən hələ də yaraları sağalmayan, şikəst qalan, səhhətlərində problemləri olanlar var. Hətta bəzi şəxslərin ailə üzvləri də saxlanıldı, igəncələr verildi, cinsi təcavüz halları oldu. Vəkillər işgəncələr haqda bilgilər versə də, bunu diqqətə almırlar. Saxlananlar arasında xeyli qadın və uşaq var. Hazırda mindən çox uşaq anaları ilə birgə cəza evindədir”.

Vəkilin sözlərinə görə, həbsxanalarda saxlanma şəraiti də çox açınacaqlıdır; 10 nəfərlik otaqlarda 30-40 nəfər saxlanılır, məişət şərait və qidalanma çox zəifdir, məhbuslar müalicə oluna bilmir və onlara yaxınları ilə nəinki görüşə və telefon əlaqəsinə belə icazə verilmir. Vəkillərə qarşı da təzyiqlərin olduğunu vurğulayan Ünal həmçinin bildirir ki, sözügedən basqılar nəticəsində Türkiyə cəmiyyətinə ciddi qorxu hissi hakim kəsilib və hətta ölkə xaricində yaşayanlar da ekstradisiya qorxusu ilə susmağa məcburdur.

Ərdoğan hökumətinin son iki ildə öz siyasi oponentlərinə qarşı apardığı repressiyaların nəticəsi olaraq ölkədə 45 qəzet, 16 televiziya, 15 jurnal, 23 radiostansiya, 29 nəşriyyat şirkəti və 3 xəbər agentliyi qapadılıb. “Human Rights Watch” bildirir ki, həmçinin 1035 özəl məktəb və tələbə yataqxanası, 35 tibb müəssisəsi, 1229 fond və assosiasiya, 15 özəl universitet, 15 birlik bağlanıb. “Freedom House” təşkilatının son hesabatında isə Türkiyə hakimiyyətinin fövqəladə səlahiyyətlərinə və terrorizm haqda qanuna söykənərək hökumət və ictimai qurumlarda çalışan 110 mindən çox insanı işdən çıxarıldığı və 60 mindən çox insanın həbs olunduğunu qeyd edilir. “Freedom House” təşkilatının xüsusi araşdırmalar üzrə direktoru Nate Schenkkan Kosova və Moldovadan türk vətəndaşlarının ekstradisiya edilməsi ilə bağlı Avropa siyasilərindən güclü reaksiyalar gəlsə də, Ukrayna və Azərbaycanla bağlı olaylarda etirazların az olduğunu qeyd edir:

“Kosova ilə bağlı ABŞ hökuməti də münasibət bildirdi. Amma ümumilikdə Qərb dövlətləri Türkiyənin öz vətəndaşlarının xarici ölkələrdə ələ keçirilməsi məqsədi ilə apardığı xarici siyasətə təsir etmək üçün güclü və proaktiv tədbirlər görməyiblər. Hazırda ABŞ öz vətəndaşı Andrew Brunson Türkiyədə saxlanması ilə bağlı bəzi sanksiyalar tətbiq edib. Lakin mən hesab edirəm ki, sanksiyalara fokuslanmaq əvəzinə Türkiyə hökumətinin insanları təqib etməsinin qarşısını almaq üçün informasiya təbliğatı, təhlükəsizlik və əks-kəşfiyyat kimi proaktiv tədbirlərə diqqət yetirmək daha doğru olardı”.

Nate Schenkkan həmçinin vurğulayır ki, təqiblərdən qaçmaq üçün sığınacaq istəyən hər hansı bir şəxs heç bir məhkəmə araşdırması olmadan işgəncəyə məruz qala biləcəyi ölkəyə göndərilməməlidir.

Siyasi analitik Azər Qasımlının sözlərinə görə, Türkiyə hökuməti öz vətəndaşlarına qarşı xaricdə də apardığı təqib siyasətini Azərbaycan kimi demokratiyanın tam möhkəmlənmədiyi və ya demokratiyanın olmadığı ölkələrdə daha uğurlu həyata keçirə bilir:

“Azərbaycan iqtidarı ilə Ərdoğanın xüsusi münasibəti var. Bu münasibət bir tərəfdən həm etnik baxımdan yaxınlığımızdan, digər tərəfdən də hər iki iqtidarın avtokratik meyillərindən irəli gəlir. Hər iki iqtidar bir-birinin maraqlarını təmin etməyə çalışır. Bu işdə də hər ikisi üçün insan haqları kimi qırmızı xətti yoxdur. Ukrayna, Gürctan və Maldova kimi ölkələrdə də vəziyyət eynidir. Hər üç ölkədə demokratik sistem hələ tam oturuşmayıb”.

Azərbaycan hökuməti gülənçilər adı ilə yerli siyasətçilərə və içtimai fəallara qarşı da təqiblərə başlamışdı. Türkiyədəki çevriliş cəhdindən az sonra, Azərbaycanda da bəzi şəxslər işdən uzaqlaşdırıldı. 2016-cı ilin avqustunda isə AXCP sədrinin müavini, müxalifyönlü “Azadlıq”qəzetinin maliyyə müdiri Faiq Əmirli və partiyanın Gənclər Komitəsinin sədr müavini Fuad Əhmədli Gülən hərəkatı ilə əlaqədə ittiham edilərək həbs olundu. Sonuncu hələ də həbsdədir.

Ana səhifəAnalitikaAKP hökümətinin “Gülənçi” ovunun coğrafiyası genişlənir